25 Aprel 2024

DİN fermerlərə müraciət etdi

Daxili işlər Nazirliyi (DİN) biçini başa çatmış sahələrin yandırılması faktı ilə bağlı fermerlərə müraciət edib.

DİN-in Mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, respublikanın bir sıra rayonlarında fermerlərin biçini başa çatmış sahələri yandırması müşahidə olunur.

Qeyd olunub ki, kənd təsərrüfat təyinatlı əkin sahələrinin biçindən sonra şumlamaq əvəzinə yandırılması həmin ərazilərdə bir sıra neqativ fəsadların yaranmasına səbəb olur. Bununla bağlı polis əməkdaşları tərəfindən respublikamızın bütün ərazilərində bu kimi halların aradan qaldırılması və fermerlərlə profilaktik, təbliğat-maarifləndirmə tədbirləri həyata keçirilir.

Bildirilib ki, bu istiqamətində Goranboyda 7, Bərdədə 3, Göyçayda 2, Saatlıda 2, Şamaxıda 2, Beyləqanda 1, Şabranda 1, Qubada 1, Abşeron 1 fakt üzrə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq məsuliyyət tədbirləri görülüb:

“Qeyd olunanları nəzərə alaraq fermerlərdən xahiş olunur ki, biçini başa çatan sahələrin yandırılmasından çəkinsinlər, qaydalara uyğun olaraq əkin sahələrinin biçindən sonra şumlanmasına üstünlük versinlər”, – deyə məlumatda qeyd edilib.