27 İyul 2024

Demokratik inkişaf yolu seçmiş ölkəmizə qarşı atılan qərəzli addımlar

AŞPA-ya üzv olduğu 2001-ci ildən bəri öz ərazimizdə və Ermənistanda bir milyona yaxın Azərbaycanlının fundamental hüquqlarının kobud şəkildə pozulması, minlərlə günahsız insanın milli mənsubiyyətinə görə ermənilər tərəfindən qətlə yetirilməsi və işğal olunmuş torpaqlarımızın etnik təmizləməyə məruz qalması ilə bağlı nümayəndə heyətimizin müzakirələr aparması və müvafiq qərarlar qəbul olunmasına təkid etməsinə baxmayaraq AŞPA bu məsələlərlə məşğul olmadığını və Ermənistan–Azərbaycan münaqişəsinin yalnız ATƏT çərçivəsində müzakirə oluna biləcəyini israr edirdi. Bu təbii ki 2020-ci ilə qədər belə idi. Ona qədər AŞPA-nın daha mühüm işləri vardı. Elə ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək erməni faşist rejimini ağır məğluniyyətə uğratdı və separatçı dəstləri məhv elədi, onda AŞPA-nın yadına ermənilərin hüquqları düşdü.

Məlum olduğu kimi, AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməkdən imtina edib və buna görə heç bir əsası olmayan iddialar təqdim olunub. Həqiqəti əks etdirməyən iddialara görə, Azərbaycan AŞPA qarşısında götürdüyü öhdəliklərini yerinə yetirmir, təşkilatla əməkdaşlıq xəttinə sadiq deyil. Buna səbəb olaraq da bildirirlər ki, 2023-cü il aprelin 23-də Azərbaycan Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini tələb edib. Habelə bura səfər etmək istədiklərini bildirsələr də müsbət cavab ala bilməyiblər. Əslində isə Azərbaycan dövləti həm Vətən müharibəsində, həm də ötən ilin 19-20 sentyabr tarixlərində keçirdiyi lokal antiterror tədbirləri sayəsində ərazi bütövlüyünü, suverenliyini təmin etdiyi halda AŞPA Azərbaycanın Qarabağdakı lokal antiterror tədbirlərini pisləyən qətnamə qəbul etdi, sənəddə Qarabağın erməni əhalisinin guya məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı iddia edildi, həmçinin qətnamədə onların Azərbaycan hakimiyyətinin “ermənifobiya siyasəti” səbəbindən öz vətənini tərk etdiyi barədə sərsəm fikirlər də yer aldı və bununla da AŞPA Azərbaycan həqiqətlərini təkzib etməyə çalışdı. Həqiqəti əks etdirməyən bu cür sənədlərin qəbulu AŞPA-nın timsalında bəzi beynəlxalq təşkilatların siyasi məsələlərə selektiv yanaşmasının və işğalçı dövləti dəstəkləməsinin əyani sübutudur. Məsələnin əsli isə hər kəsə məlumdur. Bu qərəzli qərarla bağlı Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti bəyanatla çıxış edib. Bəyanatda da açıq şəkildə AŞPA-nın ilk növbədə öz prinsiplərinə zidd olan, biabrçı bir addım atdığı ifadə olunur.

Demokratik inkişaf yolu seçmiş Azərbaycana qarşı atılan qərəzli addımların və irəli sürülən ittihamların heç bir əsası yoxdur. Eyni zamanda, nümayəndə heyətimiz vurğulayıb ki, Azərbaycan torpaqlarını Ermənistan 30 il ərzində işğal altında saxlayarkən biz bu məsələləri hər zaman gündəmə gətirmiş, işğalçı dövlətlə münasibətdən təzyiq metodlarını işə salınmasını tələb etmişdik. Ancaq o zaman bizə cavab verilirdi ki, AŞPA bu kimi məsələlər üçün münasib platforma deyil. Bu məsələlərlə ATƏT məşğuldur. İndi isə əsl simalarını ortaya qoyurlar. Bu təşkilat çərçivəsində Azərbaycana qarşı təzyiqlər işə salınır, nümayəndə heyətimizin etimadnaməsini təsdiqləmirlər. Bütün bunlar birbaşa ikili standartların, “erməniçiliyin” təbliğatının və milli-etnik zəmində təkəbbürün ifadəsidir. Azərbaycan güclü dövlətdir və siyasi iradə nümayiş etdirir və heç kim Azərbaycanla təhdid dilində danışa bilməz.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi