27 İyul 2024

Cəmiyyətin gələcəyi gənclərdir

Gənclik böyük və tükənməz bir qüvvədir. Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir. Gəncliyin savadlı, dünyagörüşlü yüksək əxlaqlı, tərbiyəli, vətənpərvər ruhlu olması hər bir dövlət üçün vacibdir. Gənclər cəmiyyətin aparıcı təbəqəsidir. Fiziki və mənəvi cəhətdən sağlam olan , dünyada gedən prosesləri qavrayan, müasir texnologiyalarla işləməyi bacaran, əqidəli, milli-mənəvi dəyərlərə malik gənclər Vətənimizi uğurlu gələcəyə aparmaq üçün böyük qüvvədir. Buna görə də inkişaf və inteqrasiya məhz gənclərlə addımlayır. Dövlətin və cəmiyyətin gələcəyi gənclərdir və gələcəyini düşünən dövlət gənclərin inkişafına qayğı göstərir. Gənclərin inkişafına yardım edən hər bir dövlət  bununla öz xoşbəxt və firavan gələcəyini təmin edir. 

Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Ümummilli lider Heydər Əliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etdi. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib.

Gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla bir addımlayır. Cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir. Bununla da əslində özünün xoşbəxt və firavan gələcəyinin təmin olunması istiqamətində mühüm addımlar atmış olur. Bu məlum həqiqəti Azərbaycanda hamıdan yaxşı anlayan və bunun həyata keçirilməsi üçün lazımı tədbirləri görən yeganə bir insan var idisə o da Heydər Əliyev idi.

Əminliklə demək olar ki, ulu öndər Heydər Əliyevin gəncliyə və gənclərə qayğısı indi yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.
Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır.

Vətən müharibəsində 30 ilə yaxın mənfur və qaniçən düşmən tapdağında olan əzəli ata-baba torpaqlarımızın azad olunması uğrundakı döyüşlərdə Müzəffər Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının rəhbərliyi və komandanlığı altinda əldə olunan tarixi qələbəmiz  bir daha sübut etdi ki, mübariz Azərbaycan gəncliyi Vətənimizi qorumağa və bu yolda can əsirgəməməyə daim hazırdır. Qalib Prezidentimizin qeyd etdiyi kimi, rəşadətli və şanlı Azərbaycan Ordusunun Tarixi Zəfəri gənclərimizin bitib-tükənməz  vətənpərvərliyini , müasir dövrdə  vətənimizə, dövlətimizə və xalqımıza layiq olan gözəl, dəyərli bir nəslin formalaşdığını bütün dünyaya nümayiş etdirdi.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini