22 Aprel 2024

Bu gün yaşasaydı sənətkarımızın 64 yaşı olacaqdı

Azərbaycan respublikasının fəxri mədəniyyət işçisi Əmiraslanov Sərdar Əvəz oğlu 1959-cu il 19 dekabrda Bərdə rayonunun Qazıqurdalı kəndində anadan olub. Orta təhsilini Qaradəmirçi kənd orta məktəbində alıb. 1966-1978-ci il orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. Rusiyanın Petropovlosk-Kamçatka əyalətində hərbi xidmətini başa vurub vətənə qayıdır, həmin ili də Bərdə şəhəri Peşə məktəbinə daxil olur. Uşaqlıqdan incəsənətə böyük marağı, istedadı, səsi onu artıq gələcəyin sənətkarı edəcəkdi. Hələ, peşə məktəbində oxuyarkən rayon tədbirlərinə qatılır, konsert proqramlarında çıxış edirdi. Daha sonra Bakı şəhərində 1982-ci ildə keçirilən Respublika musiqi festivalına qatılır və birinci yerin qalibi olaraq yaşadığı Bərdə rayonuna gəlir. Rayonda yavaş-yavaş tanınmağa və toylara getməyə başlıyır. Böyük qardaşı Kazımın o vaxtlar Bərdədə el şənliklərinin tanınmış qarmon ifaçısı Rza ilə dostluğu olduğu üçün sənətkarın qardaşı Rza müəllimdən Sərdarı el şənliklərinə aparıb tanıtmasını xahiş edir. Sənətkar qarmon ifaçısı Rza ilə rayon toylarında və tədbirlərində daha fəal iştirak etməyə başlayır. 1984-cü ildə Tərtər rayonunda mərhum sənətkar Səxavət Məmmədovla bir toya düşür və Sərdar Əmiraslanovun ifası Səxavət Məmmədovda o qədər dərin iz qoyurki, xanəndə öz dəfini Sərdar Əmiraslanova hədiyyə edir. Oxumağında mərhum sənətkarımız Xalq artisti Yaqub Məmmədov, Əbülfət Əliyevin çalarları olan el sənətkarı xalq tərəfindən sevilir və hər zaman el şənliklərinə dəvət olunur. 1982-ci ildən 1992-ci ilə qədər rayon mədəniyyət evində “Sarı Çiçək” ansambılında çalışır, bir çox dövlət tədbirlərinin təşkilatçısı və iştirakçısı olur. Bədii rəhbəri olduğu “Sarı Çiçək” ansambılı ilə Respublikanın bütün nöqtələrində dövlət tədbirlərinə qatılır. Əsgərlər qarşısında N saylı hərbi hissələrdə çıxışlar edərək əsgərlərin asudə vaxtlarının səmərəli təşkilində böyük xidmətləri olur. Hələ müstəqilliyimizin yeni illəri olduğu üçün hərbi sahədə, maddi-texniki bazanın zəif olduğu bir dönəmdə el şənliklərindən, toylardan aldığı məvaciblərlə və həmçinin Bərdə musiqiçilərinin içində təşkilatçılıq edərək ianə toplayır və müntəzəm soyuq bölgələrdə xidmət edən əsgərlərimizə isti qış paltarları alıb aparır. 1992-ci il 1-ci Qarabağ müharibəsi başlayanda üç övladını evdə qoyub könüllü olaraq müharibəyə qatılır. Ən yaxın dostu, mərhum döyüşçü və tarixçi Ələmşah Məmmədovla bir yerdə azadlıq batalyonunu yaradır və mühüm döyüş əməliyyatlarında Bərdə azadlıq batalyonunda olan silahdaşları ilə müharibənin ən qaynar bölgələrində ağır döyüş əməliyyatlarında iştirak edirlər. 1992-ci il Mərquşəvan adlanan yerdə bədəninin müxtəlif nahiyələrindən güllə yarası alaraq yaralanır. Həkimlər qoluna dəyən güllənin sinir damarına toxunduğunu və bir qolunu heçvaxt istifadə edə bilməyəcəyi təhlükəsinin olduğunu desələr də, güllə dərində olduğu üçün gülləni qolundan çıxarmağa zamanın olmadığını, döyüş yoldaşlarının darda olduqlarını həkimlərə deyərək yenidən güllə mərmisi qolunda cəbhəyə qayıdır. Vətənpərvərliyi,milliyətçiliyi sənətkar öz canından da üstün tutur. Döyüş yoldaşı Ələmşah Məmmədovla hətta maşınları güllə-baran edilir, lakin bundan da salamat çıxırlar. Sənətkar müharibədən sonra yenidən artıq cəbhə bölgələrindəki hərbi hissələrə yardımlar etməyə başlayır. Döyüş bitdikdən sonra evinə qayıdan sənətkar bir müddət el şənliklərinə getmir. Döyüş yoldaşlarının yanında şəhadətə ucaldığını, qucağında neçə şəhidin can verdiyini söyləyən sənətkar oxumaqdan utandığını, mənəvi olaraq oxumaqdan həya etdiyini söyləsə də, ağsaqqallar, ziyalılar onun üç körpəsi olduğunu və oxumağın onun sənəti olduğunu, qazanc yeri olduğunu çox təkid etdikdən sonra el şənliklərinə yenidən qaytarılır. Yenidən Bərdə rayonu Mədəniyyət evinin daxilində “Sarı çiçək” ansambılına rəhbərlik edir. 1997-ci ildə Mingəçevir şəhərində toyların birində Yaqub Məmmədovla Sərdar Əmiraslanov eyni toyda iştirak edirlər. Mərhum xalq artisti bayıra çıxır, qəlyanını yandırıb çəkməyə başlayanda içəridən öz oxumağını eşidir, təəccüblü şəkildə öz-özünə “mən burda ola-ola mənim oxumağımın səsyazısını niyə verirlər?” deyib içəriyə daxil olanda səsin Sərdar Əmiraslanova aid olduğunu görür və çox təəcüblənir, həm də çox xoşuna gəlir. Toyun səhərisi -Aztv- nin səhər verilişində bu hadisəni efirdə danışır. Həmin zamanlarda Azərbaycan televiziyasının musiqili verilişlər redaksiyasının rəhbəri Vuqar Əhməd Sərdar Əmiraslanovu tapır və televiziyaya dəvət edir, sənətkar efirlərə çıxmağa başlayır.
Dövlət tədbirlərinə dəvət alır. O cümlədən, qədim təsniflərimizi, xalq mahnılarını lentə almağa qərar verir və dövrümüzdə ifa edilməyən təxmini 1950-ci illərə aid mahnıları səsyazma studiyasında yazmağa qərar verir. Respublikanın əməkdar artisti, ”Xarı bülbül” muğam qrupunun bədii rəhbəri, tanınmış tarzən,pedoqoq Əliağa Sədiyevlə birgə “Xarı bülbül” muğam ansamblının müşaiyyəti ilə “Yağma yağış,” “Aman təklik əlindən,” “Anam yadıma düşdü,” “O körpəmin anasıdır,” “Çınqıl,” “Səni qəmli görəndə” və bir çox mahnılarımızı lentə alır. Dövlət tədbirlərində və Azərbaycan televiziyasında qədim xalq mahnılarımızı məharətlə ifa edir, sevilir. Hətta ABŞ və bir çox xarici diplomatların iştirakı ilə içərişəhərdə keçirilən mədəniyyət günlərində dünyada tanınmış diplomatlar önündə Xalq artistləri – görkəmli tarzən və pedoqoq, həmçinin görkəmli kamança ifaçısı və pedoqoq Elşən və Malik Mansurov qardaşları ilə “Rast” muğamı ifa edir. Bir çox xarici media nümayəndələri bu ifanı və tədbiri xarici mediada işıqlandırırlar. 2005-ci ildə tədbirlərin birində AFFA-nın sabiq prezidenti və neftayırma zavodunun direktoru mərhum Ramiz Mirzəyev Sərdar Əvəzoğlunun ifasını görür və çox bəyənir. Sənətkarı neftayırma zavodunun mədəniyyət klubunda fəalliyyət göstərən Dövlət “Neftçi” ansamblına dəvət edir. Dəvəti qəbul edən sənətkar mərhum tarzən, Respublikanın əməkdar artisti Fikrət Verdiyevin rəhbərlik etdiyi “Neftçi” ansambılı ilə Xəzər adalarında və neftçilərimizin bütün xidtmət apardığı bölgələrdə konsert proqramında iştirak edir. 2006-cı ildə Heydər Əliyev sarayında Xalq artisti, professor, Şöhrət Ordenli xanəndə Arif Babayevin rəhbərliyi altında keçirilən “Zabul muğam dəstgahı” adlı möhtəşəm konsertdə 11 nəfər tanınmış xanəndələr ilə eyni səhnəni bölüşərək iştirak edir. Azərbaycan mediasında böyük rezonans doğuran bu möhtəşəm konsertdən sonra sənətkar daha çox dövlət tədbirlərinə və el şənliklərinə dəvət alaraq ölkənin hüdudlarından kənarda da bu kimi tədbirlərdə iştirak etməyə başlayır. 2016-cı ildə Mədəniyyət nazirliyi tərəfindən Respublikanın “Fəxri mədəniyyət işçisi” adına layiq görülür. Sənətkarın üç övladı var və övladlarından yalnız kiçik oğlu Fərid onun sənətini davam elətdirir. 2015-ci ildə muğam müsabiqəsinin diplomantı adına layiq görülən Fərid həmçinin, media qurumumuz “Aymediacompany.az” saytının mədəniyyət şöbəsinin müdiridir. Fərid də eynilə atasının sənətini davam elətdirir.
Sərdar Əmiraslanov müharibə dönəmindən ağır psixoloji vəziyyətlərdən çıxmış bir döyüşçü kimi müharibənin ağır fəsadlarını canında gəzdirir, ağır şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi. Cəsarətli döyüş yolu keçmiş sənətkar haqqında Müdafiə nazirliyinin hərbi jurnalistləri tərəfindən yazılmış kitablarda dəfələrlə ətraflı məqalələr dərc edilib. Ancaq torpaqlarımızın işğal altında olmasına görə sənətkar nə qaziliyini, nə də veteranlığını heç vaxt qəbul edib almayıb. Son 2021-ci ilin sentyabr ayında başlayan 44 günlük vətən müharibəsi dönəmində ağır insult və infrakt keçirərək ağır xəstə yatağında yatan sənətkar təkidlərə baxmayaraq dəfələrlə bombalanan yaşadığı Bərdə rayonunun Qazıqurdalı kəndindən Bakı şəhərindəki evinə getmək istəmir, bunu xəstə yatağında belə qorxaqlıq kimi qəbul edir. ”Mən heç bir yerə getmirəm, bomba düşəcəksə də qoy düşsün, burda ölüm. İgidlərin atdığı silah səsləri ruhuma xoşbəxtlik bəxş edir”- deyən sənətkar hələ yatağından qalxdığı az bir müddət keçməmiş koronavirusa yoluxur. Həkimlərin müdaxilələrinə baxmayaraq 2021-ci il aprelin 26-sı sənətkar Bakı şəhərində FHN-nin modul tipli xəstəxanasında dünyasını dəyişir. Qəbri Bərdə rayon Lək kənd qəbristanlığında yerləşir. Sənətkarı sevənlər üçün qəbri bir ziyarətdir. Daima adı uca tutulur və qəbri xalq tərəfindən ziyarət olunur. Bu gün yaşasaydı sənətkarımızın 64 yaşı olacaqdı. Sənətkara ALLAHDAN rəhmət diləyirik. İnanırıq ki,Qədirbilən Azərbaycan xalqı daima sənətkarı yad edəcək, gözəl səsi ilə oxuduğu muğamlarımızı daim dinləyəcəklər.

Fərid Əmiraslanov
“AYMEDİACOMPANY.AZ” mədəniyyət şöbəsinin müdiri