28 Mart 2024

Bir qurultayın əks-sədası – Bir tərəf “legitim deyil”, o biri tərəf “seçkini iclasda etdik” deyir

Bir neçə gün öncə Xalq artisti Şəfiqə Məmmədovanın yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri seçilməsi ilə bağlı mətbuatda xəbərlər yayılmışdı.

Musavat.com xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu xəbərdən sonra ARKİ üzvləri arasında gərginlik yaşanıb. Məlum olub ki, Şəfiqə Məmmədovanın sədr seçildiyi gün ARKİ-nin hər hansı qurultayı baş tutmayıb. Bu səbəbdən də ARKİ üzvləri Xalq artistinin özü-özünü sədr elan etdiyini bildiriblər.

Məsələ ilə bağlı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Xalq artisti Şeyx Əbdül Mahmudovbəyov açıqlama verib. O, məsələdən hiddətləndiyini qeyd edib:

ebd.jpg (58 KB)

“Biz qurultayın keçirilməsini gözləyirdik. Çünki sədr seçki yolu ilə qurultayda seçilir. Bunun üçün bütün kino ittifaqının nümayəndələri yığılır, bülletenlər paylanılır, sonra sədrin hesabatı dinlənilir və nəhayət sonuncu mərhələdə seçkilər keçirilir. Həmçinin, qurultay üzvləri sədrin hesabatına münasibət də bildirməlidilər. Mənə dünən dedilər, qurultay olub və Şəfiqə Məmmədova sədr seçilib. Cavab olaraq bildirdim ki, bu hadisədən mənim xəbərim yoxdur. Dünyanın hər yerində kino ittifaqlarının sədri kino rejissoru olur. Çünki bu, rejissor sənətidir. Aktyor isə gəlib çəkilir və gedir, onun yeri teatrdır. Aktyor necə ittifaqa rəhbərlik edə bilər ki?

Şəfiqə Məmmədova ilin sonunda hesabat adı ilə İdarə Heyətini çağırıb, seçki edərək özünü sədr seçdirib. Həmçinin, mətbuat xidməti idarəsinin xəbəri olmadan mediaya deyib ki, qurultay keçirildi və mən sədr seçildim. Hansı qurultay? Harada keçirildi? İclasda idarə heyətindən 8-10 nəfər iştirak edib. Lakin burada ittifaqa daxil olan ən sadə üzvdən rəhbər heyətə qədər hamı iştirak etməli idi. Həmçinin, qurultayda sədr seçmək üçün bir neçə namizəd olmalıdır. Nə qurultay baş tutub, nə də Şəfiqə Məmmədovaya alternativ namizəd olub. Şəfiqə xanım da deyib ki, Şeyx gəlsə, aləmi qatar bir-birinə, kinoya xidmət edən və ittifaqın yadacısı olanlardan biri mənəm. 50 ildir ki, bu sahədəyəm, Şəfiqənin o zaman harada olduğunu heç kim bilmir. Şəfiqə Məmmədova hazırda bilmir ki, ittifaqda kim nə ilə məşğuldur. Mən 10 ildir ki, kinoda yoxam, onun isə bu sahəyə heç bir aidiyyatı yoxdur”.

O, əlavə edib ki, bu yalançı qurultaydır və dövlətin adından istifadədir:

“Şəfiqə Məmmədova dövlətin adı ilə yalandan alver edib və katiblərin hesabat məruzəsini dinləyib. Həmçinin, onu qurultay kimi təqdim edərək mətbuata da informasiya verib ki, guya yekdilliklə sədr seçilib. Bu, yalandır, belə bir qurultay və seçki olmayıb. Bu, çox gülməli vəziyyətdir. 10 ildir ki, qurulay keçirilmir, amma onun 5 ildən bir keçirilməsi lazımdır. Dövlət buraya pul ayırıb.

Şəfiqə Məmmədovanın 80 yaşı var, onun sədr kimi orada nə işi var? Bu ittifaq heç nəyi həll etmir. İttifaq 2-3 nəfərin şəxsi butqası və sexinə çevrilib. Onlar da öz qohumlarını oraya yığıblar. Orada nə işlə məşğuldurlar, heç kim bilmir. Dövlət ittifaqa o qədər pul ayırır, lakin kinonun özünə pul ayırmaq lazımdır. O puldan səmərəli istiafadə edərək yaxşı filmlər çəkmək olar”.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış kino-rejissor, Xalq artisti Oqtay Mirqasımov isə Şəfiqə Məmmədovanın əsasnamədə yazılan qaydada yenidən sədr seçildiyini bildirib:

421355990_0020001258_600x0_80_0.jpg (33 KB)

“Bunlar hamısı bilməzlikdən irəli gələn şeylərdir. Şəfiqə Məmmədova əsasnamədə yazılan qaydada seçildi və təsdiqləndi. Bizdə hər şey qurultayla həll edilmir. Konfransın bəzi şeyləri həll etmək hüququ var. Seçim məsələsi gündəmə gəldikdə fikirləşdik ki, hazırda Kinomatoqrafçılar İttifaqı elə vəziyyətdə deyil ki, qurultayı gözləyək”.

