27 İyul 2024

Bərdədə “Cənnətimin günəşi” adlı ədəbi-bədii gecə təşkil edilib.

Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Bərdə rayon Mədəniyyət Mərkəzində “Cənnətimin günəşi” adlı ədəbi-bədii gecə təşkil edilib. Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Bərdə rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Bərdə Xalq teatrının hazırladığı “Ağarmış saçlar” adlı teatr tamaşası nümayiş olunub.

Tədbirdə çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov şəhid analarını və şəhidlərin ailə üzvlərini 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Qeyd olunub ki, Azərbaycan qadını milli dövlət quruculuğu işinin fəal iştirakçısı kimi müstəqillik illərindəki nailiyyətlərimizin zirvə nöqtəsinə yüksəlməyimiz və parlaq Qələbə sevinci yaşamağımız naminə var qüvvəsini səfərbər etmişdir. Göz açıb azad gördüyü yurdunu ana qədər müqəddəs bilən, milli ideallara sadiq gənc nəsli də o, məhz öz mənəvi gücü, polad iradəsi hesabına yetişdirmiş, tarixin hökmü ilə ədalətin zəfər çalacağına və haqq işimizin qalib gələcəyinə həmin nəslin qəlbində sarsılmaz inam duyğusu aşılamışdır. Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən dəyərli töhfəsi olan bu nəsil 44 günlük Vətən müharibəsində rəşadəti ilə xalqımızın mübarizlik rəmzinə dönərək ümidləri tam doğrultmuşdur.Şəhid ailələri isə öz növbələrində onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Sonda regional idarə tərəfindən şəhid analarına gül dəstəsi və hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.