27 İyul 2024

Bundan sonra da eyni əzmkarlıqla, eyni qətiyyətlə ölkə maraqlarının keşiyində duracağam

Ötən il doğum günündə azad Qarabağdan-azad Şuşadan bu çağırışı edən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı inamla yeni hədəflərə doğru aparır

«Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur.» Dövlət başçısı İlham Əliyevin 2018-ci il prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsindən sonra keçirilən andiçmə mərasimində səsləndirdiyi bu fikirlərdən bizi 4 ildən artıq zaman ayırır. Təkcə 4 ildə Azərbaycanın qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir ki, möhkəm təməlin, düzgün qurulan siyasətin hər bir ölkənin inkişafında başlıca amil olduğunu böyük inamla qeyd edək.

Bu gün qalib Azərbaycanın uğurlarından, qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərdən bəhs edirik. Hər zaman qeyd etdiyimiz kimi, bu uğurlar böyük səylərin, qətiyyətin nəticəsidir. Azərbaycanın bu gününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə necə böyük inkişaf yolu keçdiyini, ən əsası müstəqillik yolunun heç də hamar olmadığını əsaslı şəkildə qeyd edə bilərik. Azərbaycan o illərdə müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə çətin bir məqamda xalq üzünü xilaskarına tutdu. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyət qayıdışından sonra Azərbaycanın həyatında yeni bir mərhələ başlandı. 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf, tərəqqi dövrü kimi yazılıb. Ümummilli Lider Azərbaycanı müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, iqtisadi böhranından, ən əsası parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Heydər Əliyev yeni Azərbaycan qurdu.

2003-cü ildən isə ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycan möhkəm təməl üzərində cənab İlham Əliyevin rəhbərliyi ilə biri-birindən əhəmiyyətli uğurlara imza atır, dünya birliyinin layiqli üzvü kimi yerini və rolunu möhkəmləndirir.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev 1 oktyabr 2003-cü ildə xalqa tarixi müraciətində bildirmişdir: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.»

Cənab İlham Əliyev 2003-cü il oktyabrın 15-də xalqın böyük əksəriyyətinin, seçicilərin 76 faizdən çoxunun səsini qazanaraq Prezident seçildi. Keçirilən andiçmə mərasimində bildirdi ki, Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Son 19 ildə bu siyasətə sadiqlik cənab İlham Əliyevin növbəti prezident seçkilərində qələbəsini təkrarlamasını şərtləndirdi. Belə ki, 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan cənab İlham Əliyev ikinci dəfə Prezident seçildi. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54 faiz səsini, 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə isə seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən dövlət başçısı seçildi.

Dövlət başçısı İlham Əliyev 2003-cü ildə keçirilən prezident seçkilərindən sonra andiçmə mərasimində ümummilli lider Heydər Əliyevə bü müraciəti etdi: “Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik.”

Cənab İlham Əliyevin son 19 ildə atdığı addımların hər biri gələcəyə, dahi şəxsiyyət Heydər Əliyevin görmək istədiyi Azərbaycanın qurulmasına, tanınmasına, ərazi bütövlüyünün təmin edilməsinə yönəlib. Son iki il tarixi Zəfərimizin sevinci fonunda işğaldan azad edilmiş ərazilərimizin bərpasına, yenidən qurulmasına həsr olunub. Görülən işlər bir daha bu reallığı açıqlayır ki, dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizə qədərki dövrdə torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, postmünaqişə dövründə görüləcək işlərə də hazırlıq aparıb. Çünki Azərbaycan dünya hərb tarixində belə bir yeniliyə imza atdı ki, müharibə başa çatan kimi işğaldan azad edilmiş torpaqlarda bərpa-qurculuq işlərinə start verdi. Bütün işləri Azərbaycan öz daxili imkanları hesabına həyata keçirir.

“Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin xalqa tarixi 1 oktyabr 2002-cü il müraciətindən ötən 19 ilin uğurlarına diqqət yetirməklə bu fikri böyük qürur hissi ilə qeyd edə bilərik, xalq seçimində yanılmayıb. Ümummilli Lider Azərbaycanın 2003-cü ildək əldə etdiyi uğurların davamlılığını istədi və inamın növbəti ünvanını göstərdi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev etimadı doğrultduğu, ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü necə xoşbəxt hiss etdiyini 2020-ci ilin 8 noyabr tarixində Şəhidlər xiyabanından xalqa müraciətində belə ifadə etdi: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!” Bu Qələbə möhkəm təmələ əsaslanan siyasətin son 19 ildə uğurla davam etdirilməsinin nəticəsidir.

Hər zaman qeyd etdiyimiz kimi, zaman hadisələrə yüksək dəyər vermək üçün zəngin mənbədir. Eyni zamanda, zamanın hakimliyi, tarixin yaddaşlığı hər bir hadisəni düzgün təhlil etməyə böyük yardımçıdır. Bu baxımdan 19 il zaman baxımından qısa dövr olsa da uğurların miqyasının genişliyinə görə zəngin dövrdür. Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirdi. Prezident kimi ölkəmizə rəhbərlik etdiyi 19 ildə bütün sahələrdə sürətli inkişafa nail oldu, insanların rifah halı daha da yaxşılaşdı. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirildi, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndi və 30 ilin torpaq həsrətinə son qoyularaq ərazi bütövlüyümüz bərpa edildi. Bu gün regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Reallıqlar bir daha təsdiqləyir ki, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən böyük qüvvədir. Məhz bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olundu və gələcək inkişaf üçün zəmin yaradıldı.

Dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın bir amal –azərbaycançılıq ideyası ətrafında birliyi dövlət başçısı İlham Əliyevin siyasətinin mənəvi dayağına çevrildi. 2022-ci ilin mühüm hadisləri sırasında Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşanın dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı bir araya gətirməsi, Zəfər Qurultayına şihidlik etməsi oldu. Soydaşlarımız bu məkandan bir daha birliyimizi, həmrəyliyimizi dünyaya nümayiş etdirdi, postmünaqişə dövrünün qarşıya qoyduğu vəzifələri müzakirə etdilər. 30 ildən sonra azad Qarabağda bir araya gələn dünya azərbaycanlıları böyük qürur hissi ilə qalib Azərbaycanın vətəndaşı olduqlarını bu məkandan dünyaya çatdırdılar.

Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Tarixi Zəfərimizdən bəhs edərkən daim bu fikri bildiririk ki, Azərbaycanın milli kimliyi, qüruru özünə qayıtdı. Azərbaycan xalqı yenilməzliyini, məğrurluğunu bir daha dünyaya sübut etdi. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir müstəqil Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına, tariximizin öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan cənab İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalarası dialoq məkanı kimi tanındı. Azərbaycan Qərblə Şərqin qovuşağında yerləşən ölkə olaraq reallaşdırdığı layihələr, atdığı addımlar, ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlərlə dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirdi. Bu etimadın nəticəsidir ki, 2015-ci ildə ölkəmiz tarixdə ilk dəfə keçirilən ilk Avropa Oyunlarına ev sahibliyi etdi. İctimai-siyasi sabitliyin, iqtisadi inkişafın özünü qabarıq şəkildə büruzə verdiyi Azərbaycanın tolerantlığı belə mühüm tədbirləri həyata keçirməyə geniş imkanlar açır. Azərbaycan Avropa dəyərlərini özündə ehtiva edən, həmçinin müasir dünyaya açıq ölkə olduğunu sübut edir. 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da Azərbaycanın gücünü, onun müsəlman dünyasında oynadığı rolu göstərdi. Azərbaycanın bu addımı həmrəylik, əməkdaşlıq və qarşılıqlı anlaşma ruhunun daha da möhkəmləndirilməsinə yönəldi.

Dövlət başçısı İlham Əliyev ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycana ən yüksək zirvələri fəth etdirir. İmzaların arasında imzasını görməkdən qürur duyduğumuz Azərbaycanın qalibiyyət rəmzi olan üçrəngli bayrağı bu gün işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması ərazi bütövlüyümüzün bərpa olunmasının, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin icrasının təqdimatıdır.

44 gün davam edən və Azərbaycanın Qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsi bir çox məqamlara işıq saldı. Bir daha təsdiqləndi ki, dünya ikili standartlardan yaxa qurtara bilmir, ədalət meyarı zamana və məkana görə tətbiq edilərək, maraqların arxasında əriyir, ölkələr arasında münasibətlərdə «əbədi dost yox, əbədi maraqlar» prinsipi əsas götürülür, ən əsası dəyişən dünyada güc amili öndə dayanır. Azərbaycan bütün hallarda beynəlxalq hüququn norma və prinsiplərini əsas götürdü, 30 ilə yaxın müddətdə Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq üçün istər danışıqlar yolu ilə, istərsə də iqtisadi imkanlara söykənərək ordumuzun maddi-texniki bazasını möhkəmləndirərək lazım gələrsə, hərb meydanında mübarizəyə hazırlığı həyata keçirdi. Dövlət başçısı İlham Əliyev xalqa müraciətlərində daim bu məqama diqqət yönəldirdi ki, dünya dəyişir, münasibətlər dəyişir, beynəlxalq hüquq işləmir, güc amili önə çıxır, “Kim güclüdür o da haqlıdır” prinsipi üstünlük təşkil edir: «Bütün bunları mənim çıxışlarımda görmək olar. Çünki mən beynəlxalq vəziyyəti düzgün təhlil etmişəm. Demək istəmirəm ki, biz də bu yolla gedək. Yox. Bizim yolumuz ədalət yoludur və beynəlxalq hüquq yoludur. Biz beynəlxalq hüququn kənarında bir iş görməmişik. Ancaq demişəm ki, güc amili ön plana çıxır və biz buna hazır olmalıyıq və hazırlıq işləri gedirdi, bütün bu illər ərzində, həm iqtisadi sahədə, həm beynəlxalq münasibətlər sahəsində, ilk növbədə, ordu quruculuğu sahəsində. Bu gücü topladıq, lazım olan anda vurduq, əzdik düşmənin başını. Elə əzdik ki, onu əbədi yadda saxlayacaq, əbədi. O damğanı vurduq. Azərbaycan xalqı müzəffər xalqdır. Azərbaycan Ordusu müzəffər ordudur. Biz döyüş meydanında qələbə qazanmışıq, siyasi müstəvidə qələbə qazanmışıq, torpaqlarımızı işğalçılardan azad etmişik.»

Ümummilli Liderin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilib. 2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olundu. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Azərbaycan Ordusu gücü, qüdrəti sayəsində beynəlxalq hüququn mövcudluğunu bütün aparıcı dövlətlərə, nüfuzlu beynəlxalq təşkilatlara sübut etdi.

Müasir dövrdə qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq münasibətlərin möhkəmlənməsi, ölkələr arasında əlaqələrin genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində ümumi elementlərin artması ilə səciyyələnir. Bu kimi yaxınlaşmalar təbii ki, beynəlxalq hüquq normalarının, eyni zamanda, demokratik dəyərlərin öndə saxlanılmasını bir zərurətə çevirir. Azərbaycan demokratik dəyərlərə sadiqliyi ilə daim nümunə göstərilir. Baxmayaraq ki, dünyanın ikili standartlara əsaslanan siyasətinə uyğun olaraq bəzi beynəlxalq hüquq müdafiə təşkilatları öz hesabatlarında Azərbaycanı «qeyri-azad», Ermənistanı isə «azad» ölkələr sırasında qeyd edir, bu, qərəzli yanaşmadır, reallıqdan tamamilə uzaqdır. Digər tərəfdən isə Azərbaycan öz xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərini əsas götürür, heç bir dövlətin daxili işinə müdaxilə etmir, eyni zamanda, öz daxili işinə müdaxiləni yolverlməz hesab edir. 30 ildə rəsmi Bakı dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bəyan etdi ki. ikili standartlara son qoyulsun. Beynəlxalq hüququn tətbiqi üçün vahib mexanizm müəyyənləşdirilsin. Azərbaycan dövlətinin hər bir çağırışı, bəyanatı müstəqil siyasətinin dünyaya nümayişidir.

Müzəffər Ali Baş Komandan çızışlarında, xalqa müraciətlərində də bu məqamı xüsusi qeyd etmişdi ki, Azərbaycanın döyüş meydanındakı qələbəsi siyasi müstəvidə qələbəsini şərtləndirdi. Baxmayaraq ki, Azərbaycan daim sülh danışıqlarının tərəfdarı olduğunu bəyan edib. Hətta müharibənin davam etdiyi günlərdə də cənab İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Ermənistanın irəli sürdüyümüz şərtləri qəbul etdiyi təqdirdə danışıqlar masası ətrafında oturmağa hazırıq. Ermənistanın baş naziri Nikol Paşinyan münaqişənin diplomatik həllinin mümkün olmadığını bildirsə də, Azərbaycan Ordusunun gücü qarşısında diz çökərək məlum Bəyanatı imzalamağa məcbur edildi.