Onun sözlərinə görə, hazırda ittifaqın qurultay keçirə biləcək maliyyə vəsaiti yoxdur, buna görə sədr iclasda seçilib:  “Burada maliyyə məsələləri var, bizim büdcəmiz o qədər də güclü deyil. Hazırda çox gərgin vəziyyətdəyik, imkanımız məhduddur. Qurultayı yığmaq çox vəsait və hazırlıq tələb edir. Biz özümüz qərara gəldik ki, elə burada – iclasda seçək. İttifaqın hüquqşünasını çağırdılar ki, məsləhət etsinlər, görək bu məsələdə hansı yol qanunidir. Vaqif Mustafayev ondan soruşdu ki, belə qayda varmı? Hüquqşünas isə əsasnaməyə baxaraq bunun qanuni olduğunu, amma iştirak edənlərin fikirlərini deməli olduğunu bildirdi. Biz isə hamımız xorla Şəfiqə Məmmədovaya səsimizi verdik. Bizim İttifaqda heç vaxt davakarlıq olmayıb, bundan sonra da olmayacaq”. 

O.Mirqasınov həmkarı Şeyx Əbdülün bu cür fikirlər səsləndirməsindən təəssüfləndiyini qeyd edib: “Şeyx Əbdülün belə fikirlər səsləndirməyinə heyfsləndim. Şeyx Əbdül “Yeddi oğul istərəm” filmində çəkilib, illərdir ki, onun adına başqa yerdə rast gəlməmişəm. 63 ildir ki, kino sahəsindəyəm, həmin filmdən başqa Şeyx Əbdül Mahmudbəyovun başqa iz qoyan işini yada sala bilmirəm. Nahaq yerə bu cür fikirlər səsləndirir. İclasa gələydi, gəlsəydi də, yəqin ki, çox söz danışardı, çünki o, söz ustasıdır”.  

Milli.Az isə məsələ ilə bağlı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyevlə əlaqə saxlayıb:

1093953_0.jpg (72 KB)

“Mənə ünvanladığınız suallarla bağlı bildirirəm ki, ARKİ-də (Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı) sədrin seçkisi ilə bağlı məlumatı mətbuata mən verməmişəm, xəbərim yoxdur. Mən hazırda məzuniyyətdəyəm”.

Xalq artisti Ramiz Məlik isə Milli.Az-a açıqlamasında böyük qalmaqala səbəb olan bu hadisə ilə bağlı səs-küy yaradacaq açıqlamaları ilə yadda qaldı:

“Birincisi, mən 1972-ci ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüyəm – Rəhmətlik Həsən Seyidbəylinin, rəhmətlik Rüstəm İbrahimbəyovun da üzvü olduqları Kinematoqrafiyanın. Amma bu kinematoqrafiyaya müraciət etsəm də, müraciətim havada qaldı. Sonra dedim ki, mənə heç bu lazım deyil. Kimə lazımdır kinosu olmayan iki dənə Kinematoqrafiya?! Nə olub bəyəm, “kreslo” davasıdır? Birləşin də, onsuz da kino yoxdur. İndi nəyi təbliğ edirsiniz? Şəfiqə Məmmədovanı başa düşürəm. Hər insanın qəlbində arzusu, istəyi var. Amma anlaya bilmirəm ki, bu “kreslodan” niyə belə yapışıblar?! İttifaq nə verib axı insanlara? Sənət var, sənətdə öz sözünü deyən sənətkar var.

İttifaqlar o vaxtla SSRİ ideologiyasının bir qurumu idi. O vaxt bu ittifaq sənət adamlarını, sənətkarları bir araya yığmaq üçün yaradılmışdı. Amma indi nə işlə məğul olurlar? Hanı sənin kinon, hansı sənin sənətkarların, hanı operatorların? Onlar hansı bir adama kino işində bir əl uzadıblar?! Şəfiqə Məmmədovanın özü-özünü sədr elan etməsi məsələsində Şeyx Əbdüllə tamamilə razıyam. Qurultay əvəzinə tədbir keçirib, özünü sədr elan edib. Hə, elan et də! Artıq yaşın 80-i haqlayıb. Ayıbdır, analoqu olmayan bir vəziyyətdir. Gülməlidir e, doğrudan gülməlidir. Bu nə deməkdir? Şəfiqə Məmmədova görkəmli aktirsadır, istər teatrda, istər kinoda, vəssalam-şüttamam!”.

Qeyd edək ki, məlumata görə, sözügedən qalmaqallı iclasda rəsmi qurumlardan – Mədəniyyət nazirliyindən kimsə təmsil olunmayıb.

Musavat.com