Albaniyada Azərbaycan mədəniyyət həftəsi davam edirFOTO
Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Tirana şəhərinin mərkəzi İsgəndər Bəy meydanında Azərbaycan ritmlərini və rəqslərini özündə əks etdirən möhtəşəm konsert proqramı təqdim olunub.
Konsertdə “Natiq” ritm qrupu, “Mirvari” rəqs ansamblı rəngarəng proqramla çıxış ediblər.
“Qavaldaş”, “Qarabağ”, “Yanardağ”, “Mehriban”, “Sarı gəlin” və s. kompozisiyalar Albaniya tamaşaçılarının alqışları ilə qarşılanıb.
Musiqi və rəqslərimizin ecazkar çələngi ilə bərabər səhnədəki monitorda Azərbaycanın tarixi, coğrafiyası, milli xalçalarımız, şəbəkə sənəti, İçərişəhər, Şuşa və Cıdır düzünün görüntüləri də izləyicilərin böyük marağına səbəb olub.
Konsertin sonunda UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olan milli rəqsimiz – “Yallı” sədaları altında bütün auditoriya rəqs edib və konsert tamaşaçıların “Qarabağ Azərbaycandır!” şüarı ilə yekunlaşıb.
Eyni gündə Tiranada yerləşən Albaniya Milli Kitabxanasında ölkəmiz, eləcə də Qarabağ, Ulu Öndər Heydər Əliyev, mədəniyyətimiz barədə kitablardan ibarət sərgi təşkil olunub. Bununla yanaşı, VR virtual reallıq qurğuları istifadə edərək Azərbaycanla virtual tanışlıq yaradılıb.