01 Mart 2024

Bərdədə keçmiş məktəb direktoruna yenidən etimad göstərilib: komissiya sədri seçilib

Noyabrın 30-da, yəni bu gün Bərdə Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış Ailə, qadın və uşaq problemləri üzrə komissiyanın tərkibi müəyyənləşdirilmişdir.
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayev və rayonda idarə, müəssisə və təşkilatların bir qrup xanım əməkdaşları iştirak etmişlər.
Rayon rəhbəri çıxış edərək İcra Hakimiyyəti yanında Ailə, qadın və uşaq problemləri üzrə komissiyanın yaranmasının əsas məqsədləri və qarşıdakı planlar haqqında danışaraq, bildirmişdir ki, Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu Öndər Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb. “Ümummilli Liderimizin hələ 1969-cu ildə hakimiyyətə gəldiyi dövrə nəzər salsaq, dövlət strukturlarına, məsuliyyətli ictimai işlərə qadınların irəli çəkildiyini görə bilərik. O, qadınların idarəetmə, qərar qəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib sayırdı. Bu gün də bu ənənə uğurla davam edir və rayonumuzda da qadınlarımız bütün sahələrdə aktiv fəaliyyətləri ilə fərqlənirlər. Rayon rəhbəri bu gün fəaliyyətə başlayan komissiyanın Bərdə rayonunda yaşayan qadınların həyatında bir dönüş yaradacağını və qadınların sosial həyatının yaxşılaşdırılması istiqamətində çox mühüm addımlar atacağını xüsusilə vurğulayıb.
Sonra iştirakçı qadınların səs çoxluğu ilə Səfurə Hümbətova komissiyanın sədri seçilib və komissiyanın say tərkibi müəyyənləşdirilib. Bu münasibətlə rayon rəhbəri Səfurə Hümbətovanı Fəxri Fərman və gül dəstəsi ilə təbrik edib.
Sonda S. Hümbətova ona göstərilmiş etimad üçün rayon rəhbərinə və iştirakçı qadınlara öz minnətdarlığını bildirib.