22 Noyabr 2024

Abidələrimiz milli-mənəvi yaddaşımızdır

Tarix və mədəniyyət abidələrimiz xalqımızın minilliklər boyu bu torpaqlarda yaşadığını sübut edən, maddi və mənəvi həyatımızın, tariximizin daşlaşmış yadigarları və onların min illər, əsrlər boyu formalaşdığını, təşəkkül tapdığını təsdiq edən yeganə mənbələrdir. Nəsillər bir-birini əvəz etdikdə bu daş abidələr danışmağa, tarixi gələcəyə ötürməyə başlayır. Azərbaycan xalqının mədəni irsi kimi abidələr minilliklərin sənətkarlıq xüsusiyyətlərini, təfəkkür və düşüncə tərzini, dövrün mədəni mühitini bu günə daşıdığı üçün həm də bəşər mədəniyyətinin ayrılmaz hissəsi kimi beynəlxalq əhəmiyyət kəsb edir.

Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın tarixinin öyrənilməsi, tarixi-mədəni irsinin qorunub saxlanılması sahəsində mühüm işlər görülmüşdür. “Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir”deyən Ulu Öndərin rəhbərliyi ilə bu sahədə dövlət siyasətini həyata keçirmək üçün zəngin qanunvericilik bazası yaradılmışdır.

Məhz bu zəngin qanunvericilik bazası əsasında tarixi abidələrimizin bərpası, qorunması, tədqiqi və təbliği sahəsində mühüm işlər həyata keçirilir. Tarix və mədəniyyət abidələrimizin bərpasına diqqət və qayğı artırılmış, dünya əhəmiyyətli abidələrin bir neçəsi YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına salınmışdır. Ölkə Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunan “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nda tarixi abidələrin qorunması, bərpası, öyrənilməsi və təbliği üzrə konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. 2019-cu il oktyabrın 22-də Prezident İlham Əliyev tərəfindən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında fərman imzalanmışdır. Fərman əsasında Bakı, Gəncə, Şabran, Salyan və Qəbələ regional idarələri fəaliyyətə başlayıb. Bu idarələrin yaradılmasında məqsəd dövlət mühafizəsində olan tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətinin gücləndirilməsi, idarəçilikdə səməərəliliyin təmin edilməsi, həmçinin, daşınmaz tarix və mədəniyyət abidələri və qoruqların mühafizəsinin müasir səviyyədə təşkili, müasir texnologiyaların və aparıcı beynəlxalq təcrübənin tətbiqindən ibarətdir. Hazırda bu idarələrin maddi-texniki bazalarının formalaşdırılması istiqamətində işlər davam etdirilir. Elə ötən il də bu sahədə həm beynəlxalq platformalarda, həm də ölkə səviyyəsində əhəmiyyətli layihələr reallaşdırılmışdır.

Məddəni irsin qorunması işinin kompleks şəkildə təşkil edilməsi məqsədi ilə abidələrin pasportlaşdırılması və mühafizə zonalarının müəyyənləşdirilməsi işləri il ərzində davam etdirilib. 110 tarix mədəniyyət abidəsinin pasportu və 72 abidənin mühafizə zonası təsdiq edilib. Hazırda daha 155 abidənin pasportu, abidələrin mühafizə zonaları üzrə isə 108 layihənin hazırlanması üzərində iş aparılır. Pasportu hazırlanan abidələrin 42-si və mühafizə zonası hazırlanan abidələrin isə 10-u işğaldan azad edilmiş ərazilərin payına düşür.

Ötən il daşınmaz tarix və mədəniyyət abidələrində bərpa-konservasiya işlərinin aparılması sahəsində bir neçə layihə həyata keçirilib. Şabran rayonunda yerləşən Çıraqqala abidəsində bərpa-konservasiya işləri davam etdirilib. Qazax rayonunda Müəllimlər Seminariyasının binasının bərpasına başlanılıb. Daha 10 abidədə bərpa-konservasiya işlərinin aparılması məqsədilə layihə-smeta sənədlərinin hazırlanması üçün müvafiq addımlar atılıb.

Ötən ilin martında “Çıraqqala–Şabran”, “Qədim Şəmkir şəhəri” və “Orta Əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının əsasnamələri təsdiq olunub.

İşğaldan azad olunmuş ərazilərdəki mədəniyyət obyektlərinin monitorinqi, ilkin inventarlaşdırılması və mühafizə tədbirləri həyata keçirilib. Monitorinqlər zamanı dövlət qeydiyyatında olan 403 tarix mədəniyyət abidəsinə baxış keçirilib. Dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 162 obyektin monitorinqi aparılıb. Monitorinqlər Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər, Laçın və Kəlbəcər rayonlarını əhatə edib.

Ölkə ərazisində olan bir sıra abidələrin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi üçün sənədlər hazırlanıb. Beynəlxalq ekspertlərdən ibarət nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərə səfərləri təşkil olunub. Səfər çərçivəsində ekspert qrupu Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan, Tərtər, Xocavənd, Kəlbəcər rayonlarında yerləşən və erməni vandalizminə məruz qalmış daşınmaz tarix və mədəniyyət abidələrinə baxış keçirilib, məlumatlar toplanılıb. Həmçinin BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anhel Moratinosun ölkəmizə səfəri çərçivəsində Füzuli və Ağdam şəhərlərinə  də səfər təşkil edilib. Qonaq işğalçı Ermənistanın törətdiyi vəhşiliklər, eləcə də tarixi, dini və mədəni abidələrimizin vandalizmə məruz qalması barədə ətraflı məlumatlandırılıb.

Məlumdur ki, 2022-ci il Prezident İlham Əliyev tərəfindən “Şuşa İli” elan edilib. Bu, o deməkdir ki, qarşıda mühüm vəzifələr durur. Ötən il ərzində Şuşa şəhərində yerləşən abidələrin elektron xəritəsi tərtib edilib. Şuşada aparılan monitorinq çərçivəsində 45 tarixi abidənin üzərinə məlumat lövhələri quraşdırılıb. Eyni zamanda, Şuşa şəhərində dövlət qeydiyyatına alınmış tarixi-memarlıq abidələrinin kataloqu hazırlanıb.

Şuşa tariximizin, mədəniyyətimizin, ruhumuzun incisidir. Şuşa həm də ona görə müqəddəsdir ki, burada özündə illərin tarixini daşıyan Qala divarı, Gəncə qapısı, Topxana, Cıdır düzü, Turşsu, İsa bulağı, Pənahəli xanın, Vaqifin, Natəvanın, Üzeyir bəyin, Xan əminin ruhu hopmuş məhəllələr var.

Bir sözlə, qədim tarixi, dini və mədəni abidələrimiz milli-mənəvi yaddaşımızdır. Ona görə də tarixi-mədəni irsimizi qorumaq isə hər birimizin borcu olmalıdır. Gəlin abidələrimizi, tarixi irsimizi, keçmişimizi qoruyaq, gələcək nəsillərə qədimiliyimizi sübut edəcək layiqli miras qoyaq.