22 Noyabr 2024

Baydenin ilk 2 ayı, Bakıya ilk məktubu və 4 mesajı

Azərbaycanla münasibətlər fərqli, yoxsa ənənəvi olacaq? Politoloqlardan proqnozlar

Martın 20-də Co Baydenin andiçməsinin və ABŞ Prezidenti kimi fəaliyyətə başlamasının 2 ayı tamamlanır. Bu müddət Azərbaycan-ABŞ münasibətlərində nə ilə yadda qaldı? Hansısa konkret nəticələrə gəlmək mümkünmü? Bəzi narahat gözləntilər var idi Qarabağla bağlı, onlar aradan qalxdımı, yoxsa bunu söyləmək hələ tezdir? “Azərbaycana Tramp Baydendən daha sərfəli idi” fikri öz aktuallığını saxlayırmı?

Bu arada Bayden prezident qismində İlham Əliyevə ilk məktubunu göndərib. Söhbət Novruz bayramı ilə bağlı təbrik məktubundan gedir. Bəs məktubda verilən mesajlar nədən ibarətdir?

Qeyd edək ki, ABŞ lideri məktubunda ölkəsinin Minsk Qrupu həmsədri olduğunu xatırladır. Sitat: “ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi, biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün tərəflərə yardım etməyə, firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına sadiq qalırıq”. Bu cümlənin açması nədən ibarətdir? Bayden münaqişənin hələ də həll olunmadığınımı düşünür?

yegane.jpg (67 KB)

Yeganə Hacıyeva

Politoloq Yeganə Hacıyeva öncə bildirdi ki, Tramp adminstrasiyası digər ABŞ prezidentləri  ilə müqayisədə Azərbaycana daha çox məktub göndərən administrasiya kimi yadda qalıb: “Ümumiyyətlə, Tramp özündən əvvəlki ABŞ prezidentlərindən fərqli olaraq, öz strateji tərəfdarlarının maraqlarının qorunmasında müstəsna səy göstərən prezident kimi yadda qaldı. Məsələ ondadır ki, Azərbaycan ABŞ-ın vacib strateji-iqtisadi, qlobal enerji təhlükəsizliyində və Cənubi Qafqazda ən böyük ticari tərəfdaşıdır. ABŞ-ın ən böyük əhəmiyyət verdiyi strateji bölgələrdən biri də Cənubi Qafqazdır, Azərbaycanın bu regionda xüsusi çəkisi daha ağırdır. Azərbaycan Avropa və Asiya qitələrinin birləşdiyi bir nöqtədə yerləşir, Xəzərin karbohidrogen ehtiyatlarının Avropaya nəql edilməsində çox önəmli rol oynayır. Söhbət tək neftdən yox, həm də ”mavi yanacaq”dan gedir.

ABŞ Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobal enerji layihələrini, o cümlədən Cənub Qaz Dəhlizini qəti surətdə dəstəklədi, Azərbaycanın və beynəlxalq tərəfdaşların onun tamamlanmasına yönəlmiş səylərini alqışladı. ABŞ Azərbaycanı Avropa üçün yeni enerji mənbəyi və kanalı hesab edir, qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində, o cümlədən Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı rolu yüksək dəyərləndirir. Bu, ABŞ administrasiyasının bölgə problemlərinə düzgün yanaşmasının ifadəsidir. Təhlükəsizlik məsələlərində ABŞ onun üçün həyat əhəmiyyətli prioritetlərdən olan Əfqanıstandakı missiyasının və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üçün döyüş təyinatı olmayan yüklərin daşınmasında Azərbaycanın hava məkanlarından haqqını ödəməklə istifadə edir.

Baydenin İlham Əliyevə göndərdiyi bayram məktubunun gizlinləri (ŞƏRH) -  AzToday

NATO-nun Əfqanıstandakı missiyası üçün nəzərdə tutulan bütün yüklərin daşınması, Şimal paylaşdırma şəbəkəsinin cənub marşrutu üzrə yüklərin 40 faizini Azərbaycanın hava məkanı və aeroportlarından dəhliz olaraq istifadə etməklə həyata keçirir.

Azərbaycan  Əfqanıstandakı ABŞ hərbi heyətinin hərəkətliliyi üçün təhlükəsiz tranzit yoludur, 2002-ci ildən Əfqanstanda ABŞ və NATO qoşunlarına qətiyyətli dəstək göstərən etibarlı və aparıcı tərəfdaşdır. Siyasi məsələlərdə isə Azərbaycanla bağlı ABŞ-ın iqtisadi, diplomatik və təhlükəsizlik sferalarında mövcud münasibətləri inkişaf etdirməsi onun Cənubi Qafqaz regionuna təsirinin güclənməsinə xidmət edir”.

Politoloqun sözlərinə görə, sadalanan və digər mühüm məsələləri nəzərə alsaq bu, o deməkdir ki, ABŞ da prezidentin kim olmasından asılı olmayaraq bu məqamlar dəyişməyəcək: “Bayden Adminstrasiyasının  Azərbaycana ilk məktubunu təklikdə yüksək, Mərkəzi Asiya ölkələrinə göndərilən məktublarla birgə isə ümumiyyətlə çox qiymətli dəyərləndirmək lazımdır. 

Məktubda qeyd edilən əsas məqam  Cənubi Qafqazda sülh və inkaşın dəstəklənməsində Azərbaycanla birgə fəaliyyət göstərmək təşəbbüsü isə Azərbaycanın qlobal təhlükəsizlikdə xüsusi rolu olan Cənubi Qafqaz regionuna təsir imkanları ilə bağlıdır. Son illərin bölgədə formalaşan geosiyasi və geoiqtisadi reallığında Cənubi Qafqazda təhlükəsizlik məsələsi qlobal anlamda önə çıxarıb,  bölgədə təhlükəsizliyin təmin edilməsi vacib elementdir.

Məktubda ABŞ-ın Minsk Qrupu həmsədri olması və konfliktin həlli məsələsi haqqında rəyi isə geridə qalan problemlərin həllində dəstək təşəbbüsü kimi qəbul etməliyik. Qarabağda dayanıqlı sülh regionda dayanıqlı sülhə töhfədir. Amma əlbəttə Bayden administrasiyası ABŞ-dakı erməni lobbi qrupları ilə aktiv çalışan administrasiyadır. Vaşinqtonun siyasi dairələrinə təsir etmək iqtidarında olan və ABŞ-ın böyük və təsirli siyasi təşkilatlarından biri kimi tanınan erməni lobbi qrupunun bir üzvü hətta Baydenin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat mətninin müəllifi idi. Baydenin bu bəyanatı Ermənistanın Bərdədə mülki əhaliyə qarşı etdiyi amansız hücum günü səsləndirilmişdi. ABŞ Konqresindəki erməni lobbisinin ən çox əməkdaşlıq etdiyi partiya hər zaman demokratlar partiyası olub. Bu proseslər əsasında görünən odur ki, Baydenin hakimiyyəti zamanı Azərbaycan və ABŞ münasibətlərində müəyyən təzadlı məqamlar olacaq. Lakin buna baxmayaraq, istənilən ABŞ prezidenti üçün ölkənin maraqları çərçivəsində Azərbaycanla qurulan münasibətlərin yaxşı olması daha vacibdir”.

Elxan Şahinoğlu: Ermənistan özünü tələyə salıb və indi çətin vəziyyətdədir

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, ABŞ prezidenti Co Baydenin Novruz bayramı münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə göndərdiyi məktub 4 mesajdan ibarətdir: “Bayden məktubun birinci hissəsində administrasiyasının təhlükəsizliklə bağlı ümumi narahatlıqlar və regional barışıq məsələlərinin həlli istiqamətində Azərbaycanla birgə çalışacağını bildirib. Məktubun ikinci hissəsində Amerikanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün tərəflərə yardım etməyə, firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına sadiq qaldığı vurğulanıb. Məktubun üçüncü hissəsində enerji əməkdaşlığından söz açılıb. ”Biz iqtisadiyyatınızın şaxələndirilməsi və Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı səylərinizi dəstəkləyirik”. Co Baydenin məktubda sonuncu mesajı da maraqlıdır: “Amerika Birləşmiş Ştatları iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusundadır”.

Ekspert hesab edir ki, beləliklə, Baydenin İlham Əliyevə yazdığı məktub Ağ Evin əvvəlki sahibi Donald Trampın Bakıya göndərdiyi məktublardan çox da fərqlənmir: “Əlbəttə, Baydenin ”Qarabağın uzunmüddətli həllindən”  danışması xoşumuza gəlməyib. Ancaq Bayden açıq-aşkar münaqişənin həll olunduğunu da vurğulamazdı. Bu halda o, münaqişənin Azərbaycanın xeyrinə həll edildiyini etiraf etmiş olardı. Ağ Ev sahibləri bu etirafı dilə gətirməzlər. Buna baxmayaraq, Baydenin enerji əməkdaşlığı və iqtisadiyyatın şaxələndirilməsi barədə dedikləri iki ölkə arasındakı əməkdaşlığın davamı üçün faydalı cümlələrdir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”