24 İyul 2024

“Cənnətə məktub” Nurlan Şakiroğlu yazır… – FOTO + VİDEO

Bəşər övladı dünyaya gəlir, ayaq tutub yeriyir, dil açır və özünün cəmiyyətdəki mövqeyini  bildiyi andan var olmağını ilk öncə Ulu tanrıya, daha sonra isə valideynlərinə borclu olduğunu dərk edir. Bəs valideynlər arasında insanlar fərq qoyurlarmı? Ana ya ata daha çox sevilir? İstənilən şüurlu kütlə arasında sorğu aparsaq yəqin ki, birmənalı olaraq bu statistikada anaların ön plana keçməsinin şahidi olarıq. Bugünədək analar haqqında kifayət qədər mahnılar, şeirlər, bayatılar yazılıb, hətta dinimizdə – müqəddəs kitabımız olan “Qurani-Kərim”də də analara böyük dəyər verilib, Peyğəmbərimizin “Cənnət anaların ayaqları altındadır” kəlamı, anaların bizimçün nə qədər dəyərli və müqəddəs varlıqlar olduğunu bir daha təcəssüm etdirir.

Şəxsən mənim də analara həddindən artıq böyük hörmətim və ehtiramım var, lakin bugün mən bizim var olmağımıza borclu olduğumuz digər bir varlıq atalar və ya əsl ataların şəxsində öz doğma atam, mənim dilimlə desək PAPAM haqqında ataların övladları üçün kim olduğunu xarakterizə edəcəm.

Bəli, analar evin hərarəti, uşaqlarının qoruyucu mələyidir, bəs atalar? Atalar da evin dirəyi, fəxr, qürur mənbəyidir. Düzdür bir çox hallarda atalar analar qədər övladlarına sevgilərini bəxş edə bilməsələr də, uşaqlarının qayğısız, xoşbəxt böyümələri və onlara gözəl gələcək təmin etmək üçün necə deyərlər dəridən-qabıqdan çıxır, özlərini oda-közə vururlar.

Yəqin ki, bir çoxunuz müşahidə etmisiniz övladlar ta uşaqlıqdan öz yaşıdları arasında atalarının digər atalardan daha güclü olduğunu sanır, onları özlərinin idealı seçir, əksər hallarda atalarına bənzəmək istəyir, hətta bəzi qız övladları gələcək həyat yoldaşlarının da atalarına bənzəməsini istəyirlər.

Mən özümü dərk etdiyim andan atamı gözəl ailə başçısı, alicənab insan, uşaqla uşaq, böyüklə böyük kimi rəftar etməsinin, cəmiyyət arasında kifayət qədər böyük nüfuza sahib olmasının, hətta cavan yaşlarında nəslinin ağsaqqalı olması kimi ali keyfiyyətlərinin şahidi olmuşam. Xarakterinə gəldikdə isə o, təmkinli, səbrli, kifayət qədər zəhmli olmağı ilə yanaşı bir o qədər də zarafatcıl və gülərüz insan idi. Bəs mənə bir uşaq kimi diqqət və qayğı göstəribmi? Gəlin ilk öncə diqqət və qayğının özünün nə olduğunu xırdalayaq. Bir çoxları uşaqlara diqqət və qayğını əsasən onları hər dəqiqə qucağına alıb öpmək, xoş sözlər demək kimi davranışlarla xarakterizə edirlər. Bəri başdan qeyd edim ki, bu kimi hallar məndə heç vaxt olmayıb. Nə papam tərəfindən qucağa alınıb öpülmüşəm, nə də ki, xoş sözlər eşitmişəm, elə bilməyin ki bunun əvəzində ondan pis sözlər eşitmiş və təhqir olunmuşam əsla. Sual olunur: bəs onda o cür atanı sevmək olarmı? Kimlər ki, ata qayğısını bu cür davranışlarla qiymətləndirirlərsə mən o kəsləri qınayıram. Mənim fikrimcə ata qayğısı övladına səni sevirəm demədən sevgisini, bağrına basmadan o hərarəti hiss etdirmək, səni dünyanın ən xoşbəxti görmək istəyirəm kəlməsini eşitmədən içində duydurmaq və onu dərk etdirməkdir. Çünki zamanı gələndə əsl insan bunların nə demək olduğunu bilir.

Tam səmimi olacam düzünü desəm mən də 18 yaşıma qədər bir çoxunuz kimi düşünürdüm. Məni ətrafımda gördüyüm atalar qədər övladını qucağına almayanda, öpməyəndə, xoş sözlər deməyəndə, bir kəlməsi ilə futboldan uzaqlaşdırıb elmə istiqamətləndirdiyində, bir baxışı ilə “mən səni ali savadlı, elinə-obasına, vətəninə layiqli bir insan kimi görmək istəyirəm” istəyini hiss etdirəndə, zəhmini hiss edib ətrafımdakı uşaqlardan fərqli olaraq siqarət çəkmək istəyindən ömürlük əl çəkdiyimdə, yaşıdlarımla çayçıya gedə bilməyib əvəzində evdə oturub dərs oxuyanda, indidən zəhmətə qatlaş deyərək kəndimizdəki məhləmizdə parnikdə pomidor, xiyar becərəndə “niyə sən axı bu cür insansan”, “başqaları kimi həyat sürməyimə maneə olursan” deyə hər zaman içimdə gileylənərdim.

Bəs mən onun aliliyini nə vaxt dərk etdim?

Nəhayət 11-ci sinfi əla qiymətlərlə bitirib ali məktəbə test imtahanı vermək üçün valideynlərimlə birlikdə kənddən Bakı şəhərinə üz tutduq. Sanki imtana girən mən deyil papam idi. O dərəcədə o insan həyəcanlı idi. İlk dəfə idi ki, mən onu bu cür həyəcanlı görürdüm. İmtahandan sonra mamam kəndə qayıtsa da biz papamla birgə cavablar çıxana qədər Bakı şəhərində qaldıq. Hər gün səhər tezdən bulvara gedər axşamları evə qayıdardıq. Bax əsl həyat dərsini, papamın əsl aliliyini mən həmin günlərdə tam anlamında gördüm və dərk etdim. Onu bugünədək qınamağıma peşman oldum. Sanki yenidən doğulmuşdum, lakin uşaq kimi deyil, 100 il ömür yaşamış ahıl bir qoca kimi. Universitetə qəbul oldum və dostumla birgə kirayə ev tutub yaşamağa başladıq. Artıq papam rahat idi çünki oğlu ali məktəbə daxil olmuşdu və rahat bir şəkildə Moskva şəhərinə yola düşəcəkdi. 2003-cü ilin 8 sentyabr tarixi isə papamla son görüşüm oldu. Yenə də bulvarda, Venesiya kafesində. Sanki öləcəyini bilirmiş kimi ailəni mənə tapşırırdı. Dərslərimdə uğurlar dilədi və biz sağollaşdıq. İnanın Moskvaya getdiyi gündən hər an mənimlə telefon əlaqəsi yaradır və dərslərimlə maraqlanırdı. Nəhayət 1-ci semestri əla qiymətlərlə başa vurub doğma kəndimə qayıtdım. Papam çox sevincli idi. 2004-cü ilin fevralın 1-dən 2-nə keçən günü isə mənim həyatıma qara hərflərlə yazıldı. Bir şeyi qeyd edim ki, mən qəlbən sevdiyim insanların başına gələcək pis hadisələri, onların narahatlığını dərhal hiss edir və duyuram. Həmin gün də elə oldu. Təsəvvür edin heç vaxt şikayət etmədiyim baş və diş ağrıları məni gecəni səhərədək yatmağa imkan vermədi. Sən demə həmin saatlarda papam həyatla vidalaşırmış. Səhər açılır və mamamın atası, rəhmətlik Şükür babam papamın ölüm xəbərini mənə verir. Həmin an onunla birgə demək olar ki, ruhən mən də bu dünyanı tərk edirəm.

Onun ölümündən sonra uzun müddət insanlardan, musiqidən uzaq gəzdim, öz qapımızda xeyir iş olmayınca qol qaldırmayacağıma söz verdim və sözümü də tutdum. Belə bir deyim var “zaman hər şeyin dərmanıdır” amma inanın bu deyim mənim üçün tam yaddır. Əksinə hər gün onun ölümü mənə daha çox təsir edir, onun yoxluğunu əvvəlkindən də çox hiss edir, ona daha çox ehtiyac duyuram.

Satılsaydı həyat, ömür, gün,

Qanım bahasına alardım, PAPA.

Olsaydı ömürdən ömürə hədiyyə,

Ömrümdən ömrünə verərdim PAPA!

Bir şeyi xüsusi olaraq vurğulayım ki, bugün papam cismən yanımda olmasa da, ruhən onu hər zaman yanımda hiss etmişəm və qazandığım ən xırda uğurdan, ən böyük uğuradək onun əməyi danılmazdır.

Əgər ünüm yetirsə cənnətdəki papama belə bir məktub ünvanlamaq istəyirəm:

Candan əziz papam, bu gün 17 ildən artıqdır ki, səni itirmişəm. 17 ildən artıqdır ki, sənin qayğılı, mehriban səsini eşitmirəm. Bu sətirləri yazarkən səninçün nə qədər çox darıxdığımı, ürəyimin necə göynədiyini hiss edib kövrəlirəm. Bugün düşünmədən ömrümün qalan hissəsini sənə verməyə hazır olduğumu açıq-açığına bəyan edirəm. Bilmirəm sən düşündüyün, gözlədiyin kimi bir övlad ola bildim ya yox bunu sən daha yaxşı bilirsən. Amma hər addımımda sənin adına layiq, sənin başını uca tutmağa çalışmışam. Sənə qovuşacağım günü isə böyük səbrsizliklə gözləyirəm.

Oxuculara tövsiyəm atalarınızı pafoslu “səni sevirəm” kəlməsini eşitmədiyinizə görə qınamayın, əksinə onunla dost olmağa, onun iç dünyasını kəşf etməyə çalışın. Həyat siz gözlədiyiniz qədər də uzun deyil, atanızın, ananızın, sevdiklərinizin qədrini bilin, çünki zamansız və qəfil ayrılacaqsınız!

Sonda siz oxucuları “Atasız dünya” şeiri və  papama həsr etdiyim şeir videoyazısı ilə baş-başa buraxıram!

Atası olanlar qədrini bilin,
Yaman ağır imiş ATASIZ DÜNYA.
Ona səcdə qılın, ona baş əyin,
Yaman ağır imiş ATASIZ DÜNYA.

Qapıya baxıram, qapımı açmır,
Şəklinə baxıram, dinmir-danışmır,
Könlüm yas saxlayır, könlüm barışmır,
Yaman ağır imiş ATASIZ DÜNYA.

Həyətdən, baxçadan gur səsi getdi,
Hər bir hərarəti nəfəsi getdi,
O köçdü budağın kölgəsi getdi,
Yaman ağır imiş ATASIZ DÜNYA.

Gələn-gedən birdən-birə azaldı,
Başımın üstün duman, çən aldı,
Bütün arzularım yarımçıq qaldı,
Yaman ağır imiş ATASIZ DÜNYA.