11 Oktyabr 2024

Bu gün İlaxır çərşənbədir – Torpaq çərşənbəsi haqda maraqlı adətlər

Bu gün ölkədə İlaxır çərşənbə, Novruz bayramından öncə qeyd edilən çərşənbələrin sonuncusu, Torpaq çərşənbəsidir. El arasındakı inanca görə İlaxır çərşənbədə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır.

Bəs İlaxır çərşənbə ilə bağlı hansı adətlərimiz var?

Adətən İlaxır çərşənbədən başlayaraq bağ-bostan, dirrik yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur.

44cfffbd-6d0e-30fa-b0fc-b6b36d0a0794_850.png (1.21 MB)

İlaxır çərşənbədə böyük tonqal qalanar, yaşından asılı olmayaraq, hər kəs bu tonqalın üstündən yeddi dəfə atlanar, “Ağırlığım odda yansın” deyər.

Tonqal heç vaxt su ilə söndürülməməlidir. Tonqal özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.

ed1eb641-0683-3f7e-a288-da1684932dab_850.jpg (157 KB)

Adətə görə, İlaxır çərşənbə gecəsini hər kəs öz evində qeyd etməlidir, əks halda, Novruzu yeddi il evdən kənarda qarşılayar.

Xalqımız bu çərşənbəni xüsusi təntənə ilə qeyd edir. Bayram süfrələri açılır, şirniyyat bişirilir, məcməyi və ya sinilərdə xonça hazırlanır. Bayram xonçasının ortasına səməni qoyulur, ətrafı isə boyanmış yumurta, qoz, fındıq, badam və şirniyyatlarla bəzədilir.

İlaxır falları

İlaxır çərşənbənin adətlərindən biri də “qulaq falı”dır. Xüsusən də subaylar qonşu evlərin qapısı arxasında gizlənərək ilk eşitdikləri sözə uyğun təzə ildə onları gözləyən hadisələri öncədən bilməyə çalışırlar. Bu səbəbdəndir ki, İlaxır çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.

3beeaf39875b31bd333a2375711b83e3.jpg (126 KB)

Bundan başqa, gənc qızlar müxtəlif bəxt falları da yerinə yetirir. Məsələn, Naxçıvan və Dərələyəz bölgələrində İlaxır çərşənbədə qızlar əllərində güzgü tutarlar. Ayın şəkli güzgüyə düşəndə bu zaman orada oğlan əksi görünsə bu deməkdir ki, qız həmin oğlana ərə gedər. İnanca əsasən güzgü ruhlar aləmi ilə bağlıdır. Ona görə də oğlanın şəklinin güzgüdə görünməsi onun ruhunun görünməsi deməkdir.

Digər fallardan biri “yumurta ilə falabaxma” adətidir. Deyilənə görə, bu fal əsasən Şəki bölgəsində yerinə yetirilir. Təmiz bir arxın kənarına bir yumurta, iki rəngli qələm (qara və qırmızı), yaxud karandaş qoyurlar. Bunu edən qızdırsa, ürəyində arzu tutur ki, görəsən, bəxtinə necə oğlan düşəcək. Başqasıdırsa, hər hansı bir iş üçün niyyət edir. Məsələn, gəlin ərinin səfərdən tez qayıtmasını, ana oğlunun davadan sağ-salamat çıxmasını və s. Səhər gedib arxın kənarına qoyulan yumurtaya baxırlar: yumurtanın tən ortasından qırmızı xətt çəkilibsə, niyyətlərinin baş tutacağına inanarlar. Əksinə, qara xətt çəkilibsə, bu bədliyə işarədir.

