27 İyul 2024

Deputatdan Almaniya ilə bağlı ilginc çağırış: “Mercedes” və “BMW”ləri…

Tahir Rzayevin mövqeyinə fərqli reaksiyalar

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Almaniyadan Azərbaycana maşın idxalının dayandırılması, xüsusilə “Mercedes”, “BMW” markalı avtomobillərin satışının qadağan edilməsi barədə təkliflərlə bağlı verdiyi açıqlama müzakirə yaradıb. 

Tahir Rzayev: “Süni qiymət artımı yaradanlara ictimai nəzarətin olması çox  vacibdir”

Tahir Rzayev

Deputat Pravda.az-a açıqlamasında “deputatın da öz avtomobili son model “Mercedes”dir…” deyənlərə belə cavab verib: “Bizim maşınlarımız dövlətin xidməti maşınlarıdır. Sözsüz ki, dövlət tərəfindən ayrılıb, təhkim olunub. Ancaq çox təəssüf ki, bu sualları verənlər, düşünürəm, öz şəxsi mənafelərini daha üstün tuturlar. Axı dövlətin də mənafeyi var. Çoxsaylı insanlar “Mercedes” sürürlər, xidməti maşınlar da, şəxsi maşınlar da var. Belə suallar bilavasitə qıcıq doğurur. Həm də uyğun olmayan suallardır. Deyirlər ki, “Almaniyanın mövqeyi belədirsə, onda deputatlar da şəxsi maşınlarından imtina etsinlər…” Ölkəmizə qarşı təxribat törədilir, şantaj, böhtan xarakterli məlumatlar yayılır. Bunun üçün müəyyən arqumentlər qarşıya qoyaraq deyirik ki, həmin ölkələrlə əlaqələri korlaya bilərik, istəyirik, əməkdaşlıq normalar əsasında qurulsun, bir-birimizin dövlət quruluşuna, suverenliyinə hörmətlə yanaşaq, Azərbaycan haqqında əsassız fikirlər yürütməyin… Ancaq təəssüf ki, bəzi adamlar bunu o dəqiqə siyasiləşdirir, məsələni öz prizmalarından qiymətləndirirlər. Ya da şəxsi mənafeyə çevirirlər. Bu, düzgün hal deyil. Nə deyim, vallah. Hərənin öz düşüncəsi var. Dövlətimizə qarşı yönəldilən hər bir mənfi cəhdin, çirkin mövqenin qarşısı alınmalıdır. Bunu hər bir Azərbaycan vətəndaşı da bilməli, öz mövqeyini ortaya qoymalıdır”.

Qeyd etmək yerinə düşər ki, Almaniya Azərbaycanın Avropada mühüm siyasi-iqtisadi tərəfdaşlarından biri sayılır. Hətta 2022-ci il fevralın 20-də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi də qeyd olunub. Eyni zamanda Azərbaycanla Almaniya arasında iqtisadi əlaqələr kifayət qədər inkişaf edib. Ticarət dövriyyəsi genişlənib, qarşılıqlı ixrac artıb. 2022-ci ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsinin həcmi 1 milyard 255 milyon ABŞ dolları olub və Almaniya Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələr sırasında 8-ci yeri tutub. Həmin il Azərbaycandan Almaniyaya ixrac olunan məhsulların dəyəri 591,3 milyon ABŞ dolları olub. Azərbaycanda qeydiyyatdan keçmiş 239 alman şirkəti var və hazırda onlardan 166-sının fəaliyyəti aktivdir. Bu şirkətlər sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, tikinti, bank, sığorta, ticarət və xidmət sahəsində fəaliyyət göstərirlər.

Almaniya şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərirlər və bununla bağlı müraciət ediblər. İki ölkə arasında enerji sahəsində də əməkdaşlıq inkişaf etməkdədir. SOCAR və Almaniyanın “Uniper” şirkəti 2013-cü ildə uzunmüddətli qaz tədarükü haqqında müqavilə imzalayıblar. 

Azərbaycandakı alman şirkətləri bərpaolunan enerjinin inkişafı layihələrinə də maraq göstərirlər. Almaniyanın “Berlin Wind” şirkəti tərəfindən Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-lıq “Yeni Yaşma” Külək Elektrik Parkında yenidənqurma işləri aparılıb və 2018-ci il oktyabrın 11-də parkın açılışı olub. Ölkələrimiz arasında səhiyyə sahəsində də əməkdaşlıq genişlənir. 2008-2016-cı illərdə tibbin prioritet sahələri üzrə 300-ə yaxın azərbaycanlı tibb mütəxəssisi Almaniyada təkmilləşmə kurslarına göndərilib. 