Son iki ildə təkrar-təkrar bu reallığı qeyd etməkdən qürur hissi keçiririk- Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bundan sonra inkişaf yolunda daha sürətlə gedəcək. Azərbaycan Ordusunun gücü sayəsində işğaldan azad edilmiş torpaqlarımızda, eyni zamanda, 10 noyabr Bəyanatına uyğun olaraq geri qaytarılan Ağdamda, Kəlbəcərdə, Laçında yeni həyat başlayır. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Artıq Ermənistana 30 ildə havadarlıq edən dövlətlər də bu reallığı təsdiqləyir, öz bəyanatlarında Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bildirirlər. Yalan təbliğat, yazılan saxta tarix heç zaman zamanın hakimliyini, tarixin yaddaşını üstələmək iqtidarında deyil.

Azərbaycan tarixi Zəfəri ilə yeni reallıqlara yol açdı. Yeni əməkdaşlıq formatlarının yaradılması günümüzün əsas çağırışları sırasındadır. Bu is öz növbəsində regionumuzda dayanıqlı sülhün və təhlükəsizliyin yaradılmasını, Ermənistanla Azərbaycanın arasında yeni səhifənin açılmasını bir zərurət kimi qarşıya qoyur. Azərbaycan tarəfi müharibə bitən kimi qarşı tərəfə sülh təklifi etdi. Son iki ildə Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirsə də Ermənistan müxtəlif bəhanələrlə bu öhdəliklərindən yayınır. Törədilən təxribatlar, ekoloji terror deyilənlərin təsdiqidir. Lakin dövlətimiz sülh təklifini edərkən bu məqamı xüsusi qeyd etdi ki, bu sənəd uzun müddət masa üzərində qala bilməz. Azərbaycan qalib tərəf kimi reallıqları diktə edir. Ermənistan ona verilən şansdan bəhrələnməklə özünün iqtisadi vəziyyətini yaxşılaşdıra bilər.

Son 19 ildə qazanılan uğurların zirvəsində bu reallıq dayanır- Azərbaycan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində qəhrəmanlıq tariximizin şanlı səhifəsini yazdı. Bu səhifənin yazılmasında Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlardan, ölkəmizin beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyindən bəhs edərkən bu məqamı da xüsusi qeyd etməliyik ki, müstəqil siyasətimizin, ədalətli, beynəlxalq hüquqa əsaslanan mövqeyimizin nəticəsi olaraq dünyanın yeni xarici siyasəti nəinki Azərbaycanda müzakirə olundu, 44 günlük müharibənin gedişində tamamilə dəyişdi. Dünya beynəlxalq hüquq normalarının və prinsiplərinin mövcudluğunu qəbul etməyə məcbur oldu. Azərbaycanın xarici siyasəti açıq və aydın, çoxşaxəli və balanslaşdırılmış siyasətdir.

Postmünaqişə dövrünün reallıqları sırasında Azərbaycanın türk dünyasının birliyinə töhfələrinin artdığını xüsusi qeyd edə bilərik. Dövlət başçısı İlham Əliyev ötən il Türk Dünyasının Ali Ordeninə layiq görüldü. Dünyaya səs salan Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmiləşməsinə şahidlik edən Şuşa Bəyannaməsi növbəti hədəflərin təqdimatı oldu. Bu günlərdə dövlət başçısı İlham Əliyevin Türkmənistana işgüzar səfəri zamanı Azərbaycan-Türkiyə-Türkmənistan Üçtərəfli Zirvə Görüşünün keçirilməsi və yekunda qəbul olunan Bəyanat türk dünyasının birliyinə, həmrəyliyinə verilən töhfə kimi dəyərləndirildi. Bu reallıqlar onu təsdiqləyir ki, Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq təkcə Qarabağın bərpası və inkişafını nəzərdə tutmur. Qələbə bütün regiona sülh və davamlı inkişaf imkanını qazandırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır. Münaqişənin həlli regionun təhlükəsizliyi və investisiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının Lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin dağıtdığı işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Təkcə son bir ildə bu torpaqlarda həyata keçirilən bərpa-quruculuq işlərinin miqyasına, eyni zamanda, dövlət başçısı İlham Əliyevin bu məqsədlə imzaladığı Fərman və sərəncamlara diqqət yetirmək kifayətdir. Bu əlamətdar hadisəni xüsusi qeyd etmək istərdik ki, ötən il Qarabağ, bu il isə Şərqi Zəngəzur hava qapılarını dünyaya açdı. İlk «ağıllı kənd»- Zəngilanın Ağalı kəndi sakinlərinə qovuşdu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan Bayrağını daha uca etməyə hədəflənib. Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsini təşkil edəcək. Zəngəzur dəhlizinin açılması bütün bölgə üçün yeni imkanlar yaradacaq. Yeni nəqliyyat dəhlizi türk dünyasını, Avropanı və bütün qonşu ölkələri birləşdirə biləcək qlobal layihədir.

