27 İyul 2024

AĞSTAFADA 27 SENTYABR – ANIM GÜNÜ QEYD OLUNUB

25 sentyabr 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının təşkilatçılığı ilə “27 Sentyabr – Anım Günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Ağstafa rayon Ağsaqqallar Şurasının üzvləri, YAP Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyətinin, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin əməkdaşları, qazilər və Ərazi Partiya Təşkilatlarının nümayəndələri iştirak ediblər.

İlk öncə Şəhidlər Xiyabanı ziyarət olunub. Abidə önünə gül dəstələri düzülərək şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla anılıb. Həmçinin şəhid məzarları da ziyarət olunub.

Daha sonra tədbir YAP Ağstafa rayon təşkilatının inzibati binasında davam etdirilib.

Tədbir iştirakçıları ilk öncə partiyamızın qurucusu Ulu Öndər Heydər Əlıiyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Zəlimxan kənd tam orta məktəbin direktoru Qalib Cəfərov, Əfqanıstan Veteranları İctimai Birliyi Ağstafa rayon filialının sədri Mirzahid Hacıyev, Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Vətən müharibəsi qazisi Kamil Hüseynov və partiya veteranı, “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının sədri Gülgün Kərimov çıxış ediblər.

Natiqlər “27 Sentyabr – Anım Günü” mövzusu ətrafında geniş çıxış edərək bildiriblər ki, “Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun qazandığı qələbə Azərbaycanın hərb tarixində şanlı bir səhifə açdı. Qəhrəman hərbçilərimiz təqvimdə qara rəqəmlərlə əks olunan işğal tarixlərinin üstündən öz qanları ilə xətt çəkərək, qırmızı rəqəmlərlə Zəfər günlərini yazdılar. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik. 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdi. Azərbaycan xalqı hər zaman qəhrəman oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.