27 İyul 2024

Ağdam rayonu ən müasir formada yenidən qurulur

Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Ağdam rayonu 8 avqust 1930-cu ildə yaradılmışdır. Relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonunun ərazisi 1150 kvadrat kilometr olub, 65 yaşayış məntəqəsini əhatə edir.

23 iyul 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonunun 1150 kvadrat kilometrlik ərazisinin 882 kvadratkilometri zəbt edildi, 128 min nəfər doğma ev-eşiyindən didərgin düşdü. İşğal nəticəsində 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb məhv edildi. Erməni terrorçuları Ağdamın işğalı zamanı ağır hərbi cinayətlər törətdilər. Şəhər və kəndlərimiz azad olunduqca bir daha aydın oldu ki, erməni işğalçıları yaşayış məntəqələrimizdə daşı daş üstünə qoymayaraq ərazilərimizi viran qoymuşlar. Digər şəhərlərimizdə olduğu kimi, Ağdam şəhəri də erməni vandallığının qurbanı olmuşdur. Ermənilər binaları daşlarına qədər söküb, şəhər və kəndləri xaraba qoyublar, milli-mədəni, tarixi və dini abidələrimizə qənim kəsilmişlər. Erməni vəhşiləri tərəfindən xarabalığa çevrilmiş, daha doğrusu, atom bombası ilə dağıdılmış Xirosima və Naqasakini xatırladan Ağdam hazırda özünün xoşbəxt günlərini yaşayır.  

Azərbaycan həm döyüş meydanında, həm də siyasi müstəvidə Ermənistan üzərində qələbə qazandı. Prezident İlham Əliyevin müdrik, qətiyyətli siyasəti sayəsində, imzalanmış üçtərəfli Bəyanata əsasən Ağdam rayonunun işğal olunmuş əraziləri Azərbaycana təhvil verildi. 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu bu medalla təltif edilmişdir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Qeyd olunan Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri kimi müəyyən olunub. Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra işğaldan azad edilmiş bütün şəhər və kəndlərimizdə yenidənqurma və bərpa işlərinə başlanılmışdır. 2021- ci il 28 may tarixində Ağdamın Baş Planı təsdiq edilmiş və yenidənqurma işlərinə start verilmişdir. Ağdam rayonu işğaldan azad edildikdən sonra Prezident İlham Əliyev 5 dəfə buraya səfərlər etmişdir. Ölkə başçımız bir çox sosial obyektlərin, məktəblərin, xəstəxanaların, eləcə də avtomobil və dəmir yollarının açılışlarında və təməl qoymalarında şəxsən özü iştirak edib. Bu gün Ağdam sürətli şəkildə dünya şəhərsalma prinsiplərinə uyğun ən müasir formada yenidən qurulur.

Dövlət başçısı İlham Əliyevin Ağdam rayonuna reallaşdırdığı 5 səfərin hər biri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Bərpa-quruculuq işlərinin genişlənən miqyası soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışını daha da yaxınlaşdırır. Əminliklə deyə bilərik ki, tezliklə Ağdam rayonu özünün əvvəlki şöhrətini bərpa edəcək və Qarabağ iqtisadi rayonunun mühüm mərkəzlərindən birinə çevriləcək.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri