Azərbaycan və Türkiyə arasında Niyyət Bəyannaməsi imzalanıb
Kənd təsərrüfatı naziri İnam Kərimov ilə Azərbaycanda səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirlinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən Musavat.com-a verilən məlumata görə, görüşdə İ.Kərimov bildirib ki, Türkiyə bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də Azərbaycanın etibarlı tərəfdaşıdır. Hər iki dövlət aqrar tədqiqatlar, təhsil, pambıqçılıq, toxumçuluq, baytarlıq, aqrar sığorta və digər sahələri üzrə sıx və səmərəli əməkdaşlıq edir. Kənd təsərrüfatı məhsulları üzrə qarşılıqlı ticarət əlaqələri inkişaf edir və bu sahədə ticarət dövriyyəsinin artırılması üçün birgə səy göstərilir. Azərbaycan Türkiyənin aqrar sahədə müasir texnologiyaların tətbiqinə dair təcrübəsindən yararlanmaqda maraqlıdır.
B.Pakdemirli isə öz növbəsində bildirib ki, Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. O, ölkəsinin iqtisadiyyatın digər sahələrində olduğu kimi aqrar sahədə də Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu ifadə edib.
Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub. Qeyd edilib ki, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var.
Görüş çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyi arasında kənd təsərrüfatında müasir texnologiyaların ötürülməsi və aqrar təlim sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi imzalanıb. Niyyət Bəyannaməsində Türkiyədə aqrar sahədə tətbiq olunan müasir texnologiyaların Azərbaycanda tətbiqi imkanlarının araşdırılması və təcrübə mübadiləsinin aparılması, Türkiyədə mövcud olan müasir təlim metodologiyaları əsasında yerli mütəxəssis və fermerlərə təlimin keçirilməsi sahəsində əməkdaşlıqla bağlı maddələr yer alıb. Bu məqsədlə birgə İşçi qrupunun yaradılması və Fəaliyyət planının işlənib hazırlanması nəzərdə tutulur.
Görüşün sonunda Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin 10-cu iclasının protokolu imzalanıb.