27 İyul 2024

Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır

Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziyalara müsahibəsində Azərbaycanın son 20 il ərazində keçdiyi yol, regionda mövcud vəziyyət, suverenliyimizin tam bərpa olunması və Qarabağdan separatizmin, terrorizmin təmizlənməsi, Ermənistanla sülh danışıqlarının hazırkı durumu, Zəngəzur dəhlizi və digər məsələlərlə bağlı fikirlərini ifadə etmiş oldu. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə həyata keçirilən islahatlar, layihələr, dövlət proqramları ölkəmizin iqtisadi-sosial inkişafı ilə yanaşı, onun həm beynəlxalq aləmdə, həm də regionda yüksək imicə sahib olmasına səbəb olub.

Cənab İlham Əliyevin 20 illik prezidentliyi dövründə bütün sferalarda çevik islahatlar aparılıb, dövlət proqramları qəbul olunub. Düşünülmüş iqtisadi siyasət nəticəsində beynəlxalq qurumlarla səmərəli əlaqələr qurulub, Son 20 ilin tarixinə gəldikdə hər şeyin göz qabağında olduğunu bildirən Cənab Prezident qeyd edib ki, bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır: “Hesab edirəm ki, bu, həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. Bu, təkcə mənim fikrim deyil, mənim bəzi həmkarlarım da bu barədə kifayət qədər açıq danışıblar. Bu gün ölkə qarşısında duran yeni vəzifələr yeni dövrün vəzifələridir… Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır”.

“Azərbaycan COP29-un prezidenti kimi xüsusi rola malik olacaq”, – deyən Prezident diqqətə çatdırıb ki, proseslərin gedişatı bizim mövqeyimizdən böyük dərəcədə asılı olacaq: “Biz artıq bir neçə ölkədən əməkdaşlıq təklifi almışıq. Bizimlə bu hazırlıq dövründə əməkdaşlığın istiqamətləri müəyyən edilsin və biz bütün ölkələrlə əməkdaşlığa hazırıq, bu, bizim üçün də böyük bir təcrübə olacaq. Çünki bu, yenə də hesab edirəm ki, dünyanın bir nömrəli beynəlxalq tədbiridir, beynəlxalq konfransıdır, həm dünya ictimaiyyətinin diqqəti nöqteyi-nəzərindən, BMT Baş Assambleyasından da daha mötəbərdir. Çünki BMT Baş Assambleyasında adətən prezidentlər gəlir, çıxış edir. Çıxış etdiyi dövrdə zalda onların nümayəndə heyətlərindən başqa, adətən heç kim olmur. Bundan sonra da çıxıb gedir. Amma burada real iş aparılacaq, müzakirələr, ola bilər müəyyən fikir toqquşmaları, yəni maraqlı bir proses olacaq və Azərbaycanın da bu prosesə rəhbərlik etməsi, əlbəttə ki, qürurvericidir”.

COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndiilir. Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildi. Sərəncam iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədi daşıyır.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Sənəddə qeyd edildiyi kimi, yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur. Bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyatı nə dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya sübut edəcək. Tədbirin Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa və asan çatdırılmasına böyük təkan verəcək.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı