21 Fevral 2024

Ağdamda təhsil işçilərinin sentyabr konfransı keçirilib

Sentyabrın 7-də Ağdam rayon Muğam Mərkəzində Qarabağ Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçiriib.

Konfransda Azərbaycan Respublikası Elm və Təhsil Naziriliyinin Ümumi və məktəbəqədər təhsilin idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, Ağdam rayonu icra hakimiyyətinin başçısı Vaqif Həsənov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Tərtər, Şuşa rayonları üzrə təhsil sektorunun əməkdaşları və həmin rayonlarda çalışan ümumi təhsil müəsissələrinin direktorları, pedaqoji heyəti iştirak ediblər.

Konfransın əsas məzmunu “Heydər Əliyev ili” çərçivəsində həyata keçirilən tədbirlər, ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması, Respublika Fənn Olimpiadaları, təmir- tikinti məsələləri, işəqəbul, direktor təyinatı, təhsil işçilərinin peşəkar inkişafı, nəzarət tədbirləri, digər qurumlar, QHT-lər, icra hakimiyyət orqanları ilə əməkdaşlıq çərçivəsində keçirilən tədbirlər təşkil edib.

Azərbaycan Respublikası Elm və Təhsil Naziriliyinin Ümumi və məktəbəqədər təhsilin idarə olunması şöbəsinin müdiri Elnur Əliyev çıxışı zamanı 2023-2024 tədris ili üçün ümumi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətlər haqqında məlumat verib, regionda təhsilverənlərin sertifikatlaşdırılması, peşə təmayüllü siniflərin və icma əsaslı qrupların təşkili, şagird davamiyyətinin təmin olunmasında mühüm işlərin görülməsini təhsilin idarəedilməsində əlçatanlığın və şəffaflığın təmin edilməsi üçün qarşıda duran vəzifələr barədə qeydlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Konfransın fəxri qonağı Ağdam rayonu icra hakimiyyətinin başçısı Vaqif Həsənov çıxışında Ağdam rayonu üzrə ümumi və məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində Elm və Təhsil Nazirliyi tərəfindən görülən işlərin əhəmiyyətini vurğulayıb və təhsil işçilərini yeni tədris ilinin başlanğıcı münasibəti ilə təbrik edib.

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülovun hesabatının əsas məzmununu təhsilin təşkili və idarə olunması üzrə statistik məlumatları, əmək intizamına nəzarət və bu istiqamətdə tətbiq edilmiş intizam-tənbeh tədbirləri, təhsil müəssisələrinin istilik təminatı və təmir-tikinti ehtiyacları, şagird və müəllim nailiyyətləri, IV siniflər üzrə milli qiymtələndirmənin və ümumi orta təhsil üzrə isə buraxılış imtahanının, olimpiada və fənn müsabiqələrii üzrə nəticələrin təhlili təşkil edib. Hesabatın sonunda təhsil müəssisələri, təhsilverənlər və təhsilalanlarla bağlı 2023-2024-cü tədris ili üzrə əsas mesajlar konfrans iştirakçılaırnın diqqətinə çatdırılıb.

Konfransın gedişatında sertifikatlaşdırma prosesində yüksək nəticə göstərən Akademik Zərifə Əliyeva adına Bərdə şəhər texniki fənlər təmayüllü məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Məmmədova Ləman Alı qızı təhsildə uğurlarından baş verən yeniliklərdən danışıb. Əldə etdiyi uğurlar haqqında danışıb və təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb. Respublika fənn olimpiadasında qızıl medala layiq görülən Ağdam rayon 118 nömrəli məktəbin şagirdi İbrahimli Elvin Soltan oğlu uğur hekayəsini bölüşüb.

Sentyabr konfransında pedaqoji sahədə səmərəli fəaliyyətlərinə görə 4 təhsil işçisi, təhsildə yüksək nailiyyətlər əldə edən 6 ümumi təhsil müəssisəsi Qarabağ Regional Təhsil İdarəsinin “Fəxri Fərmanı” ilə təltif edilib.

Konfrans Ağdam Rayon Musiqi Kollecinin Qarabağ Muğam qrupunun solisti Nihad Qasımzadənin ifasında “Qarabağ şikəstəsi” musiqisi ilə başa çatıb. Tədbrin sonunda xatirə şəkli çəkdirilib.

Tədbirdən sonra Elm və Təhsil Naziriliyinin Ümumi və məktəbəqədər təhsilin idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, Ağdam rayonu icra hakimiyyətinin başçısı Vaqif Həsənov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov 432 yerlik Ağdam rayon Baharlı-1 qəsəbə tam orta məktəbin açılışında iştirak edib, infrastrukturla tanış olublar. 16 sinif otağı, texnologiya, fizika, kimya-biologiya, kompüter, inzibati və xidməti otaqlardan, habelə akt, idman zalı, yeməkxananın otaqlarından ibarət məktəb binasının infrasturukturuna tanışlıq həyata keçirilib.