27 İyul 2024

Ağdamlı fermerlər üçün seminar təşkil edilib.

 LIVEPRESS.MEDIA xəbər verir ki,  “Ekoloji Informasiya ” İctimai Birliyinin cari ilin iyul ayının birindən etibarən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən   “Ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalının fermerlər arasında təbliği” layihəsi çərçivəsində növbəti görüşü ağdamlı fermerlərin iştirakıyla baş tutub”

   Ağdam rayon 2 saylı Peşə Məktəbində Ağdam RİH-in təşkilatçılığı ilə keçirilən görüşdə  Ağdam rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin və Ekologiya və Təbii ehtiyatlar Nazirliyinin 9 saylı  regional Ekologiya və Təbii ehtiyyatlar idarəsinin məsul vəzifəli şəxsləri, habelə Ağdam  rayonunun  30-a yaxın fermeri iştirak edib.

   Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   Tədbirdə “Ekoloji İnformasiya ” İctimai Birliyinin sədri Musa Muradlı mövzu ilə əlaqəli  çıxış edib.

   Çıxışında təşkilat sədri ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasından , istehlakçıların keyfiyyətli qida ilə təmin olunmasının vacibliyini qeyd edib. Bunun üçün qanunvericilik bazasının yaradılmasını, hüquqi məsələlərin həllini vurğulayıb.

   2 saylı Ağdam rayon Peşə Məktəbinin direktoru Xanım Əliyeva bildirib ki, dünyada ildən ilə ekoloji məsələlərin  aktuallığı artır. O cümlədən ekoloji məhsulların yetişdirilməsinin əhəmiyyəti artır. Ona görədə həyata keçirilən layihə yüksək qiymətləndirilməlidir.

   Layihə üzrə ekspert, aqrar elmlər üzrə fəlsəfə doktoru, ekoloq Xosrov Musayev ekoloji təmiz kənd təsərrüfatı barədə fermerlərə ətraflı məlumat verib. Fermerləri maraqlandıran sualları cavablandırıb.

   9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Bakir Orucov layihə barədə fikir və mülahizələrini bölüşüb. Ekspert Xosrov Musayevin geniş və əhatəli çıxışını yüksək dəyərləndirib.

   Sonda fermerlərə seminar iştirakçısı olmaq barədə sertifikatlar təqdim olunub. Çay süfrəsi ilə fermerlərlə keçirilən seminar başa çatıb.    

   Qeyd edək ki, “Ekoloji İnformasiya ” İctimai Birliyinin “Ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalının fermerlər arasında təbliği ” layihəsi çərçivəsində növbəti görüşü tərtərli fermerlərlə olacaqdır.