27 İyul 2024

Alternativ Zəngəzur yolu gələn il açılacaq? – Gözlənti

“Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan İranla artıq Araz çayı üzərində körpü tikintisinə başlayıb”.

Bu açıqlamanı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında verib. Onun sözlərinə görə, Azərbaycanın Zəngilandan Naxçıvana alternativ yolu olacaq.

“Azərbaycan çox müstəqil siyasət həyata keçirən bir dövlətdir. Milli maraqlarımızı istənilən halda irəliyə aparacağıq, – deyə nazir vurğulayıb. Hərçənd mətbuat konfransında o, Azərbaycan-İran münasibətlərinin durumundan danışarkən iki ölkə münasibətlərində gərginliyin qaldığını da etiraf edib.

Yada salaq ki, bu ilin martında Azərbaycan və İran Zəngəzur dəhlizinə alternativ yolun inşası barədə anlaşma memorandumu imzalayıb. Sənədə əsasən, Ermənistan sərhədi ilə 5 kilometr məsafədən keçən yol Şərqi Zəngəzur rayonunu Naxçıvanla birləşdirəcək. Bura avtomobil və dəmir yolu, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılması daxildir.

Bir qədər sonra (mart 2022) Ceyhun Bayramov bildirmişdi ki, Azərbaycan İranla memorandum çərçivəsində Araz çayı üzərində iki körpünün inşasına artıq başlayıb. Amma sonra xəbər çıxmadı. İndi nazir təzədən oxşar açıqlama verir. Burada bir ziddiyyət yoxdur ki? Gerçəkdənmi inşa işləri başlayıb? Başlayıbsa, nə vaxta bitəcək?

Azər Badamov: Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlığa  əsaslanır

Azər Badamov: “Azərbaycan tezliklə İran üzərindən də Naxçıvanla quru bağlantı yarada biləcək”

Deputat Azər Badamov hər vəchlə İranın bu dəhlizin açılmasına mane olduğunu qeyd etdi: “Zəngəzur dəhlizinə paralel sərhəddən 5 km aralı İran ərazisindən yeni bir yolun tikintisi ilə bağlı anlaşma memorandumu cari ilin 5 martında imzalanıb. XİN Ceyhun Bayramovun illik hesabatında bu memoranduma əsasən Araz çayı üzərində körpünün tikintisinə başlandığını açıqlandı. Düzdür, memorandum imzalanandan sonra ölkələrimiz arası münasibətlərdə gərginlik yaşanır. Amma bu gərginliklə bağlı rəsmi şəkildə İranın dövlət başçısı səviyyəsində ölkələrimiz arası münasibətlərin pisləşməsinə xidmət edəcək münasibət bildirilməyib. Bu o deməkdir ki, gərginliyin yaranmasında İranın ali dövlət rəhbərliyi səviyyəsində yox, aşağı səviyyədə ermənilərin əli ilə Azərbaycanla münasibətlər gərginləşməsinə çalışırlar. Ali rəhbərlik səviyyəsində imzalanmış sənədlərin icrasına başlanması dövlətlərarası münasibətlərin inkişaf etdirilməsində tərəflərin maraqlı olduğunun göstəricisi hesab edirəm.

Digər tərəfdən isə İran rəhbərliyinin Ermənistanı nəzərdə tutaraq, regionda sərhədlərin dəyişdirilməsinin “qırmızı cizgi” olduğunu qeyd etməsini və Azərbaycanla münasibətlərin gərginləşməsinə istiqamətlənən digər hərəkətlərin baş verməsində başqa bir məqamın olduğunu hesab edirəm. Biz bilirik ki, beynəlxalq yollara malik ölkələr bu yollardan gəlir əldə edir. Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək yeni yol da beynəlxalq marşrut olacaq. Hesab edirəm ki, İran öz ərazisindən keçəcək tikilən yeni yola Zəngəzur dəhlizinin alternativ olmasını istəmir. Çünki əgər Zəngəzur dəhlizi fəaliyyət göstərərsə, demək olar ki, bütün daşımalar bu dəhlizin üzərindən həyata keçəcək və İrandan çəkiləcək yol öz aktuallığını itirəcək. Ona görə də İranın ölkələrimiz arası münasibətlərdə gərginlik yaratmasının məqsədinin  Zəngəzur dəhlizinin çəkilməsinə mane olmaq istəyindən irəli gəldiyini hesab edirəm.