İlaxır çərşənbənin məşhur fallarından biri də “üzüksalma” falıdır. Adətən ərgən qızlar bir otağa yığışıb dilək tası qurar, ortalığa dərin bir mis qab qoyar, sonra hərə öz üzüyünü həmin qabın içinə atır, ardınca bayatı oxuyarlar. Bayatı bitən kimi bir oğlan uşağı qabdan bir üzük götürər. İnanca görə, bayatıdan sonra kimin üzüyü qabdan çıxarılsa, onun diləyi həmin bayatıdakı mətləbə yaxın bir axarda yozular.

uzuk.PNG (712 KB)

Oyunlar

İlaxır çərşənbənin əsas adətlərindən biri “qurşaqatdı” adətidir. Buna bəzi yerlərdə qurşaqsallama, şalsallama, baca-baca, yaxud nünnünü də deyilir. Məzmunu axır çərşənbə gecəsi evlərə papaq və ya torpa atıb, pay istəməkdir.

Bununla bağlı Cənubi Azərbaycan bölgələrində maraqlı oyun keçirilir. Novruza on gün qalmış ağacdan təkə müqəvvası düzəldir, onu bəzəyir, boynundan zınqırov asır, qapı-qapı gəzir, pay yığırlar.

papaq2.jpg (51 KB)

Keçirilən oyunlardan biri “yumurta döyüşdürməsi”dir. Bu oyunda yumurtalar bir-birinə vurulur, sınan yumurta məğlub tərəf olur. Bu oyun tarixən çox geniş yayılmış, kütləvi xarakter daşıyır. Keçmişdən bu günə qədər dövlət başçıları da bu oyuna biganə qalmır. Burada döyüşdürülən yumurtalar iki dünyanın – qışla yazın, soyuqla istinin, xaosla kosmosun mübarizəsini nümayiş etdirməkdədir.

Novruz bayramında oynanılan oyunlardan biri “Küşti”, yaxud başqa adla “Qurşaqtutma” oyunudur. Bu, sadəcə, insanların güləş yolu ilə yarışmasıdır. Güləşmə digər el şənliklərində də olur. İki tərəfdən biri qalib, biri məğlub olur.

Oyunlardan biri də “Çömçəbaşı bəzəmə” oyunudur. Bunu Novruzda yeniyetmələr oynayır. Onlar iki dəstəyə bölünür və hər dəstənin öz başçısı olur. Bir çömçənin başını müxtəlif rəngli parçalarla bəzəyir və ondan zınqırov asırlar. Püşk atılır. Püşk hansı dəstəyə düşsə, oyunu da o dəstə başlayır. Növbə ilə oyunçuların gözləri dəsmalla bağlanılır. Digər dəstənin bir oyunçusu çömçəni əlinə alıb, zınqırovu səsləndirərək çəkilmiş dairənin içərisində o tərəf bu tərəfə qaçır. Gözübağlı şəxs zınqırovu səslədəni tutmağa çalışır.

İlaxır çərşənbədə süfrə ilə bağlı ənənələr…

İlaxır çərşənbənin ənənələrindən də biri yumurta boyama adətidir. İnsanlar il boyu yumurta qaynadıb yeyirlər. Lakin Novruzda qaynanmış yumurtanı həm də boyayırlar ki, bunun da bayramla bağlı xüsusi mənası vardır. İlaxır çərşənbədə və Novruz bayramı günlərində qırmızı yumurta boyamaq adəti əcdadın və torpağın dirilməsi, canlanması, bir sözlə, oyanma-dirilmə ayini ilə əlaqədar olan ən qədim təsəvvürlərlə bağlı olduğunu göstərir.

yumurtaosnova.jpg (69 KB)

Adətən ilaxır çərşənbədə süfrəyə ya 7 cür yemək, ya 7 ləziz, ya da 7 eyni hərflə başlayan bayram nəməri qoyulur. 7 müqəddəs rəqəmdir və dünyanın, kainatın birliyini, tamlığını ifadə edir.

6ee49493-28a6-309a-9f28-71c373305a19_850.jpg (157 KB)

Xalqımızın gözəl adət-ənənələrini özündə yaşadan İlaxır çərşənbəniz mübarək olsun!

Xalidə Gəray