25 Aprel 2024

Allahşükür Paşazadə: “İranda 40 milyona yaxın azərbaycanlı fars rejiminin əlində əsirdir”

“İranda 40 milyona yaxın azərbaycanlı bu gün fars rejiminin əlində əsirdir”.

Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə “Report”un sualını cavablandırarkən deyib.

“Biz də hamı kimi Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu qınayırıq. Bu gün ölkəmizdə yaşayan bütün dinlərin nümayəndəsi birlikdə gəlib başsağlığı veriblər. Bu onu göstərir ki, Azərbaycanda tolerantlıq, milli birlik və vəhdət var”.

A.Paşazadə vurğulayıb ki, İranda 40 milyona yaxın azərbaycanlı yaşayır:

“Onlar bu gün fars rejiminin əlində əsirdirlər. İnanıram ki, həqiqət gələcəkdə öz yerini tapacaq. Bu gün biz İrandan şəhid aldıq. Hansı ki, onu qardaş hesab edirdik. Biz indi bilirik ki, onlar bizim yox, Ermənistanın qardaşıdır. Prezident İlham Əliyev dediyi kimi baş verənlər terror aktıdır. Məsələ dəqiqliyinə kimi incələnməli və dünya həqiqətin nə olduğunu bilməlidir”.