15 İyun 2024

Cənubi Qafqazın ən böyük siyasi partiyası

Cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixdə keçirilən VII qurultayından üç il keçir. Arxada qalan hər bir il keçilən yolun təhlilini və qarşıda dayanan vəzifələrin müəyyənləşdirilməsini bir zərurət kimi qarşıya qoyur. Partiyanın keçdiyi şərəfli yol belə bir əminliyi söyləməyə əsas verir ki, zamanın tələbi, xalqın istəyi ilə yaradılan partiya atdığı addımları ilə ona olan etimadı doğruldub, daim irəliyə doğru addımlayan Azərbaycanın inkişafına, tərəqqisinə davamlı töhfələri ilə diqqətdədir. Yeni Azərbaycan Partiyasının yarandığı dövrə nəzər salaq.  O vaxt gənc Azərbaycan çətin günlər yaşayırdı. Müstəqilliyimizin bərpasının birinci ili çox ağır keçmişdi. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər, ölkənin gələcəyini düşünən insanlar nicat yolunu Ulu Öndər Heydər Əliyevin simasında gördü və məhz buna görə Ulu Öndərə müraciət ünvanladılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər.

Yeni Azərbaycan Partiyasının VII qurultayında “Yeni Azərbaycan Partiyasının yaradılması zərurət idi. O vaxt, yenə də deyirəm, cəsarətli, qorxmaz insanlar açıq-aydın görürdülər ki, təzə-təzə müstəqilliyə qovuşmuş gənc ölkəmiz böyük fəlakətlə üz-üzədir və artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter almışdır” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, “91-lər”in fəaliyyətini yüksək qiymətləndirir: “Bu gün də onların bir çoxu bizim sıramızdadır. Bundan sonra da onlar fəal işlərlə məşğul olacaqlar, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında fəaliyyət göstərəcəklər və ictimai həyatda fəaliyyət göstərəcəklər. Onları Azərbaycan xalqı unutmamalıdır. Mən Prezident kimi hər zaman onların fəaliyyətini yüksək qiymətləndirirəm. Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular. Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı.”

Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Ümummilli Liderin adını daşıyan partiya yarandığı gündən ümumxalq partiyası kimi tanındı. Partiyada müxtəlif kateqoriyadan olan insanların təmsil olunması onun xalqın partiyası kimi təqdimatında əhəmiyyətli rol oynayır.

Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra Azərbaycan yenidən quruldu. Ölkəmizdə sabitlik yarandı. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrilməklə iqtisadi inkişafın təmin olunmasına yol açdı. Ümummilli Lider bildirirdi ki, sabitlik olmadan hansısa sosial-iqtisadi layihələri həyata keçirmək qeyri-mümkündür.  1994-cü il sentyabrın 20-də Ulu Öndər Heydər Əliyevin böyük səyləri nəticəsində “Əsrin müqaviləsi” imzalandı. Ümummilli Liderin müəllifi olduğu neft strategiyası dövlətimizin müstəqilliyinin qarantına çevrilməklə yanaşı, ölkəmizin dünya iqtisadi məkanına inteqrasiyasını, xalqımızın rifahının artması üçün çox önəmli xarici sərmayələrin cəlb olunmasını təmin etdi. İqtisadi və siyasi müstəqilliyimiz təmin edildi. Bir sözlə, 1993-2003-cü illər tariximizə sabitlik, inkişaf dövrü kimi yazıldı.

Azərbaycanın hər bir uğurunda öz payı olan Yeni Azərbaycan Partiyasının Proqramında əksini tapan bütün müddəalar reallığa çevrildi. Belə ki, dövlət müstəqilliyimiz möhkəmləndi, demokratik, hüquqi, dünyəvi dövlət quruldu, vətəndaşların dinc və firavan həyatı təmin olundu. Bu addımların əsasında partiyanın dəyişməz olan prinsipləri- dövlətçilik, azərbaycançılıq, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri dayanır.

Son 20 ildən artıq dövrdə Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək tariximizə Zəfər səhifəsini yazdı. Şanlı Zəfərimiz həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının qarşısında yeni imkanlar açır. Dövlət başçısı İlham Əliyevin partiyanın VII qurultayında qeyd etdiyi kimi, hər dövrün öz tələbləri var. 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq: “Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq. Mən demişəm, indi Qarabağın bərpası ilə bağlı bizim əsas rəqibimiz zamandır. Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanlarımız artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın.”

Partiyanın VII qurultayından ötən üç illik dövrə qısa nəzər saldıqda qalib Azərbaycanın, həmçinin Yeni Azərbaycan Partiyasının daha möhtəşəm uğurlara imza atdığını görürük. Bu illər ərzində Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. İşğaldan azad edilmiş bütün ərazilərimizdə Azərbaycan Bayrağı ucaldılıb. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xocalıya, Xankəndiyə səfərləri, bu torpaqlarda qısa zamanda görülən işlər son üç ilin mühüm reallıqları sırasındadır. Suverenliyimizin tam bərpa olunması ilə ölkəmizin həyatında yeni dövr başladı. Bu dövrün başlanğıcı isə 7 fevral növbədənkənar prezident seçkiləri oldu. Seçkilərdə Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsi növbəti uğurlarımızın əsasıdır. Bu qələbə xalqın Prezident İlham Əliyevə inamının, etimadının, görülən işlərə verdiyi dəyərin, eyni zamanda, Yeni Azərbaycan Partiyasının nüfuzunun, sözlə əməl birliyinin təqdimatı oldu. 7 fevral prezident seçkiləri Yeni Azərbaycan Partiyasının qələbələr partiyası imicinə yeni əlavələr etdi.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri