27 İyul 2024

Azərbaycanda avtomobillərin utilizasiyası başlanır: kim qazanacaq?

Ekspert: “Bu məsələyə çox həssas yanaşma olmalıdır, çünki…”

Azərbaycanda köhnə avtomobillərin utilizasiyası mexanizminin yaradılması istiqamətində addımlar atılmağa başlayıb. Mexanizmin hüquqi bazasını “İstehsalat və məişət tullantıları haqqında” qanun təşkil edəcək. Bunun üçün qanuna olunacaq dəyişikliklər layihəsi Milli Məclisin müzakirəsindədir.

Layihənin komitə müzakirələri zamanı verilən məlumatlardan aydın olur ki, avtomobillərin utilizasiya haqqı onların idxalı zamanı gömrük sərhədindən keçərkən ödəniləcək. Bu zaman nəzərdə tutulan utilizasiya haqqının məbləği 400-700 manat arası nəzərdə tutulur.

Belə ki, 1-3 il istehsal müddəti olan avtomobillər üçün utilizasiya haqqı nəzərdə tutulmayıb. 4 ildən 7 ilə qədər istehsal müddəti olan avtomobillər üçün 400 manat, 7 ildən yuxarı avtomobillər üçün isə 700 manat utilizasiya haqqı nəzərdə tutulur. Hökumət məmurları deyirlər ki, bu rəqəmlər hələlik dəqiq deyil, bu istiqamətdə müzakirələr davam etdirilir və dəyişə bilər.

Hazırlanan dəyişikliklərə əsasən, Azərbaycanın gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı nəqliyyat vasitələrinin utilizasiyası fonduna utilizasiya haqqı ödəniləcək. Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqının bəyannaməçilər tərəfindən ödənilməsi gömrük orqanları tərəfindən təmin ediləcək.

Dövlət texniki baxışı üzrə utilizasiya haqqı nəqliyyat vasitəsi “Yol hərəkəti haqqında” qanunda nəzərdə tutulan müddətlərdə texniki baxışa faktiki təqdim olunan vaxt ödəniləcək.

Avtomobilini utilizasiyaya təqdim edən şəxslər üçün güzəştin və birdəfəlik ödənişin maliyyələşdirilməsi, habelə nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitələrinin utilizasiya fondu yaradılacaq. Nəqliyyat vasitələrinin utilizasiyası fondu məqsədli büdcə fondu olacaq utilizasiya haqqı;  kreditlər və qrantlar; hüquqi və fiziki şəxslərin könüllü ianələri; beynəlxalq təşkilatların və digər donorların ayırmaları və qanunla qadağan olunmayan digər maliyyələşmə mənbələrinə sahib olacaq.

Qeyd edək ki, avtomobillərin utilizasiya yaşı dünyanın müxtəlif ölkələrində müxtəlif illəri əhatə edir. Məsələn, Böyük Britaniya və Fransa kimi Qərbi Avropa ölkələrində avtomobillər 7-8 illik istismardan sonra utilizasiyaya verilir. Baltik ölkələrində bu müddət 12 il, Lüksemburqda 4 ildən az, Səudiyyə Ərəbistanında isə 3 ildən azca çoxdur. ABŞ-da avtomobillər 10-11 ildən, Rusiyada 12-13 ildən, Kubada 38 ildən sonra utilizasiya edilir.

İnkişaf etmiş ölkələrdə vətəndaşları avtomobillərin utilizasiyasına stimullaşdırmaq üçün müxtəlif proqramlar tətbiq olunur. Bunların bir qismi məcburetmə xarakterlidir: müəyyən istismar müddətini keçən avtomobillər üçün vergi məbləği kəskin artırılır. Həvəsləndirmə xaraterli tədbirlərə avtomobilini vaxtında utilizasiyaya verənlərə birdəfəlik ödənişin edilməsi, həmçinin yeni avtomobil almaq üçün güzəşt kuponunun verilməsi daxildir. Əksər ölkələrdə utilizasiya haqqı avtomobil satın alınarkən ödənilir, bəzilərində yol vergisinin tərkibinə daxil edilir.

Avropa və ABŞ-da köhnə maşınların təkrar emalını istehsalçı şirkətlər həyata keçirir. Məsələn, Avropa İttifaqının direktivinə əsasən İttifaq ərazisində istehsal olunan avtomobillərin detallarının 95 faizi təkrar istifadə üçün yararlı olmalıdır. Almaniyada istehsalçı şirkətlər bu tələbə tam əməl edirlər. Məsələn, Mercedes-Benz şirkəti təkrar emalı mümkün olan detalların üzərinə xüsusi işarə vurur.

