10 Oktyabr 2024

“Cavab verməkdən imtina edirəm“ -İlkin Süleymanovun məhkəməsində NƏLƏR BAŞ VERDİ?

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

APA xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda Nərmin Quliyevanın meyitinə baxış keçirən ekspertlərdən biri – Tovuz rayonunun məhkəmə-tibb eksperti Nurlan Abbasov dindirilib.

Şahid ekspert meyitin müayinəsində şəxsən iştirak etdiyini desə də, müdafiə tərəfinin bir sıra suallarına “cavab verə bilmərəm”, “cavab verməkdən imtina edirəm” cavabı verib.

Vəkillər ekspertə meyitin bir sıra hissələrinin kömürləşmiş hala kimi yandığı halda hadisə yerindən tapılan paltarın bir hissəsinin yanmaması ilə bağlı sual veriblər. Nurlan Abbasov deyib ki, paltar yanmadan da bədənin yanması mümkündür.

Dindirmə zamanı o da məlum olub ki, adı çəkilən ekspert İlkin Süleymanov həbs olunduğu ilk günlərdə onun özüylə də bağlı rəy verib. O, 2020-ci il yanvarın 11-də İlkin Süleymanov haqqında rəy verib və onun üzərində heç bir xəsarət olmadığını yazıb.

Lakin İlkin Süleymanovla eyni kamerada saxlanmış şəxslər ifadələrində onun bədənində çoxsaylı xəsarət izlərinin olduğunu bildiriblər.

Ekspert rəydə qeyd edib ki, İlkin Süleymanovu ekspertiza şöbəsində müayinə edib, onun üzərində xəsarətlər aşkarlanmayıb.

O, vəkil Zabil Qəhrəmanovun sualına cavab olaraq İlkin Süleymanovu Polis şöbəsində gördüyünü desə də, digər suallara cavab olaraq Polis şöbəsinə getmədiyini iddia edib.

Təqsirləndirilən İlkin Süleymanov ifadəsində deyib ki, 2020-ci il yanvarın 11-də polis şöbəsində olarkən eksperti onun yanına gətiriblər.

İlkin Süleymanovun “Əgər şəxsin üzərində gözlə görünən xəsarət varsa, amma özü döyülmədiyini deyirsə, siz rəydə onu qeyd edirsinizmi?” sualına ekspert “xəsarət varsa, yazırıq” cavabını verib.

Proses martın 29-da davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.