Azərbaycan kifayət qədər iqtisadi gücə malik ölkədir. Ölkəmizin beynəlxalq dəhlizlərin ərsəyə gətirilməsində və işlənməsində kifayət qədər təcrübəsi var. Düşünürəm ki, İranın narahatlıqları əsassızdır. Əgər dövlət başçımız Zəngəzur dəhlizi və ona paralel sərhəddən 5 km aralı yeni yolun tikintisini vacib hesab edirsə, bu reallaşacaq və hər iki marşrut işləyəcək. Ceyhun Bayramovun qeyd etdiyi kimi, biz Araz çayı üzərində körpünün tikintisinə başlamışıqsa yol tikintisinin başa çatdırılması da tezliklə baş verəcək. Bu o deməkdir ki, İranla dövlət səviyyəsində razılaşdırılmış yolun tikintisinə dair fikir ayrılığı yoxdur.  Tikinti işləri sürətlə aparılarsa, ola bilsin ki, gələn ilin sonuna qədər bu yol açılsın. Amma  onu da qeyd etmək istəyirəm ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasının gecikməsinin əziyyətini çəkəcək. Azərbaycan tezliklə İran üzərindən də Naxçıvanla quru bağlantı yarada biləcək. Ermənistan isə Zəngəzur dəhlizi açılmadıqca dalanda qalacaq”.

Bu bəyanatla İlham Əliyev diqqəti o məqama çəkdi ki...” - Siyasi şərhçi

Züriyə Qarayeva: “Alternativ dəhliz Tehranın hazırkı ritorikası davam etdikcə reallaşa bilməz”

Politoloq Züriyə Qarayeva da fərqli düşünmür. O, layihənin həyata keçməsinin qarşısını yalnız bir tərəfin aldığını düşünür: “2022-ci ilin martında İranla Azərbaycan hökumətləri arasında alternativ Zəngəzur dəhlizinin inşasını da özündə əks etdirən memorandum imzalanıb. Dəhlizin işləkliyi üçün bəzi infrastruktur layihələrə start verilsə də, təyin olunan vaxtda işlər tamamlanmadı. Hesab edirəm ki, layihənin icra olunmamasının səbəbi birbaşa olaraq İranın qeyri-adekvat münasibətidir. Təəssüf ki, Azərbaycan tərəfinin sülh şəraitində qonşuluq münasibətinə cənub qonşumuz əks reaksiya verməkdədir. Ölkəmizin regionda güclənən mövqeyi İran tərəfindən qısqanclıqla qarşılandığı üçün Tehran hətta öz siyasi, iqtisadi dividendlərindən də imtina edir. Zənnimcə, alternativ dəhliz İslam Respublikasının hazırkı ritorikası davam etdiyi müddətcə reallaşa bilməz. Hədə-qorxu məqsədli hərbi təlimlər keçirən bir dövlətlə hansı kommunikasiya layihəsinin işləkliyindən danışmaq olar?”

Kenan Novruzov Maddi təzminat Ermənistan üzərində təzyiq alətidir »  Newscenter.az

Kənan Novruzov: “Gələn il bu prosesin baş tutması realdır”

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov gələn il üçün dəhlizin taleyi ilə bağlı pozitiv düşünür: “İranla münasibətlərdə həqiqətən ziddiyyətlər var. Baş verən proseslər göstərir ki, bu münasibətlər dalğavaridir. Görünür, tərəflər hansısa məsələlərdə razılaşa bilmirlər. Ümumiyyətlə, molla rejiminin Azərbaycana münasibəti məlumdur. Tehran İkinci Qarabağ müharibəsi ərəfəsində və savaş dövründə daim İrəvanı dəstəkləyib. Əlbəttə, bunun da konkret səbəbləri var. Nəzərə almaq lazımdır ki, İran daxilində baş verən proseslər mövcud hakimiyyətə xarici siyasətdə əvvəlki kimi hegemon davranmağa imkan vermir. Molla rejiminin ”dili daha əvvəlki kimi uzun” ola bilməz. Zəngəzur dəhlizinin açılması Qərbin maraqlarına uyğundur. Qərb bu məsələdə İrana təzyiq göstərə bilər. İran daxilindəki durum ABŞ və müttəfiqlərinin “əlini gücləndirir”. Vaşinqton bundan istifadə edə bilər.

Üçüncüsü, Naxçıvanda baş verən hadisələr də onu deməyə əsas verir ki, hakimiyyət Zəngəzur dəhlizinin açılmasına hazırlıq görür. Gələn il bu prosesin baş tutması realdır”.

Cavanşir ABBASLI