Fransada hər 1,5 milyon nəfər əhali üçün minimum 7 utilizasiya məntəqəsi olmalıdır. Avtomobili vaxtında utilizasiyaya verməməməyə görə burada yüksək cərimələr, hətta azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulur. Niderlandda isə ölkədə 96,2 faizi təkrar emala yararlı olmayan avtomobillərin istismarı qadağan edilib.

Onu da bildirək ki, Azərbaycanda 2018-ci ilin dekabr ayında təsdiq edilmiş “Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı”nda köhnə avtomobillərin utilizasiyasına dair ayrıca proqramın hazırlanması nəzərdə tutulub. Ötən il verilən açıqlamalara görə, “Mexaniki nəqliyyat vasitələrinin utilizasiyası” adlı proqramın layihəsi hazırlanıb  və dövlət qurumları ilə razılaşdırma mərhələsindədir. Proqram təsdiqlənməsə də onun icrası üçün hüquqi bazanın formalaşdırılmasına başlanıb.

Rəsmilərin verdiyi məlumata görə, Azərbaycanda avtomobillərin utilizasiyası könüllü olacaq. Bildirilir ki, insanlar könülü qaydada köhnə avtomobillərini təhvil verib dövlətdən vauçer alacaq. Vauçerin verilməsi dövlət və biznes dialoqu əsasında olacaq. Yəni ölkəmizdə fəaliyyətdə olan avtomobil dilerləri və distribütorları ilə dövlətin müştərək layihələndirməsi əsasında avtomobilini utilizasiya edən vətəndaşa vauçer veriləcək. Həmin vauçer o zaman likvidləşəcək ki, vətəndaş özünə yeni avtomobil almaq istəyəcək. Bu zaman əsas şərt o olacaq ki, vətəndaş yerli istehsal olan avtomobil alsın. Bu isə o deməkdir ki, özünün avtomobil istehsalı olmayan, İrandan detalları gətirib burada avtomobil yığan Azərbaycanda Qərb istehsallı avtomobili olan vətəndaşlar nadir hallarda könüllü utilizasiyaya gedəcəklər.

Yanvarın 1-dən dövlət köhnə maşınları almağa başlayır - Əvəzində yeni  avtomobil, PUL ÖDƏNİŞİ… - RƏSMİ

Utilizasiyaya veriləcək avtomobilə görə vətəndaşa avtomobilin markasından deyil, istismar ilindən asılı olaraq 1500-3000 manat arası birdəfəlik ödəniş olunacaq.

Bir çox təkliflərdə Azərbaycanda avtomobillər üçün utilizasiya yaşı kimi 20 ilin götürülməsi qeyd olunur. Rəsmi məlumatlara əsasən hazırda Azərbaycanda 1,7 mln. ədəd avtomobil var ki, onların da 65 faizə yaxınının istismar müddəti 20 ildən yuxarıdır. Bu isə o deməkdir ki, 20 illik müddət götürülərsə, utilizasiya prosesi başlanarkən ilk illərdə yüz minlərlə avtomobilin utilizasiyasının reallaşması lazım gələcək.

İqtisadçı-ekspert Elman Sadıqovun sözlərinə görə, utilizasiya proqramlarının əsas məqsəd və hədəfləri bir neçə istiqamətli olur: “Birincisi, ölkənin avtomobil bazarını daim yeni saxlamaqla ekologiyanın təmiz saxlanması; ikincisi, köhnə avtomobillər üçün lazım olan ehtiyat hissələri idxalının azaldılması; üçüncüsü, istehsalın xüsusilə yeni nəsil, daha qənaətcil avtomobillərə keçidi zamanı utilizasiya proqramları daha da genişlənir ki, bu da neft və neft məhsulları idxalı üzrə qənaəti təmin etməkdir. Utilizasiya proqramının qeyd olunan 3 əsas məqsəd və hədəfinin həyata keçirilməsində isə avtomobil istehsal edən ölkələrdə 4-cü əsas hədəf də həlledici rol oynayır: Ölkədə istehsal olunan yeni nəsil avtomobillərin ölkə daxilində satışını təşviq etmək, artırmaqla istehsalı artırmaq, genişləndirmək, növbəti nəsil avtomobilin hazırlanıb istehsal edilməsi üçün investisiyanın formalaşması və cəlbi. Utilizasiya proqramlarına hansı yaşda olan avtomobillərin cəlbi isə daha çox məhz 4-cü amildən, istehsalın həcmindən, formalaşacaq yeni tələbi qarşılaya bilməsindən və sair bu kimi amillərdən asılıdır”.

Bəs avtomobil istehsal etməyən bir ölkə kimi, Azərbaycanda utilizasiya proqramı zamanı hansı amillərə diqqət etmək məqsədəuyğun olardı?

