27 İyul 2024

“Deutsche Welle”: “Moskvanın Cənubi Qafqazdakı dövranı başa çatdı, Ankaranın zamanı gəldi”

Azərbaycan müxalifəti iqtidarı vurmaq üçün Ordumuzun Ermənistan-Azərbaycan savaşında əldə etdiyi möhtəşəm zəfərin əhəmiyyətini kiçiltməyə, hətta heçə endirməyə cəhd edir və bu, ictimai rəydə ciddi etirazla qarşılaşır. Buna baxmayaraq təkidlə bu xətti tutub gedirlər.

Məqsədli şəkildə Rusiya sülhməramlılarının Azərbaycana dəvət olunması vətənə xəyanət kimi təbliğ olunur. Putinin əlində oyuncaq olan “Milyarderlər İttifaqı”nın ərsəyə gətirdiyi Milli Şura tərəfindən Əbülfəz Elçibəyin Rusiya qoşunlarının Azərbaycandan çıxarılması faktı qabardılır.

Təbii ki, işğal altında olan 20 faiz ərazinin 27 ildir erməni-rus ittifaqının nəzarətində olması faktının üstündən keçirlər. O məqam da bilərəkdən gözardı edilir ki, Rusiya sülhməramlıları yalnız Dağlıq Qarabağın müəyyən ərazilərində hərəkət edə bilər. Yəni mandatı həmin ərazi ilə məhdudlaşıb. Ancaq bizim müxalifət hesab edir ki, Qarabağda 5 il müddətində fəaliyyət göstərəcək Rusiya sülhməramlılarındansa erməni terrorçuların at oynatması daha yaxşı idi.

Niyə müxalifət təkidlə belə bir xətt yeridir? Müxalifət başa düşür ki, İlham Əliyev müharibədə, sadəcə, erməni separatizmini məğlub etmədi, həm də iqtidarına müxalifətdə olan qrupu birdəfəlik sıradan çıxardı. Siyasi səhnədən silinmək istəməyən qüvvələr ona görə də dövlətin və millətin erməni faşizmi üzərindəki möhtəşəm qələbəsini inkar etməyə girişiblər. Nə qədər absurd olsa da onlar ordunu tərifləyir, ordunu qələbəyə aparan Ali Baş komandanı isə ittiham edirlər.

11_15191264670.jpg (80 KB)

Ancaq o da faktdır ki, Qəbələ Radiolokasiya Stansiyasında (RLS) çalışan 2-3 minlik hərbi personal və onların ailələrinin çıxarılması məhz İlham Əliyevin zamanında-2012-ci ildə baş verib. Yəni, Rusiya hərbçiləri ilə bağlı Əbülfəz bəyin başladığı işi İlham Əliyev 2012-ci ildə yekunlaşdırıb. Məhz o vaxtdan Azərbaycan ərazisində Rusiya hərbçisi yox idi. Bildiyiniz kimi, Azərbaycan prezidenti bunu artıq bir dəfə edib. Ən azı elə buna görə də İlham Əliyevin 5 il sonra Rusiya sülhməramlılarını Azərbaycandan çıxara biləcəyi şübhə doğurmamalıdır.

O da bəllidir ki, Azərbaycan prezidenti balans yaratmaq üçün Türkiyə sülhməramlılarının da Azərbaycana gəlişinə nail olub. Bu isə Cənubi Qafqazda qüvvələr nisbətini ciddi şəkildə dəyişdi. Qərbə məxsus bir çox beyin mərkəzi Türkiyənin Azərbaycana rəsmən daxil olmasını Rusiyanın biabırçı məğlubiyyəti kimi dəyərləndirirlər. Təbii ki, radikal müxalifət də bundan xəbərdardır. Ancaq onlar ortadakı reallığı tam fərqli şəkildə millətə sırımağa girişiblər. Müsbət nəticəyə ümid edirlər. Ancaq nahaq yerə. Çünki bu müharibənin nəticəsi o oldu ki, 30 ilə qədər erməni qarşısında acınacaqlı vəziyyətdə qalan məğlub bir millət 44 günlük inadkar savaşdan sonra qalib millətə çevrildi. Bu elə bir həqiqətdir ki, bunu bütün dünya, o cümlədən Azərbaycanın düşmənləri də etiraf edirlər.

1600085772_herbi-danisiqlar.jpg (28 KB)

Türkiyənin Azərbaycana gəlişi nə deməkdir?

Sitata diqqət edək: “Rusiya maraqlarına ən dağıdıcı zərbə Cənubi Qafqazda oldu, bu da Türkiyənin dəstəyini alan Azərbaycana Kremlin müttəfiqi olan Ermənistana altı həftəlik müharibədə qalib gəlməyə imkan verdi. Çətinliklə də olsa Putin müharibə bölgəsinə Rusiyanın sülhməramlı missiyasını yerləşdirməyə imkan verən bir sülh müqaviləsi bağlaya bildi. Bu jest Rusiyaya sifətini qurtarmasına imkan verərsə də, Moskva bir əsrdən bəri heç bir problem olmadan idarə etdiyi bölgədə rəqib bir gücün olması faktı ilə barışmaq məcburiyyətində qaldığını gizlədə bilmədi. Türkiyənin Azərbaycan-Ermənistan müharibəsində iştirakı postsovet tarixində Cənubi Qafqazda güc balansını dəyişdirən dönüş nöqtəsi oldu və Rusiyanın keçmiş SSRİ-nin sərhədləri daxilində hərbi şərtləri diktə edə bilməsi ilə bağlı illüziyaların iflasa uğratdı. Azərbaycandakı hadisələrə görə Rusiya şok keçirdi. ”…Əsası 1961-ci ildə qoyulmuş “The Atlantic Council” ABŞ-ın Beyin Mərkəzlərindən biridir.

Mərkəzin analitiki Peter Dickinson belə yazır. Bu Beyin Mərkəzinin nə qədər nüfuzlu olduğunu vurğulamaq üçün, sadəcə, bir faktı deyim. 2014-cü ildə “The New York Times” yazmışdı ki, dünyanın 25 hökuməti, o cümlədən Norveç Krallığı 2008-ci ildə “The Atlantic Council”a maddi dəstək verib. Bu isə onu deməyə əsas verir ki, bu beyin mərkəzi təkcə Amerika üçün yox, bütövlükdə Qərb üçün xüsusi önəm daşıyır.

“Moskvanın Cənubi Qafqazdakı dövranı başa çatdı. Ankaranın zamanı gəldi. Türkiyə Qarabağ uğrunda müharibədə qələbə çaldı, lakin Kreml özünü elə göstərməyə çalışır ki, Rusiyanın postsovet məkanındakı mövqeləri əvvəlki kimi sarsılmaz olaraq qalır”. Almaniyanın ən nüfuzlu nəşri “Deutsche Welle”nin (DW) təhlilçisi Konstantin Eggert belə deyir.

Almaniya nəşri yazır ki, son 20 ildə ilk dəfədir ki, cənab Putin ifadələri seçərkən belə ehtiyatlı görünür. Uzun sürən müzakirələrdən sonra Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingentini və Türkiyənin isə “müşahidə missiyası” adlandırılan hərbi birləşmələri Dağlıq Qarabağ ətrafında yerləşdiriləcək. Rəsmi Moskva türklərin barışıq funksiyası yerinə yetirməyəcəyini durmadan təkrarlayır. Putin də bundan danışır.

