22 Noyabr 2024

Azərbaycanda tikinti amnistiyası olacaq?

Ekspert: “Bakıda tam etibarlı binalar bundan sonra tikiləcək”

Türkiyədə on minlərlə insanın həyatına bais olan dəhşətli zəlzələnin acısını yaşadığımız, hamının Bakıdakı binaların davamlılıq əmsalını müzakirə etdiyi günlərdə məlum oldu ki, “Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanuna dəyişiklik gözlənilir.

Təklif olunan dəyişiklik layihəsində qeyd olunur ki, 2023-cü il martın 1-dək inşa olunmuş, tikintisi məcəllənin tələblərinə uyğun aparılmamış, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edilmiş tikinti obyektlərinin istismarına icazə veriləcək.

Məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılmalıdır.

Bu məlumat ölkə gündəmində çox ciddi müzakirələrə yol açıb. Əksəriyyət hesab edir ki, bu dəyişiklikdən sonra korrupsiya yolu ilə norma və standartlara uyğun olmayan tikintilərin istismara qəbulu baş tutacaq. Bir çoxları layihəni Türkiyədə 2018-ci ildə qeydiyyatsız binalara görə verilən tikinti amnistiyası ilə eyniləşdirirlər. Həmin amnistiyada istismarına icazə verilən binaların böyük əksəriyyətinin Türkiyədə fevralın 6-da baş verən zəlzələlərdə dağıldığı bildirilir.

Hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, qanuna dəyişiklik faktiki olaraq tikinti amnistiyasıdır: “Bu dəyişiklik, sadəcə, bu tikintinin deyil, rüşvət alanların gözardı edilməsidir. Bundan sonra da bu dəyişiklik nahamar infrastrukturun davamını təşviq edəcək. Digər tərəfdən isə standartlara uyğun olmayan tikintilərin bundan sonra uyğunluq sertifikatının bir növ alqı-satqı predmetinə çevrilməsi ehtimalı yüksəkdir. İndiyədək heç olmasa mənzil almaq istəyən ağıllı insanlar araşdırır, sahibkar evə rəsmi sənədlər təqdim edə bilmirdisə, həmin yerdən mənzil almayıb, rəsmi qeydiyyatı olan yerə yönəlirdi. İndi tikinti tələbinə uyğun tikilməyən evə də “qanunidir” sənədi veriləcəksə, o zaman həmin tələblərə cavab verən tikintilər üçün haqsız rəqabət yaranacaq. Həm də alıcı bilməyəcək ki, onun aldığı “qanuni” mənzil tikinti tələblərinə uyğun aparılıb, ya yox! Üstəlik, həmin tikinti tələblərinin standartı müzakirəyə çıxarılacaq. O necə standartdır ki, ona uymaq da olar, uymamaq da? Tikinti tələbinə cavab verməyən, amma etibarlılıq və təhlükəsizlik tələblərinə uyğun gələn nə deməkdir? “Ödənişi ödə, rəyini al!”, ol qanuni demək deyilmi? Buna kəsinliklə yol vermək olmaz. Türkiyədəki fəlakət bizə də dərs olmalıdır. Türkiyə hökuməti bu son zəlzələnin episentri olan K.Maraşda 2018- ci ildə indi bizdə edilmək istənən kimi “imar affı” verdi. 100 mindən çox sakinin standartlara uyğun tikilməyən, standarta uyulmayan mənzilləri oldu qanuni. Nə oldu? Qanunsuz tikililər rəsmi sənədlə “qanuni” olduqda insanlara məzar olmadılarmı”?

Ələsgər Məmmədli: "QHT-lərlə bağlı hələ fundamental addım atılmayıb"-VİDEO  | | Xural qəzeti

Ələsgər Məmmədli

Qeyd edək ki, 2019-cu ildə Prezident İlham Əliyev “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərman imzalayıb. 2020-ci ilin 1 yanvarına qədər qüvvəsi olan fərmanda qeyd olunurdu ki, ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərinin hüquq və maraqları nəzərə alınmadan aparılıb ki, bu da, öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün edib.

Buna görə də Prezident 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi prosesinin sadələşdirilməsini tapşırıb: Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində bütün belə binaların yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə etməli, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim etməli idi. Bu qurumlar da həmin rəy əsasında 7 gün müddətində həmin binaların istismarına icazə verməli idi.

Bu gün Bakıda tikilən binalar 2000-ci ildəkindən də davamlıdır” –  SumqayitXeber.Com

Elxan Əsədov

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədovun bir müddət əvvəl mətbuata verdiyi məlumata görə, fərmanın əhatə dairəsinə düşən, əhalinin məskunlaşdığı, lakin istismarına rəsmi icazə verilməyən bina-komplekslərin sayı 475 olub, aparılan araşdırmalar, işlər nəticəsində həmin binalardan 408-nin istismarına icazə verilib.

Qalan 67 binaya gəlincə, onların bir hissəsi tikintisinə ötən əsrin 80-cı illərində başlanılan binalardır: “Ola bilsin ki, aidiyyəti qurumlar, korporativ qurumlar binaların tikintisinə başladı. Həmin fabrik, zavodlar artıq fəaliyyətlərini dayandırıb, yoxdur. Korporativlər ittifaqı, korporativlər idarəsi də əvvəlki şəkildə fəaliyyətini davam etdirmir, yəni dövlətdən onlara ayrıca subsidiyalar verilmir. Onlar demək olar ki, sahibsiz binalardır, bir çox problemləri var, onlar yerinə yetirilmədiyindən dövlət həmin binaların belə şəkildə istismarına qarantiya verə bilmir. Digər nümunə, binanın sahibi var, MTK-nın hansı olduğu məlumdur, sadəcə olaraq, əllərində maliyyə imkanları yoxdur ki, işi başa çatdıra bilsinlər. Belə binaların sayı 40-dır”.