Təbii ki, 19 ilin uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Azərbaycan beynəlxalq aləmdə innovasiyalar ölkəsi kimi nüfuz qazanıb. Böyük enerji layihələrinin müəllifi və təşəbbüsçüsü kimi çıxış edən Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkün deyil. Azərbaycanın enerji dimlomatiyasının davamlı uğurları qeyri-neft sektorunun inkişafınv daha da sürətləndirir. Artıq bu gün işğaldan azad edilmiş ərazilərimizin malik olduğu iqtisadi potensialda səmərəli istifadəni təmin edən Milli Prioritetlərdən bəhs edirik.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, hər günü Azərbaycanın tarixinə uğur səhifəsi kimi yazan Prezident İlham Əliyevin müsahibələrinin birində «Siz tarixdə necə qalmaq istərdiniz» sualına cavabını bir daha yada salmaq istərdik: «Bilirsiniz, mən əvvəllər heç vaxt, indi isə xüsusən bu barədə düşünməmişəm. Mənim əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir. Mənim rolumun gələcəkdə necə qiymətləndiriləcəyi isə artıq bizim nəyə nail olacağımızdan, Azərbaycan xalqının iradəsindən asılı olaraq müəyyən ediləcək. Ona görə düşünürəm ki, bu məsələni o adamların mülahizəsinə saxlamaq lazımdır ki, onların fikri məndən ötrü bu və ya digər qərarların, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı qərarların qəbul edilməsində həmişə əsas olub.»

Dövlətinə, xalqına bağlılığını atdığı addımları ilə təsdiqləyən, daim irəli baxmağa çağırışlar edən Liderə xalqın sevgisi böyükdür. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan milyonların sevgisini qazanıb. Bu fikir beynəlxalq siyasətçilər, ekspertlər tərəfindən də qeyd edilir ki, Azərbaycanda aparılan siyasətin alternativi yoxdur. Xalq-Prezident birliyi sarsılmazdır. Adını tarixə qalib Sərkərdə kimi qızıl hərflərlə yazan cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə qalib Prezident kimi səfər etməsi, bu məkanlardan dünyaya mesajlarını ünvanlaması hər birimizi qürurlandırır. Cənab İlham Əliyev hər bir vətəndaşının Prezidentidir, hər bir əlamətdar tarixi, sevincli günü xalqı ilə bölüşməkdən qürur hissi keçirir. Buna əmin olmaq üçün dövlət başçısı İlham Əliyevin doğum günlərində qatıldığı tədbirlərə, görüşlərinə diqqət yetirmək kifayətdir. Ötən il doğum günündə Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın məşhur Cıdır düzündən bu fikirləri səsləndirdi: «Bu gün bir şeyə kədərlənirəm ki, atam bu günü görə bilməyib. Ancaq bilirəm ki, onun ruhu şaddır. Necə ki, Vətən həsrəti ilə yaşamış və həyatdan getmiş, azad edilmiş bu torpaqları görməyən minlərlə, on minlərlə məcburi köçkünlərin ruhu şaddır, şəhidlərimizin ruhu şaddır. Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qanını aldıq və əcdadlarımızın ruhunu şad etdik.» Dövlət başçısı, eyni zamanda, bu əminliyi də ifadə etdi: «Sizi əmin etmək istəyirəm ki, bundan sonra da eyni əzmkarlıqla, eyni qətiyyətlə ölkə maraqlarının keşiyində duracağam, sizin dəstəyinizlə biz yeni böyük uğurlara imza atacağıq.»