Ancaq kimin nə deməsindən asılı olmayaraq, NATO ölkələrindən birinin hərbçiləri indi keçmiş SSRİ ərazisindədir. Türklər Rusiya üçün strateji cəhətdən həssas bir bölgədə rəsmi olaraq hərbi-siyasi fəaliyyət göstərirlər. Postsovet məkanında Rusiyanın “imtiyazlı maraqlar zonası” sayılan və Putin rejiminin neo-imperiya konsepsiyasına daxil etdiyi bir ərazidə rəsmi Moskvanın son dərəcə qorxduğu bir hadisə baş verdi. Almaniya nəşri belə yazır.

moskovskiy_kreml_7.jpg (152 KB)

Rusiyanın özündə də bu prosesə ciddi şəkildə qarşı çıxanlar var. Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin müavini Konstantin Zatulinin açıqlamasına diqqət edin: “Bu parad (Bakıda keçirilən qələbə paradı) təhqirdir, yalnız Ermənistanı və erməni xalqını deyil, onunla müttəfiq olan Rusiyanı da alçaltmaq cəhdidir”.

Bakıda keçirilən paradla bağlı “en.topcor.ru” saytının yazdıqları diqqətə layiqdir: “Bu gün Bakı və Ankara birlikdə Ermənistan üzərində qələbəni qeyd edirlər. O da təsadüfi görünmür ki, eyni gündə “Rosselxoznadzor”dan Azərbaycan, türk, eləcə də özbək və erməni pomidorlarına, alma və digər kənd təsərrüfatı məhsullarının idxalına dair məhdudiyyətlər qüvvəyə mindi. Bir çox insan təbii olaraq özündən soruşur, doğrudanmı Kreml yeganə müttəfiqinin hərbi məğlubiyyətinə və NATO-nun Türkiyənin simasında Cənubi Qafqaza gəlişinə verə biləcəyi cavab yalnız bundan ibarətdir?”

Sayt açıq şəkildə vurğulayır ki, Bakı ilə Ankaranın strateji müttəfiqliyi Cənubi Qafqazda Rusiyanın vəziyyətini xeyli mürəkkəbləşdirib.

Xatırladaq ki, Azərbaycan Rusiyanın pomidora olan tələbatının 30 faizin ödəyirdi. Qərb mətbuatı isə bu olayı istehza ilə “pomidor müharibəsi” kimi xarakterizə edir və xatırladır ki, 2015-ci ildə Türkiyə tərəfindən Suriya ilə sərhəd zonasında Rusiyanın Su-25 qırıcı təyyarəsi vurulduqdan sonra Rusiya Türkiyəyə qarşı cavab addımlarından biri kimi bu ölkədən pomidor ixracına qadağa qoymuşdu. Yəni, pomidor idxalına qadağa Rusiya siyasətində təzyiq vasitələrindən biri kimi diqqət çəkir.

Rusiyalı ekspert Vladimir Yevseyev istisna etmir ki, Rusiya bu yolla Azərbaycanın xarici siyasətində nədənsə narazı olduğuna işarə edib: “Misal üçün, Moskva Azərbaycanın Türkiyə ilə həddən çox yaxınlaşmasından və regionda qüvvələr balansının dəyişə bilməsindən narahat ola bilər”, o, BBC News-a deyib.

Rusiyanın istefada olan polkovniki Aleksandır Ivanovic Zilinin “armenianweekly” saytına verdiyi müsahibədə mövzumuzla bağlı maraqlı məqamlar var. Hərbi ekspert deyir: “Azərbaycan ən azı iki il ərzində bu müharibəyə hazırlaşıb. Azərbaycan Ordusunun məşqlərini Türkiyə və ABŞ mütəxəssisləri həyata keçirib. Bu hərbi əməliyyatın, sadəcə, Qarabağa görə keçirildiyini düşünmürəm. Bu işdə Qarabağ məsələsi ikinci yerdə gedir. Bu, Qafqaz uğrunda Türkiyənin Rusiyaya qarşı başladığı müharibədir”.

