11 Oktyabr 2024

Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyir

Prezident İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına müsahibə verib. Müsahibə zamanı ölkə rəhbəri bir sıra vacib məqamlara toxunub.

COP29 zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacaqdır. Ölkəmizin Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəsi var. Azərbaycan Hərəkata dörd il sədrlik etdi. 120 üzv ölkə ilə həqiqətən də böyük tərəqqiyə nail olduq.

Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyir. Üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalamış və qəbul edilmişdir.

Azərbaycanda tədbir zamanı qlobal əhəmiyyətli məsələlər müzakirə olunacaq. Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq kimi məsələlər fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə olunacaqlar.

Ölkələr isə malik olduqları təbii sərvətlərə görə mühakimə olunmamalıdırlar. Əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq.

COP üçün yenilik olan bir təşəbbüs Azərbaycan tərəfindən irəli sürülüb. Üçlük – yəni üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. BƏƏ, Azərbaycan və Braziliya müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir.

Biz qarşılıqlı səylər, həmrəylik göstərməliyik, bir-birimizi günahlandırmağı dayandırmalıyıq. Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Bu diplomatiyadır, siyasətdir, maliyyədir və Azərbaycan bunun üçün bir platforma yarada bilər.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının əməkdaşı