21 Noyabr 2024

“Əlvida, silah” demədilər, “salam, fərmandeh” deyirlər – köhnə silahdaşların yeni bloku

Biz artıq dünyada və regionda total konfrontasiya amili ilə üz-üzəyik. Hər dövlət öz tərəfini, səfini müəyyən edir, açıq və gizli şəkildə bloklaşır, öz müttəfiqlərini, düşmənlərini bəlirləyir, birinciyə siyasi-maddi-hərbi dəstək verir, ikinciyə əlindən gələn pislik etməyə çalışır – sevilməyən ölkənin daxilini qarışdırmaq, ümdə maraqlarına zidd getmək, kəşfiyyat poliqonuna çevirmək və s.).

Nə yazıq ki, 3 böyük qonşumuzun ikisi (İran və Rusiya) düşmənimizin müttəfiqi halına gəlib. Artıq heç biri öz xislətini, sifətini, niyyətini gizlətmir. Hətta ikinci bir qədər neytral görünməyə cəhd edir, birinicinin isə belə bir dərdi yoxdur.

Etibarlı mənbədən yayılan səhih məlumatdan belə çıxır. Həmin məlumatda bildirilir ki, iranlı emissarların Qarabağa gəlişindən təxminən bir ay əvvəl – oktyabr ayının sonlarında İran gizli yolla Ermənistana öz istehsalı olan 600 ədəd raket göndərib. 500 ədəd “Dehjlaviyeh” və 100 ədəd “Almas” tipli tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksinin Ermənistana satılmadığı, inqilabın keşiyini çəkən korpus tərəfindən hədiyyə olunduğu bildirilir.

55895953.png (111 KB)

Birincisi, hər kəs bilməlidir ki, belə bir informasiyanı heç bir media qurumu və ya jurnalist özündən uydura bilməz. Bu, kəşfiyyat məlumatıdır. Burada sirr olan bircə odur ki, bunu hansı kəşfiyyat xidməti kimlərdən necə əldə edib, silahların sayı və “qardaş payı” edilməsi isə sirr deyil.

Bu, o anlama gəlir ki, İran, Fransa, Rusiya kimi dövlətlər ermənilərin 2 il 2 ay öncə ordumuza məğlubiyyətini silah çatışmazlığına, hazırlıqsızlığa bağlayır və bu dövlətin “həlledici müharibə”yə hazırlaşmasına, revanşa qalxmasına kömək etmək istəyirlər. Bu məsələdə Fransanın öz məqsədi var, İran başqa şeyi hədəfləyir, Rusiyanın məramı isə başqadır.

Birinci dövlət din qardaşlığı, tarixi müttəfiqlik amilinə önəm verir, ikincinin niyyəti Azərbaycanın güclənməsinin, cəlbedici və örnək ölkə olmasının qarşısını ermənilərin əli ilə almaq, əzik cəmiyyətə malik problemli dövlət kimi qalmasını (1992-ci ildən 2020-ci ilə qədər olduğu kimi) təmin etməkdir, üçüncünün dərdi isə Qafqazda qalmaq, hər iki ölkədə öz forpostuna malik olmaqdır.

Bu baxımdan Ermənistan artıq üç dövlətin maşası rolundadır və ondan istifadə etmək istəyənlər ona real yardımlar edərək gücləndirmək fikrindədirlər. Ancaq hər maşanın bir ələ sığacaq iki qulpu olur, Ermənistana isə ən azı 3 cüt əl uzanır. Görək axırda kimlərin əli kömür közündə yanacaq…

55.jpg (396 KB)

Ermənistana silah hədiyyə edilməsi isə ilk hadisə deyil. Yuxarıda adı çəkilən dövlətlər bunu çox ediblər. Məsələn, hələ ötən əsrin 90-cı illərinin ortalarında, Rusiyada Boris Yeltsinin prezident olduğu vaxtlarda həm rusiyalı, həm də ermənistanlı mənbələr Moskvanın İrəvana 1 milyard dollarlıq silah bağışladığını yazırdılar, deyirdilər, danmırdılar. Hətta Ermənistan tərəfdə müftə-müsəlləm alınan 1 milyard dollarlıq silahın keyfiyyətinin aşağı olduğunu deyənlər vardı, bildirirdilər ki, Rusiya öz vaxtı keçmiş silahlarını Ermənistana sırıyıb, “hamam suyu ilə özünə dost tutur”.

