22 Noyabr 2024

Son dövrlər dünya dövlətləri Azərbaycanla əməkdaşlığa daha çox önəm verirlər

Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi zamanı və müharibədən sonrakı dövrdə çıxışları region dövlətlərinə və beynəlxalq münasibətlərin aparıcı subyektlərinə mesaj baxımından xüsusi əhəmiyyət daşıyır. Dünyanın qabaqcıl ölkələri üçün siyasi müstəqilliyini qoruya bilən və iqtisadi potensiala malik olan Azərbaycan kimi ölkələr əməkdaşlıq baxımından daha çox cəlbedici görünür.

2022–ci ildə İtaliya ilə Azərbaycan arasında Qarabağda quruculuq işlərinə dair müqavilə imzalanıb. Müqaviləyə əsasən Azərbaycan Qarabağda energetika infrastrukturunun yaradılmasında İtaliya ilə əməkdaşlıq edəcək. İşğaldan azad olunmuş ərazilərimizdə görülən işlərin miqyasına görə qardaş Türkiyədən sonra İtaliya şirkətləri fərqlənirlər. Azad olunmuş rayonlarımızda İşğal və Zəfər muzeyləri, Şuşada qədim məscidin bərpası və yeni məscidin inşası da İtaliya şirkətləri tərəfindən həyata keçirilir.

Azərbaycan və İtaliya arasında tərəfdaşlığın mühüm tərkib hissəsi də təhsil sahəsində əməkdaşlıqdır. Belə ki, Bakıda İtaliya – Azərbaycan Universiteti tikilir və beş İtalyan universiteti bu lahiyənin tərəfdaşı qismində çıxış edir.

Azərbaycan İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Prezident İlham Əliyev 2 sentyabr 2022 -ci il tarixdə İtaliyanın Çernobbio şəhərində keçirilən beynəlxalq forumda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edərək, bu barədə danışıb. Cənab Prezident çıxışında qeyd edib ki, Azərbaycan uzun illərdir ki, İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Ölkə rəhbəri öz çıxışında respublikamızın 2,6 trilyon kubmetrə bərabər təbii qaz ehtiyatına malik olduğunu bildirib. Prezident İlham Əliyev forumda Cənub Qaz Dəhlizinin üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sisteminin – Cənubi Qafqaz boru kəməri, Trans – Anadolu (TANAP) boru kəməri və Trans – Adriatik (TAP) boru kəmərlərinin Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynadığını diqqətə çatdırıb. Ölkə başçısı çıxışında azad etdiyimiz ərazilərdə – Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialının çox olması və bu potensialın inkişaf etdirilməsinin əlavə qaz ixracına imkan yaradacağını vurğulayıb.

Cənab Prezident çıxışında bildirib ki, Azərbaycan 30 ildir ki, müstəqil siyasət yeridir. Azərbaycan heç bir zaman özünü nəhəng qonşuların siyasətinə uyğunlaşdırmayıb. Xarici amillərdən müdafiə olunmaq, xüsusilə Ermənistanla sülhə nail olmaq barəsində gələcək planların necə olacağının əhəmiyyətinə diqqətləri çəkib.

Torpaqlarımız 27 il ərzində işğal altında olarkən dəfələrlə beynəlxalq ictimaiyyətə müraciət edilsə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməmişdir.Bu gün beynəlxalq hüquq normalarının pozulduğu, Ukrayna müharibəsinin sonunun nə vaxt və necə bitəcəyi bilinməyən bir dövrdə Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində öz bütövlüyünü bərpa etməsi Azərbaycan xalqının “Dəmir yumruq” altında birləşməsi, Ali Baş Komandanın, Azərbaycan Ordusunun sarsılmaz gücü və iradəsinin nəticəsidir. Xalqımız bu qələbəni danışıqlar yolu ilə yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək qazandı. Bu gün də düşmən tərəfindən törədilən hər bir təxribat Azərbaycan Ordusu tərəfindən qisasla cavablandırılır və geri çəkilməyə məcbur edilir.

YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, Bərdə rayon V.Sadıqov adına Şirvanlı kənd tam orta məktəbin direktoru Nicat İsmayılov