Digər qrup binalar isə sahibi vəfat edən, yaxud müəyyən maxinasiyalara görə qapalı qapı arxasına salınanlardır: “Belə binaların sayı isə 17-dir. O binaların hamısında müayinə aparılıb. Müayinə FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Dağ, Mədən və Sənayedə işlərin Təhlükəsiz görülməsi Dövlət Agentliyi, Dövlət Yanğın Nəzarəti Xidməti, binanı kommunikasiya xidmətləri ilə təchiz edən qurumların bərabər iştirakı ilə aparılıb. Hər bir qurum, xidmət öz sahəsi üzrə həmin binalardakı çatışmazlıqları göstərib. Bəzi binalarda çox aşağı vəsait sərf etməklə, bəzi binalarda isə böyük vəsaitlər sərf etməklə problemlər aradan qaldırıla bilər. Elə binalar var ki, istifadəyə verilib, yaşayanlar var, amma 3, 4, 5 liftin heç biri yoxdur, yaxud su sistemləri çəkilməyib. Bütün məlumatlar hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Oradan nə göstəriş veriləcəyi önəmlidir. Çünki həmin binaları tikən şəxslər ya ortada yoxdur, ya onların imkanları yoxdur. Orada olan qüsurların aradan qaldırılması haradan, hansı vəsait hesabına, necə təmin olunacaq, bu barədə göstəriş verilməsi, yaxud müəyyən qərarlar qəbul edilməsi üçün aidiyyəti orqanlara yoxlamaların nəticəsində ortaya çıxan arayış təqdim olunub” (Sputnik Azərbaycan).

Oxu.az - Nüsrət İbrahimov: Mart-avqust aylarında mənzillərin qiyməti  qalxacaq – MÜSAHİBƏ

Nüsrət İbrahimov

“MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov bildirir ki, tikintidə istifadə olunan sementin ömrü 45 ildir: “Bu müddətdən sonra ondan hazırlanan beton möhkəmliyini itirir, kövrəkləşir. Bu baxımdan, hazırda ən böyük qorxu 45-50 il əvvəl –  sovet dövründə tikilən binalarla bağlıdır. Bu “Xruşşovka” deyilən binalarla bağlı təcili addımlar atılmalıdır. Bundan əlavə, köhnə binalara çoxsaylı əlavələr edilib, balkonlar çıxarılıb və sair. Çox təəssüf ki, Fövqəladə Hallar Nazirliyi bu hallarla bağlı tam əhatəli ölçü götürə bilmir. Allah eləməmiş, 4-5 ballıq bir titrəyiş böyük faciələrə yol aça bilər”.

Bakıda müstəqillik illərində tikilən binaları mütəxəssis 5 kateqoriyaya bölür: “Birinci kateqoriya – 90-cı illər, 2000-ci illərin əvvəllərində – FHN yaradılana qədər tikilən binalardır. Bu binalarda, yumşaq desək, tikinti norma və standartlarına əməl olunmayıb. Naxçıvani küçəsində çökən bina da həmin dövrdə tikilib: 9 mərtəbəyə hesablanan bünövrənin üstündə 16 mərtəbə inşa olunub. İkinci kateqoriya binalar FHN yeni yaranan vaxtlarda tikilib – hələ norma və standartlar tam hazırlanıb tətbiq olunmurdu. Üçüncü kateqoriya binalar Naxçıvani küçəsindəki bina çökəndən sonra tikilənlərdir. Bu binaların tikintisində norma və standartlara xeyli dərəcədə əməl olunub. Dördüncü  qrup binalar son 4-5-ildə – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ciddi səlahiyyətlərin verildiyi dövrdə tikilənlərdir. Nəhayət, beşinci qrup binalar, düşünürəm ki, bundan sonra tikiləcək binalardır. Gözləyirəm ki, Türkiyədəki acı hadisələrdən sonra binalar norma və standartlara ciddi əməl olunmaqla tikiləcək. Belə binalar ən etibarlı binalar olacaq”.

N.İbrahimovun sözlərinə görə, sovet dövründə tikinti normalarına ciddi əməl olunurdu: “Bu gün tikinti şirkətlərindən birinin rəhbəri ilə söhbətimizdə də demişəm: o vaxt biz armaturların üstündəki pası tamam təmizləyib parıldadandan sonra betonda istifadə edirdik. Betonu xüsusi qarışdırıcı stolda qarışdırıb, müəyyən  müddət gözləyib, dartılmaya, əyilməyə davamlılığını, keyfiyyətini yoxladıqdan sonra böyük binalarda istifadə edirdik. İndi armaturu paslı-paslı istifadə edirlər, bir az keçən kimi pas betonu şişirdir, keyfiyyət sıfıra düşür”.

Bütün bunlara rəğmən, ekspert bildirir ki, Türkiyə ilə müqayisədə Azərbaycanda tikinti daha etibarlı aparılır: “Türkiyədə uçan binalara baxıram: ən yaxşı halda 16-lıq armaturlardan istifadə edirlər. Bünövrə dayaqlarında cəmi 4 armatur qoyulur. Dörd armaturla dayaq qurmaq olar? Bizdə bünövrələrdə əksər hallarda 32-lik armaturlardan istifadə olunur. Açığını demək lazımdır, regionda Gürcüstan istisna olmaqla, tikintilərin möhkəmliyi baxımından ən yaxşı vəziyyət bizdədir. Gürcüstanda çox sərt nəzarət var və tikintilər bütün qaydalara əməl olunmaqla aparılır. Azərbaycan bu baxımdan Gürcüstandan geri qalır”.