Bu fikirdə müəyyən həqiqət vardı, amma bu, əsl erməni naşükürlüyü və maksimalistliyi idi. Hansı ölkə öz təhlükəsizliyini düşünməyərək, ən modern silahlarını başqasına verər?

44 günlük müharibə zamanı “rus silahları metallolom materialıdır” deyən ermənilər haqlı çıxdılar, bu ilin əvvəlində isə “özümüzün də modern silahlara ehtiyacımız var” deyən ruslar Ukraynada buna bir daha əmin oldular.

1382853171seferebiyevnazi.jpg (444 KB)

O vaxt bu məsələ RF-nin və Azərbaycanın müdafiə nazirlikləri arasında müzakirə mövzusu olmuşdu, rəsmi Bakı Kremldən izahat tələb etmişdi. Moskvaya deputat qrupu göndərmək təşəbbüsü və niyyəti də açıqlanmışdı. Ancaq bu söhbət yerimədi. Çünki güclü dövlətlərin belə bir xasiyyəti var, söhbət çox irəliləyəndə ortaya “əcəb eləmişik” mövqeyi qoya bilirlər. O zamanlar Rusiya da təxminən elə bir tövr göstərdi. Bundan 10-15 il sonra müdafiə naziri Səfər Əbiyevin Moskvaya səfəri zamanı bu məsələyə yenidən qayıdılmışdı. O vaxt nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bu mövzuda danışarkən belə demişdi: “Səfər Əbiyevin Moskva səfərində digər məsələlərlə yanaşı, bu məsələyə də toxunulub. Bundan əlavə heç nə deyə bilmərəm”.

Beləliklə, Azərbaycan bu davranışa cavabı çox-çox sonralara – 2020-ci ilin oktyabrına saxlamalı oldu. İndi o 1 milyard dollarlıq silahın ələ gələn hissəsi hərbi qənimət kimi “Mariott” otelinin yanında, dəniz qırağındakı parkda saxlanılır.

999.jpg (57 KB)

Bundan başqa, iki il öncə yayılan məlumatda bildirilirdi ki, 44 günlük müharibə zamanı Ermənistan Rusiyadan hərbi texnika alıb. Ancaq bu barədə ictimaiyyətə heç bir açıqlama verilmədi. Yalnız belə bir fikir yayıldı ki, Gürcüstan Rusiya hərbi yük təyyarələrinə hava dəhlizi ayırmaqdan imtina edib və onlar Orta Asiya ölkələrinin sahil zolağı üzərindən uçub, İran üzərindən Ermənistana daxil olublar.

Müharibədən dərhal sonra erməni mətbuatında Rusiyanın Ermənistana 1,1-1.2 milyard dollarlıq hərbi yardım verməsi xəbəri də yayıldı. Belə bir detal açıqlandı ki, guya həmin silah-sursat 200 milyon dollar həcmində olub. Bu “qardaş payı”nın əsl səbəbi isə o imiş ki, Moskva öz forpostunun Azərbaycan qarşısında hərbi cəhətdən zəifləməsində maraqlı deyil. Bununla belə, artıq ermənilərin çoxunun Rusiyadan sidqi sıyrılıb və bu ölkədə keçirilən rəy sorğularında Rusiyaya rəğbətin 10 faiz civarında olduğu göstərilir.

1551915029-501345-franceiran-450x250.jpg (15 KB)

İndi ermənilərin yeni “qardaş-bacı”sı var: İran və Fransa. Hazırda Ermənistana əsas siyasi-hərbi dəstəyi onlar verir.

Ancaq İranın hərbi bəxşişi ilə Rusiyanın 1 milyardlıq yardımı arasında böyük bir fərq var. Rusiya Ermənistana “metallolom” materialı vermişdisə, İranın İrəvana verdiyi raketlərin, necə deyərlər, yağı üstündədir, konveyerdən yeni çıxıblar.

Bu, İranın bizə qarşı aqressiyasının göstəricisidir. İran bizi ermənilərin əliylə “vurmaq” istəyir. Ancaq elə dilində desək, bizim də tüfəngimizə qatıq dolmayıb.

Bax, yazının əvvəlində söz etdiyimiz total konfrontasiya budur. İrana qarşı da cəbhə alan başqa dövlətlər var və onlar İranın mənsub olduğu qeyri-leqal blokdan on qat güclüdürlər.

Xalid KAZIMLI