Ekspert bildirir ki, ilk öncə avtomobillərin yaşı məsələsində ehtiyatlı olmaq lazımdır: “Yaşla bağlı xarici ölkələrin nümunəsi də qeyd edilərkən həmin ölkədəki avtomobil istehsalı həcmini qeyd etmək və paralel nəzərə almaq lazımdır. Almaniya kimi ölkə yaşı 10 ildən çox olan avtomobilləri utilizasiya proqramına cəlb edə bilər, biz isə yaşı 20-dən çox olan avtomobillərin utilizasiya proqramına cəlbinin nəticələrini daha həssaslıqla hesablamalıyıq. İkincisi, utilizasiya proqramından sonra avtomobil idxalının gömrük rüsumları məsələsinə (ilk mərhələdə bu rüsumlar büdcə daxilolmaları demək olsa da, əslində iqtisadi dəyər itkiləridir) toxunmadan, idxal olunacaq avtomobillərin ehtiyat hissələrinin idxalını azaldıb-azaltmayacağı cavabının tapılması vacibdir. Cavab: azaltmaz, əksinə artar. Çünki utilizasiyaya gedən avtomobillər daha çox köhnə VAZ avtomobilləri olacaq ki, onların ehtiyat hissələri su qiymətinədir. Bir xarici markalı avtomobilin 1 ehtiyat hissəsi = 3-4 VAZ avtomobilinin ehtiyat hissəsinə. Əlavə olaraq, ən əsas amil də budur ki, xarici avtomobillərin opsiyaları rəngarəng olduğu üçün ehtiyat hissələrinin də çeşidləri və keyfiyyətinə tələblər də çoxdur. Üçüncüsü, ucuz VAZ avtomobillərini utilizasiyaya verib başqa avtomobil ala bilməyəcək vətəndaşların sonradan qarşılaşa biləcəkləri vəziyyət hesablanmalıdır. Xüsusilə rayonda yaşayan və avtomobilindən çörək pulu çıxan vətəndaşlar.

Elman Sadıqov: “Azərbaycanda sığortalanmış əmanətlərin hamısı sahiblərinə  qaytarılıb”

Elman Sadıqov

Dördüncüsü, utilizasiyanın qısa müddətdə təkrar emal üçün dəmir, metala olan tələbin müəyyən hissəsini ödəyə biləcəyi, orta və uzun müddətdə isə ölkədən kənara daha böyük valyuta axınını tətikləyəcəyi nəzərə alınmalıdır.

Müxtəlif dövlətlərdə utilizasiya proqramları, fərqliliklər, məqsədlər və sair məsələlərlə mövzunu uzatmadan ən önəmli amili qeyd etmək istərdim. Ölkəmizdə köhnəlmiş avtomobil parkı + neft-qaz ölkəsi kimi hazırda valyuta, büdcə gəlirlərinin planlanan səviyyədən də çox olması + qeyd olunan sonuncu amilin də ciddi təsiri ilə əhalinin nominal gəlirlərinin müəyyən həddə olması + ölkənin avtomobil yollarının qənaətbəxş olması + siyasi sabitlik + valyuta ehtiyatları + ölkənin xarici borcunun ÜDM-nin 10-dən aşağı düşməsi və digər müsbət cəhətlər, faktlar bizə imkan verər ki, ölkəyə tanınmış markalardan birini 1-2 modelinin yığmasını təmin etmək üçün ölkəmizə dəvət edək və istehsalına nail olaq.

Qeyd etdiyim və etmədiyim (məsələn, regionda tanınmış avtomobil markalarından hər hansı birinin istehsalının olmaması həmin avtomobillərin həm də Gürcüstan və Ermənistana satışı deməkdir) müsbətlər avtomobil istehsalçıları üçün cəlbedicidir. İstehsalın başlanmasından sonra həmin avtomobil markasının bir neçə ehtiyat hissələrinin, o cümlədən təkər (şin) istehsalı (burada da həmin marka ilə əməkdaşlıq edən təkər (şin) markasının cəlbi daha uğurlu olar) valyutaya qənaət, ən əsası isə istehsal, ixrac və yeni iş yerləri, məşğulluğun artırılması, iqtisadi böyüməyə töhfə deməkdir.

Biz həmin tanınmış markanın bir neçə modelinin yığılmasından daha çox peyk müəssisələr funksiyasını yerinə yetirəcək ehtiyat hissələri istehsalından gəlir və mənfəət əldə edə bilərik. Bir nüansı da qeyd edim ki, yığılacaq modellərdən birinin hibrid və elektrik istiqamətli olması isə ölkədə bu istiqamətdə də investisiyaların qoyulması və infrastrukturun daha sürətli və səmərəli şəkildə formalaşmasına səbəb olar. Məhz bundan sonra keçirilən təkcə utilizasiya proqramlarının əhatəliliyi, səmərəsi, faydası, ekoloji və iqtisadi dividendləri bir neçə qat yüksək olar”.

Dünya SAKİT,
“Yeni Müsavat”