27 İyul 2024

Azərbaycanın mövqeyi çox ədalətli və məntiqlidir

Son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. Çünki hesab edirəm ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər.

2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Hesab edirəm ki, bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi.

Son 20 ilin tarixinə gəldikdə isə hər şey göz qabağındadır. Əgər biz bu haqda geniş danışsaq, yəqin ki, bütün müsahibəni buna həsr etməli olacağıq. Sadəcə olaraq, onu demək istəyirəm ki, bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Hesab edirəm ki, bu, həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. Bu, təkcə mənim fikrim deyil, mənim bəzi həmkarlarım da bu barədə kifayət qədər açıq danışıblar.

Səbinə İsgəndərli

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı