09 Dekabr 2024

“Bu gün Azərbaycan Ulu Öndərin ideyaları ilə irəli gedir”

“Ulu öndər Heydər Əliyev milli liderliklə siyasi liderlik keyfiyyətlərini özündə birləşdirən  bir  siyasi xadim olub. Belə bir dövlət adamının olması bəşər tarixində nadir rast gəlinən unikal haldır ki, o da xoşbəxtlikdən Azərbaycanın bəxtinə düşüb”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza fikilərini bildirib.

O deyib ki, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur: “Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə xalqa təbrik müraciətində dediyi kimi Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir. Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edən Ulu Öndər onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq olmuşdur. Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirmişdir. Heydər Əliyev qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olmuşdur. Sahibkarlığa, sərbəst rəqabətə yol açan və liberallığı özündə ehtiva edən sosialyönümlü iqtisadiyyat modelinin əsası qoyulmuşdur. Siyasi islahatlar aparılmağa başladı, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi. İqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başladı və bazar iqtisadiyyatına keçid məhz Heydər Əliyevin təşəbbüsü ilə baş verdi. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Bu gün Azərbaycan Ulu Öndərin ideyaları ilə irəli gedir.”

Politoloq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” sərəncamının tarixi sərəncam olduğunu deyib: “Artıq “Heydər Əliyev İli” çərçivəsində ölkədə və xaricdə müxtəlif səpkili tərdbirlər keçilməkdədir. Bütün il boyu ölkədə və xaricdə ulu öndərlə bağlı xüsusi tədbirlər davam edəcək. Qafqazın ən böyük siyasi partiyasının yaradıcısı məhz Ulu Öndər Heydər Əliyevdir.YAP tərəfindən Ulu öndərlə bağlı mütəmadi olaraq tədbirlər keçirilir. Lakin, xüsusi olaraq “Heydər Əliyev İli” çərçivəsində YAP tərəfindən silsilə tədbirlər təşkil edilir. Yeri gəlmişkən, mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar YAP-ın nümayəndələri də Fəxri xiyabana gələrək Ulu Öndərin  xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. YAP üzvləri, ümumiyyətlə, soyadaşlarımız böyük qürur hissi ilə bu tədbirlərə qatılırlar”.