İlqar Məmmədov - YouTube

İlqar Məmmədov

REAL Partiyasının sədri İlqar Məmmədov deputatın fikirləri ilə razılaşmadığını bildirib. O, Almaniya ilə bağlı qadağaların tətbiqinin ölkəmizə zərər verəcəyini deyib: “Rzayev yoldaşın şəxsən özünün məsul olduğu kənd təsərrüfatı üçün hər dörd traktordan birini Almaniyadan alırıq. 2022-ci ilin 9 ayında ölkəyə Almaniyadan 773 traktor gətirilmişdisə, 2023-cü ilin eyni dövründə bu rəqəm 1146 oldu. Üstəgəl, Almaniyanın AŞ PA-dakı 18 deputatından cəmi 4 nəfəri Azərbaycanın əleyhinə səs verib. Buna görə fermerlərimizə əziyyət və əlavə xərc yaşatmalıyıq? Hətta çoxluq səs versəydi belə, bu təklif kökündən yanlışdır. İqtisadi rəqabət həm mümkün qədər sərbəst olmalı, həm də Azərbaycanın öz iqtisadi miqyasını nəzərə almalıdır. Bu miqyas nəzərə alınmasa, məhdudlaşdırıcı addım ən çox zərəri elə öz vətəndaşımıza vuracaq. Minlərlə alman traktorunun qiyməti və keyfiyyəti indiyədək fermerimizə sərf edib ki, onları alıblar. Yersiz bir rəyə görə kəndli və fermerimiz öyrəşdiyi qiymət və keyfiyyəti atıb bazarda fərqli mal axtarışına çıxmalıdır? Bu daha da baha başa gələr, nəticədə meyvə-tərəvəz və taxıl bahalaşacaq. Bazarda onsuz da ucuzluq deyil”.

Eyyub Kərimli: Azərbaycandan Avropaya yaşıl enerji ixracı ilə bağlı vacib  layihələr reallaşdırılacaq - AZƏRTAC

 Eyyub Kərimli

İqtisadçı Eyyub Kərimli “Yeni Müsavat”a mövzu ilə bağlı bildirib ki, iqtisadi tərəfdaşlarla münasibətlərin məhdudlaşdırılması iqtisadiyyata mənfi  təsir göstərir: “Çünki Almaniya inkişaf etmiş ölkədir, Avropanın aparıcı dövlətidir. Avropa ilə bizim iqtisadi əməkdaşlığımızın yüksək səviyyədədir, ticarət dövriyyəmiz yüksək səviyyədədir. Almaniyanın Avropa İttifaqında aparıcı nüfuzu var. Bu baxımdan, hesab edirəm ki, Avropa ilə iqtisadi əlaqələri kəsmək iqtisadi münasibətlərə mənfi təsir göstərə bilər. Bu həm Almaniya, həm də Azərbaycan üçün də müsbət bir hal deyil. Çünki ötən ildən Avropa bazarlarına bizim kənd təsərrüfatı məhsullarımızla bağlı böyük saziş bağlanıb. Bu gün Avropa neft-qaz üzrə bizim həm də tərəfdaşımızdır. Bu gün biz Almaniyadan həm avtomobil və digər texnologiyalar idxal edirik. Həm də Almaniya bizdən kənd təsərrüfatı malları ixrac edir. Almaniya ölkəmizdə böyük investisiyalara malikdir. Bizim sahibkarlar da Almaniyada müəyyən fəaliyyətlər həyata keçirir. Bu amillər iqtisadi əlaqələrə, münasibətlərə mənfi təsir göstərə bilər. O baxımdan qarşılıqlı münasibətlər diplomatik yolla həllini tapmalıdır”.  

Qarabağın dağlıq hissəsi terror yuvasına çevrilməkdədir" - ZAUR MƏMMƏDOV

 Zaur Məmmədov

Politoloq Zaur Məmmədov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Bu, sadəcə, Tahir Rzayevin fikridir. Azərbaycan Avropa Şurası Parlament Assembleyasında kimlərin bizə qarşı daha fəal iştirak etdiyini çox yaxşı anladı. Eyni zamanda təşkilatçıların kim olduğunu başa düşdü. Almaniya, Fransadakı bir qrup siyasətçi bəzi məsələlərin sifarişini yerinə yetirirlər. Düşünürəm ki, Fransada Makron hakimiyyətdən gedəndən  sonra, Almaniyada da bəzi dəyişikliklərdən sonra Azərbaycanla həmin ölkələr arasında, ümumilikdə Azərbaycanla Qərbin arasında ayrı-ayrı təşkilatlar arasındakı münasibətlərdə nizamlanma olacaq. Azərbaycanın düşmənləri də bundan sevinməsinlər. Elə düşünməsinlər ki, hazırkı vəziyyət mütəmadi davam edəcək. Bu, müəyyən müddətli olacaq. Müəyyən müddətdən sonra AŞ PA-da  da başa düşəcəklər ki, Azərbaycanın qapısını döymək lazımdır. Şvabe kimilərinə isə diqqət yetirmək lazım deyil. Şvabelərə görə kəskin addımların atılması gözlənilmir. Azərbaycan Qərblə münasibətlərdə, həmişəki kimi, diplomatiya və balanslı siyasətə üstünlük verəcək”. 

Afaq MİRAYİQ, 
“Yeni Müsavat”