01 Mart 2024

“Azad edilmiş şəhərlərin hər birində idman qurğularının və obyektlərinin yaradılması nəzərdə tutulur.”

YAP Bərdə rayon təşkilatının sədri

Fəqət Şadlinskaya:

İki ildən artıqdır ki, tarixi Zəfərimizin sevincini və yaratdığı reallıqları yaşayırıq. Bu reallıqlar fonunda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bu torpaqlarımızın “ağıllı şəhər” və “ağıllı kənd” layihələri çərçivəsində yenidən qurulması dünyanın diqqətindədir. Dünya hərb tarixində ilkə imza atan Azərbaycanın müharibə bitən kimi bu ərazilərdə bərpa-quruculuq işlərinə start verməsi həm Azərbaycan xalqının qurucu xalq olduğunu təsdiqlədi, həm də ölkəmizin iqtisadi imkanlarını təqdim edir. Azərbaycan bütün bu işləri sıfırdan öz daxili imkanları hesabına həyata keçirir. Günümüzün qürurverici hadisələrindən biri budur ki, bu gün nəinki paytaxt Bakımız, eyni zamanda, işğaldan azad edilmiş ərazilərimiz iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi diqqətdədir. Bu ərazilərimiz beynəlxalq əhəmiyyətli idman tədbirlərinə ev sahibliyi edir. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev ötən ilin idman yekunlarına həsr olunan mərasimdə bir daha tarixi sahibinə qovuşmuş torpaqlarımızda görülən işlərdən, həyata keçirilən sosial layihələrdən geniş bəhs etdi. “Azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilmişdir” söyləyən cənab İlham Əliyev bildirdi ki, bunun çox böyük tarixi əhəmiyyəti var. Çünki azad edilmiş ərazilər indi canlanır, həyat qayıdır, insanlar qayıdır: “Bildiyiniz kimi, tarixi Zəfərimizdən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq-bərpa işlərinə başlamışıq və o bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var. Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı keçirilmişdir. Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir. Mən bunu çox yüksək qiymətləndirirəm və bu il də bu işlər davam etdirilməlidir.” Dövlət başçısı bu məqamlara da diqqəti yönəltdi ki, azad edilmiş şəhərlərin hər birində idman qurğularının və obyektlərinin yaradılması nəzərdə tutulur. Bütün şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq. İdman obyektlərinin yaradılması da nəzərdə tutulur. Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir. Stadion yenidən qurulacaq, eyni zamanda, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq. Bununla bərabər, keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyuldu: “Biz Qarabağ Atçılıq Kompleksini işğal dövründə Ağcabədi rayonunda yaratmışdıq, yenə də Qarabağ torpağında yaratmışdıq. Ancaq qərar qəbul olundu ki, bunun əzəli yerində – Eyvazxanbəyli kəndində çox gözəl, müasir atçılıq kompleksi yaradılsın. Artıq işlərə start verilmişdir.” Böyük Qayıdış proqramı uğurla icra edilir. Ötən il Böyük Qayıdışın ilk addımı atıldı. Zəngilanın Ağalı kəndi sakinlərini qarşılayaraq yeni həyatına başlayıb. “Ağıllı kənd” layihəsi çərçivəsində qurulan Ağalı kəndinin timsalında bu fikri böyük qürur hissi ilə qeyd edirik ki, işğaldan azad edilmiş bütün torpaqlarımız müasir tələblər səviyyəsində qurulur, soydaşlarımızın rahat yaşayışının təmin edilməsi üçün bütün vacib işlər görülür. Dövlət başçısı İlham Əliyev bir daha bu hədəfi diqqətə çatdırdı: “Azad edilmiş bütün digər şəhərlərdə idman obyektlərinin yaradılması planlarımızdadır. Əlbəttə, biz, ilk növbədə, keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytarmalıyıq və bu istiqamətdə işlər gedir. İlk növbədə, məktəblər, xəstəxanalar, infrastruktur yaradılmalıdır. Ancaq idman obyektləri də əlbəttə ki, yaddan çıxmır və çıxmayacaq.”