Bu gün Şuşada “Xarı bülbül” festivalı BAŞLAYIR
Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarı bülbül” musiqi festivalı başlayır.
Modern.az xəbər verir ki, Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə keçiriləcək festival mayın 12-i və 13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçiriləcək.
Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim ediləcək.
Tədbirə dəvətlilər arasında bir sıra ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, o cümlədən Şuşadan olan tanınmış şəxslər var.
Bununla yanaşı, verilən məlumata görə, dəvət olunan bir sıra mədəniyyət xadimləri səhhəti ilə əlaqədar festivalda iştirak edə bilməyəcək.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etməsi, Vaqif Poeziya günləri və “Xarıbülbül” festivalını bərpa etməsi ölkənin mədəni həyatında əlamətdar hadisələrdən biridir.
Dillərə dastan, əfsanə olan Xarı bülbül gülü Şuşanın rəmzi, təbiətin möcüzəsidir. Xarı bülbül sanki gülün üzərinə qonmuş bülbülü xatırladır. Bülbülün bağrının altındakı gül al-qırmızı rəngə boyanıb. Tarix boyu Qarabağa qonaq gələnlər hər zaman Xarı bülbülü seyrə çıxıb. Qarabağda bu gülün şöhrəti o qədər səs salıb ki, hətta onun şəninə konsertlər verilib, festivalar təşkil edilib. Həmin konsertləri ölkəmizin böyük sənətkarları öz ifaları ilə bəzəyiblər. Çıxışlar arasında Azərbaycanın Xalq artisti Qədir Rüstəmovun ifa etdiyi, Azərbaycan musiqisinin “Qızıl Fond”una daxil olan “Sona bülbüllər” mahnısı xüsisi yer alıb.
Xatırladaq ki, “Xarı bülbül” Beynəlxalq Festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Musiqi festivalı ilk dəfə 1989-cu ilin 21 may tarixində Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub.Həmin festival bir sıra xarici ölkələrinin iştirakı ilə keçirilib və təkcə Azərbaycanda deyil, bütün dünyada ən vacib mədəniyyət tədbirlərindən biri hesab olunurdu.
Festivalın sonralar da keçirilməsi 1992-ci il mayın 8-də Şuşanın Ermənistan tərəfindən işğalı ilə əlaqədar dayanmışdı.
Nəhayət 28 ildən sonra 44 günlük Vətən mühüribəsində zəfər çalan Azərbaycan Ordusu 2020-ci il noyabrın 8-də Şuşanı azad etdi.