Sentyabrın 26-da, yəni Azərbaycanın Qarabağda başladığı anti-terror əməliyyatından cəmi bir gün əvvəl “ВЗГЛЯД” qəzetində “Россия показала Турции, кто является хозяином на Кавказе” (Rusiya Türkiyəyə göstərdi ki, Qafqazın sahibi kimdir) başlıqlı yazı getmişdi. Məqalədə deyilirdi ki, Rusiyanın təşkilatçılığı ilə keçirilən “Qafqaz 2020” hərbi təlimlərində Ermənistan və İran hərbçiləri də qatılmışdı. Bu dövlətlərin üçü də Türkiyə ilə Azərbaycanın yaxınlaşmasına qarşı çıxırlar. 80 min hərbçinin qatıldığı bu təlim Türkiyənin Azərbaycanda keçirdiyi hərbi təlimlərə cavab idi. Həmin təlimlər zamanı erməni-azərbaycan münaqişəsi ciddi şəkildə gərginləşmişdi. “Qafqaz 2020” təlimləri ilə Rusiyanın hədəfi o idi ki, Türkiyə və Azərbaycana göstərsin ki, Qafqazın əsl sahibi (yəni, Rusiya) kimdir.

Amma Rusiyanın Türkiyə və Azərbaycana barmaq silkələməsi heç bir effekt vermədi. 44 günlük müharibədən sonra isə Cənubi Qafqazda qüvvələr nisbəti ciddi şəkildə dəyişdi. Bu dəyişikliyi “Deutsche Welle”dən daha dəqiq ifadə etmək mümkün deyil: ” “Moskvanın Cənubi Qafqazdakı dövranı başa çatdı. Ankaranın zamanı gəldi”.

Heç şübhəsiz ki, Cənubi Qafqazda Türkiyəni önə çıxmasını Azərbaycan prezidenti təmin edib. Təbii ki, Azərbaycanın radikal müxalifəti bu kimi həqiqətləri dilinin ucuna belə gətirmək istəmir. Nə yaxşı ki, Azərbaycan insanı Rusiya və Türkiyə mediası ilə yanaşı Qərb mediasını da izləyə bilir. Fakt budur ki, çiyin-çiyinə dayanan Türkiyə və Azərbaycan Rusiya və Ermənistan Birliyini Cənubi Qafqazdakı nüfuz dairəsini ciddi şəkildə daraltdı. Və bu daralma prosesi bundan sonra da davam edəcək.

Əminliklə deyə bilərik ki, İlham Əliyev, sadəcə, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmədi, həm də obrazlı şəkildə desək, Cənubi Qafqazı Rusiyadan alıb, Türkiyəyə bağışladı.

800.jpeg (47 KB)

Ümumiyyətlə, Rusiya itirə-itirə gedir. Prezident seçkisindən sonra Belarus və Moldovada baş verənlər Putini çıxılmaz vəziyyətdə qoyub. Ukrayna Rusiyadan qaynaqlanan separatizmlə barışmaq fikrində deyil. Ərazi bütövlüyü ciddi xəsarət almış Gürcüstan Rusiyanın əleyhdarları sırasında öndə gedir. Hətta Qırğızıstanda baş vermiş iqtidar dəyişikliyi də Rusiyaya əlavə problem yaradıb. Orada da Moskvaya bağlı rejim iflasa uğradı. Bütövlükdə isə Orta Asiya ölkələri Çinə meyllənir. Gələn aydan isə Rusiyanın qatı düşmənlərindən olan Co Bayden Amerikanın prezidenti kimi fəaliyyətə başlayacaq. Bir sözlə, Ermənistanın müttəfiqi olan Rusiyanın vəziyyəti pisdir və getdikcə də pisləşəcək. Bu isə həm də Ermənistanın yaman günə qalacağı anlamına gəlir. Azərbaycanın müttəfiqi Türkiyə isə yüksəlişdədir. Müvafiq olaraq bu, Azərbaycanın yüksəlişi deməkdir…

Elbəyi Həsənli, Sürix