Plastik tullantılardan gələn təhlükədən qorunun
Azərbaycanda son zamanlar plastik qablaşdırma geniş yayılıb. Ekspertlər də ölkədə polimer qablardan və qablaşdırmadan istifadənin artmasının böyük fəsadları barədə həyəcan təbili çalırlar.
Hazırda hər cür plastik materiallardan qablar hazırlanır. Bəzən onların saxlanma şəraitinə və müddətinə baxılmır. Ona görə də bu qablar insan orqanizmində zərərli dəyişikliklər törədir, bədənin reaksiyası pozulur. Bu da xərçəng, tənəffüs sistemi və allergik xəstəliklərə səbəb olur.
Plastik qablaşdırma tullantıları ətraf mühitin çirkləndirilməsinə də öz təsirini göstərir. 1960-cı illərdə bərk məişət tullantılarının tərkibində plastik tullantıların miqdarı 1 faizə qədər idisə, indi bu göstərici 12 faizdən çoxdur. Unutmayaq ki, plastik tullantılar təbiətdə yüz illər ərzində parçalanmır, miqdarı isə ilbəil artır. Araşdırmalar göstərir ki, bu tullantılar düzgün idarə olunmadığından ətraf mühiti çirkləndirir, kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafını ləngidir və məhsuldarlığın aşağı düşməsinə səbəb olur.
Tullantılar canlıların ölümünə səbəb olur
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev deyir ki, plastik qablaşdırma tullantıları ətraf mühiti çirkləndirən əsas faktorlardandır: “Tullantılar ətraf mühiti çirkləndiməklə yanaşı, canlı aləmin, o cümlədən bitkilərin, heyvanların, dəniz bioresurslarının, quşların həyatı üçün təhlükə törədir, onların yaşayış mühitini məhdudlaşdırmaqla ölümünə səbəb olur. Hətta bəzi dəniz canlıları bu tullantıları qida kimi qəbul edərək məhv olur”.
Bunların içərisində polietilen torbalar xüsusi yer tutur. Polietilen torbalar çox yüngül çəkili (qalınlığı 15 mikrona qədər olan) və yüngül çəkili (qalınlığı 15-50 mikron olan) olmaqla qruplaşdırılır. Bir dəfə istifadə üçün nəzərdə tutulmuş çox yüngül çəkili polietilen torbalar təbiətə düşdükdən sonra onları geri yığmaq iqtisadi cəhətdən səmərəli olmadığı üçün ətraf mühitin çirklənməsində rolu daha çoxdur.
Mehman Nəbiyev polietilen torbalardan istifadənin azaldılması məqsədilə müəyyən tədbirlərin görüldüyünü bildirib: “Ölkəmizdə həm müasir təcrübə, həm yerli şərait nəzərə alınmaqla birdəfə istifadə üçün nəzərdə tutulmuş plastik məhsullar, eləcə də qalınlığı 15 mikrona qədər olan polietilen torbalar qadağan olunmuş, qalınlığı 15-50 mikron olan nisbətən qalın polietilen torbalardan istifadənin azaldılması məqsədilə bu məhsulların marketlərdə alıcılara ayrıca məhsul kimi satışı ilə bağlı qərar qəbul edilmişdir. Bu qərarların qəbul olunmasında məqsəd ətraf mühitin çirklənməsində daha çox paya malik plastiklərin əvəzində onların alternativlərinin istehsalının və idxalının təşviq olunmasıdır”.
Tullantılara qarşı məqsədyönlü işlər aparılır
Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi, onların səmərəli idarə olunması ilə bağlı tədbirlərin görülməsi zəruridir. Son illərdə Azərbaycanda da bu istiqamətdə bir sıra məqsədyönlü işlər aparılıb.
Ölkədə emal və xidmət müəssisələrinin qurulmasına dəstək məqsədilə Prezidentin 2011-ci il 28 dekabr tarixli sərəncamı ilə Balaxanı Sənaye Parkı yaradılıb.
Bundan əlavə, dövlət başçısı İlham Əliyev 2019-cu il fevralın 7-də “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Tədbirlər Planı 2020-ci ilədək strateji baxışı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışını əhatə edir. Burada sahə üzrə idarəetmənin səmərəliliyinə və yüksək xidmət səviyyəsinə nail olmaq üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Ekologiyanı bu tullantılardan qorumaq üçün bu məhsullardan istifadəni tədricən azaltmaq, əvəzində alternativ materialdan olan məhsullara üstünlük vermək lazımdır.
Hər birimiz ətraf mühitin mühafizəsi və insanların sağlamlığı məqsədilə polietilen torbaların, plastik qabların alternativlərindən olan şüşə qablardan, parça və kağız torbalardan istifadəyə üstünlük verməliyik. Unutmayaq ki, bu, sağlamlığımızı qorumaq üçün vacibdir.
Elşən YƏHYAYEV,
“Azərbaycan”