22 Noyabr 2024

Azərbaycanda avtomobillər üçün ehtiyat hissə qıtlığı yaranıb

Rusiya ilə Ukrayna arasında baş verən müharibə avtomobil ehtiyat bazarına da təsir edib. Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaları, həmçinin Avropa dövlətlərinin hava məkanını Rusiyanın üzünə bağlaması bir çox məhsulların logistikasında ciddi problemlər yaradıb.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının kommunikasiya direktoru Ramin Musayev “Report”a bildirib ki, Azərbaycanda bəzi avtomobillər üçün ehtiyat hissələrində qıtlıq yaranıb:

“Avtomobillərin ehtiyat hissələrinin daha çox Rusiya, Belarus və Ukrayna üzərindən gəldiyi üçün logistika problemləri yaranıb. Bəzi məhsulları ölkəyə gətirmək olmur. Bir neçə dilerlə danışmışam, həmçinin sifariş verilmiş avtomobillərini Avropadan gətirə bilmirlər. Çünki onlar məhsulları əvvəl Ukrayna-Rusiya sərhədindən gətirirdilər, indi müharibə ilə əlaqədar bu alınmır”.

R.Musayev deyir ki, qiymətlərin artması iqtisadiyyatın qanunu – tələb və təklif məsələsidir:

“Təklif az olduqda tələb artır, qiymətlərin yüksəlməsinə səbəb olur. Bu normal iqtisadi qanundur və heç kim də buna təsir edə bilməz. Həm də ehtiyat hissələri ilk tələb olunan mallar siyahısında olmadığı üçün heç bir dövlət strukturu da bu məsələyə təsir edə bilməz”.

Avtomobillərin təmiri ilə məşğul olan Pərviz Cəfərov da təsdiqləyib ki, bazarda bəzi avtomobil markalarının ehtiyat hissələrində qıtlıq yaranıb:

“Daha çox təzə avtomobil modellərinin ehtiyat hissələrini tapmaqda çətinlik yaranıb. Bunlar “işıq, ekran, bufer, kapot, qanad, radiator və.s kimi hissələrdir. Mühərrikə aid olan ehtiyat hissələrində qıtlıq yaranmayıb. Daha çox kuzaya aid olan ehtiyat hissələrini tapmaq olmur. Onların qiymətləri də yüksəkdir. Məsələn, əvvəl orijinal şamı 160 manata alırdıq, indi isə 200 manata almaq olur”.