22 Noyabr 2024

Azad edilmiş ərazilərdəki qoruqların sahəsi açıqlanıb

“Bəsitçay Dövlət Təbiət Qoruğu 107 hektar, Qaragöl isə 240 hektar əraziyə malikdir”

“Azərbaycanda mühafizə olunan ümumilikdə 10 milli park, 10 təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var”. Media1.az bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov Füzuli və Xocavəndə səfər çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərdə iki dövlət təbiət qoruğu – Qaragöl və Bəsitçay dövlət təbiət qoruğu var: “Bundan başqa ərazidə Laçın, Daşaltı, Arazboyu və Qubadlı dövlət təbiət yasaqlıqları var. Bunların ümumi sahəsi 43 min hektardır. Laçın və Qubadlı ərazisinə görə ən böyükləridir. Hər birinin ərazisi 20 min hektardır. Arazboyu 2 200 hektar, Daşaltı 450 hektardır”.

“Bəsitçay Dövlət Təbiət Qoruğu 107 hektar, Qaragöl isə 240 hektar əraziyə malikdir”, – deyə o əlavə edib.