08 Dekabr 2024

Azərbaycanın ən yeni siyasi tarixində Ümummilli Lider Heydər Əliyevin xüsusi yeri var

1993-cü ildə yenidən hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev xalqımız qarşısında əvəzsiz xidmətlər göstərərək Azərbaycanı olduqca mürəkkəb situasiyadan çıxardı. Məhz bundan sonra Azərbaycanın siyasi tarixində yeni bir mərhələ açıldı. Ümummilli Lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində ölkəmizdə sabitlik təmin edildi və sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Ulu Öndər deyirdi ki, müstəqilliyi əldə etmək, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir: “Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək daha çətindir”.

Azərbaycanın ən yeni siyasi tarixində Ümummilli Lider Heydər Əliyevin xüsusi yeri var. Ulu Öndər Heydər Əliyev öz nüfuzu və iradəsi ilə ən mürəkkəb situasiyalarda dəqiq qərarlar çıxarmaq bacarığına malikdir. Demokratik cəmiyyətə keçid yolunu müəyyənləşdirərək ardıcıl siyasət yürüdən Ümummilli Lider Heydər Əliyevə görə müstəqillik naminə biz hər şeyə dözməliyik, müstəqillik naminə hər çətinliyə, hər əzab-əziyyətə dözməliyik: “Öz təcrübəmə və bir çox ölkələrin təcrübəsinə əsasən deyirəm ki, qazanılmış müstəqilliyin bir çox çətinlikləri, mürəkkəb halları dəf etdiyi, müxtəlif islahatların çətinliklə aparıldığı, xarici xarakterli çox çətinliklərin olduğu ölkələrdə nüfuzlu siyasi xadim gərəkdir. Elə bir adam gərəkdir ki, ona inansınlar, öz talelərini ona etibar edə bilsinlər”.

Öz tarixi missiyanı uğurla icra etmiş Heydər Əliyev Azərbaycan xalqına yeni Azərbaycan bəxş edib. O, öz ideyalarının müdrikliyi ilə ümummilli lider kimi xalqımız qarşısında üzərinə düşən vəzifələri şərəf və ləyaqətlə yerinə yetirib. Ulu Öndərin ideya və fikirləri zəngin və qüdrətli Azərbaycana gedən yola daima işıq salır: “Sovet İttifaqı dağılandan sonra Azərbaycan böyük çətinliklərdən keçərək öz müstəqilliyini əldə edibdir. İndi biz bu müstəqilliyi saxlamalıyıq, müstəqil Azərbaycanı yaşatmalıyıq, inkişaf etdirməliyik. Bu böyük tarixi vəzifəni, bu tarixi missiyanı hansısa xırda siyasətçilərin iddialarına, şıltaqlıqlarına, yaxud da ki, ayrı-ayrı hay-küylərinə biz qurban verə bilərikmi? Bu, heç vaxt ola bilməz!”

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi