19 Mart 2024

Azərbaycan Avropa üçün vacib yaşıl enerji təchizatçısına çevriləcək

Martın 13-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub.

Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmisdir ki, “Azərbaycan iqtisadi cəhətdən müstəqildir və bu da hökumətimizin ən əsas hədəflərindən biri idi. Son 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb. Bu dünya rekordu sayıla bilər. Biz xarici borcumuzu azaltmışıq və 2023-cü il yanvarın birinə olan məlumata görə, bu, ÜDM-in 10 faizindən aşağı olub. Qəbul edilmiş 2030-cu il strategiyasına əsasən ölkəmizin qarşısında duran strateji hədəflərimiz üçün borc alacağıq və bu məbləğ 40-50 milyard ABŞ dolları olacaq. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bizə qaz təchizatının artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən müraciət olunub. Biz bu ehtiyacları qarşılamaq üçün hər şeyi edirik. Enerji satışından əldə etdiyimiz vəsaiti nəqliyyatın infrastrukturuna yönəltmək üçün çox gərgin işlər görülüb. Xəzər dənizi ilə daşımalar üçün təlabat artır və Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanması, 50-dən çox gəmisi var.”

Təxminən 30 il ərzində işğal altında olmuş Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş torpaqlarında yenidənqurma işləri nəzərdə tutulur. “Böyük Qayıdış”adlanan dövlət proqramına artıq start verilib. Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da yaşıl enerji zonasına çevirmək planları mövcuddur.

Azərbaycan Avropa üçün vacib yaşıl enerji təchizatçısına çevriləcək. Ötən ilin dekabrında Buxarestdə Azərbaycandan Avropaya yaşıl enerjinin ötürülməsi üçün Qara dənizin dibi ilə kabelin çəkilməsi məqsədilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında saziş imzalandı. Mərkəzi Asiya ölkələri ilə də iş birliyi artır. Təşəbbüskarı olduğumuz bütün layihələr ya tamamlanıb,ya da şübhəsiz uğurlu olacaqdır.

Nərgiz Şıxməmmədova

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı