15 İyun 2024

Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib

Martın 1-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirildi. 2015-ci ilin fevralından başlayaraq hər il keçirilən tədbirdə ötən bir ildə Azərbaycanın, eyni zamanda, iştirakçı ölkələrin enerji sektorunda qazandığı uğurlar geniş təhlil edilir, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi istiqamətində müzakirələr aparılır. Toplantıda Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət təmsil olundu. Tədbirdə müxtəlif ölkələrdən nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak etdilər. Toplantı açılış sessiyasından sonra işini “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə Nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi sessiyası: Gələcəyə baxış” və “COP29 fonunda yaşıl enerji sessiyası: Bərpaolunan enerjinin imkanlarından istifadə” mövzularında plenar sessiyalarla davam etdirildi.  Həmçinin Məşvərət Şurası çərçivəsində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin 6-cı iclası və “Dənizdə külək enerjisindən istifadənin inkişafı” üzrə Azərbaycan-Avropa İttifaqı dəyirmi masası keçirildi. Tədbir çərçivəsində, həmçinin yaşıl enerji sahəsində sənədlər imzalandı.

Toplantıdakı çıxışında “Məşvərət Şurasının ötən illərdəki toplantıları zamanı biz həmişə enerji təhlükəsizliyi məsələlərini müzakirə etmişik. Azərbaycanın burada mövqeyi hər zaman ardıcıl olub – biz bunu hər bir ölkənin milli təhlükəsizlik məsələsi hesab edirik. Biz şaxələndirmə haqqında danışarkən mövqeyimiz hər zaman dəyişməz olub və bu gün də belədir – şaxələndirmə yalnız marşrutlara deyil, həm də mənbələrə şamil edilməlidir” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, bu gün Avrasiyadakı geosiyasi vəziyyət məhz gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Azərbaycana gəldikdə Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilib. Azərbaycan qazı yeni mənbədir.

Cənab İlham Əliyev Azərbaycan ötən il enerji sektorunda qazandığı uğurlara diqqəti yönəltdi. Vurğulandı ki, ötən il baş verən vacib hadisələrdən biri Xəzər dənizinin Azərbaycana məxsus sektorunda, “Abşeron” qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı oldu. Bu “Şahdəniz”dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi deməkdir. “Abşeron” qaz-kondensat yatağı gələcək şaxələndirmə layihələrinin resurs bazasını təşkil edəcək. “Abşeron” layihəsinin ilk fazası artıq təsdiq edilib. Növbəti nailiyyət Azərbaycanın daha iki ölkə – Macarıstana və Serbiyaya qaz nəql etməsi oldu. Beləliklə, Avropaya qaz təchizatımızın coğrafiyası genişlənir.  Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır.

Layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Bu fikirlər Ulu Öndər Heydər Əliyevin tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanmasından əvvəl söylədiyi “Dünya təcrübəsi göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz” tezisinin davamı kimi dəyərləndirilir. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması bugünkü reallıqlara əsas yaratdı. Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərək üçtərəfli regional əməkdaşlıq formatı yaratmışdır. Artıq bu gün çoxtərəfli əməkdaşlığın əsası kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin perspektivlərindən bəhs edilir. Ölkə Prezidenti İlham Əliyev 2014-cü ildə CənubQaz Dəhlizinin təməlqoyma mərasimində bu fikri xüsusi qeyd etmişdir ki, Cənub Qaz Dəhlizi bu günə qədər görülən işlərin zirvəsidir. BTC və BTƏ neft-qaz layihələri icra edilməsəydi, bu gün Cənub Qaz Dəhlizindən danışmaq qeyri-mümkün idi. Belə bir əminlik də ifadə edilir ki, geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə gələcəkdə nəinki energetika sahəsində, bütün başqa sahələrdə Avropada və bölgədə əməkdaşlığın daha da dərinləşməsinə xidmət göstərəcək.

Azərbaycan, həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir. Bu layihələr arasında keçən ilin oktyabr ayında Azərbaycanda açılış mərasimi keçirilən ilk böyük Günəş Elektrik Stansiyası xüsusi yer alır və bu stansiyanın gücü 230 meqavatdır. Bu stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən biri “Masdar” tərəfindən inşa olunub və bu, yalnız başlanğıcdır. İmzalanmış müqavilələrə və Anlaşma memorandumlarına əsasən 2030-cu ilədək biz 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisi istehsal etmək planlaşdırılıb.

Dövlət başçısı İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibəsində də böyük inamla qeyd etdi ki, Cənub Qaz Dəhlizi artıq arzu deyil, reallıqdır və o, getdikcə daha çox ölkələri əhatə edir. On il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir. Ölkə Prezidenti bu çağırışı səsləndirdi ki, qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır: “Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik.”

Qısa təhlildən də göründüyü kimi, Azərbaycanın malik olduğu resurslardan səmərəli istifadəsi nəticəsində iqtisadi və siyasi mövqeyi daha da möhkəmlənir, yeni tərəfdaşlar qazanır. Bu isə öz növbəsində iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə, yeni əməkdaşlıq formatlarının müəyənləşdirilməsinə yol açır. “Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib” söyləyən cənab İlham Əliyev bu əminliyi də ifadə etdi ki, sözümüz imzamız qədər dəyərlidir. Qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcək.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri