16 İyun 2024

Ağstafada “28 May – Müstəqillik günü” münasibəti ilə tədbir keçirilib

23 may 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının “Peşə məktəbi” Ərazi Partiya Təşkilatında “28 May – Müstəqillik günü” münasibətilə tədbir keçirilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Peşə məktəbinin direktor əvəzi Günay Qəribova  bildirib ki, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 105 ili tamam olur. Belə ki, 28 may 1918-ci ildə müsəlman Şərqində ilk dəfə olaraq demokratik dövlət-Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatında böyük tarixi, ictimai-siyasi hadisəyə çevrildi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.

Daha sonra çıxış edən natiqlər – “Peşə məktəbi” Ərazi Partiya Təşkilatının sədr müavini Aynur Osmanova,  YAP Ağstafa rayon təşkilatının əməkdaşları Aytən Məmmədli və Əfqan Qasımov, “Peşə məktəbi” Ərazi Partiya Təşkilatının fəal üzvü Gülnar Bayramova geniş məruzə ilə çıxış edərək qeyd ediblər ki, “28 May Müstəqillik Günü” şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. “Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!” deyən Prezident cənab İlham Əliyevin sayəsində bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil, demokratik, qalib Azərbaycan heç zaman olmadığı qədər güclü və qüdrətlidir.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Media1.az