27 İyul 2024

Ağstafa rayonunda ağacəkmə aksiyası təşkil olunub

21 noyabr 2023-cü il tarixində “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

Aksiyada YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, yaşıllıqların və parkların salınmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xüsusi diqqət yetirib. Hazırda bu siyasət Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yeni Azərbaycan Partiyasının nümayəndələri də bu prosesə layiqli töhfələr verirlər.

Aksiya çərçivəsində 50 nəfər partiya fəalının iştirakı ilə 100 ədəd müxtəlif növ ağac əkilib. Eyni zamanda, ağacların əkildiyi ərazilərdə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.

Ağacəkmə aksiyasının məqsədi ölkəmizdə ekologiyanın qorunması, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etməkdir.