22 Noyabr 2024

“Burdan min atlı keçdi…”

İrəvan Dövlət Azərbaycan Dram Teatrının tamaşası haqqında

Yazıçı, dramaturq, şair Hidayətin imzasını 50 il bundan əvvəl tanıyıram. Onda hələ Ağdaş rayonunda bir kənd məktəbində oxuyurdum. Ədəbiyyat müəllimi olan atam hər həftə “Ədəbiyyat və İncəsənət” (o zaman belə adlanırdı) qəzeti alırdı və həmin qəzetin ayrı-ayrı saylarında onda hələ İrəvanda yaşayan İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru olan Hidayətin məqalələrini maraqla oxuyurdum. Bakıya təhsil almağa gələndən sonra ədəbi-bədii yaradıcılığı ilə tanış oldum. Nəhayət Bakıda, İstanbulda çox görüşdük. Bu görüşlər zamanı ədəbiyyat, incəsənət, şeir, sənət, siyasət barədə çox maraqlı söhbətlərimiz oldu və mən həmişə bu söhbətləri məmnuniyyət hissləri ilə xatırlayıram…

Bu “Tarixi-Nadir”i yazmaqda məqsədim var. Bu günlərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrının Hidayətin “Burdan min atlı keçdi…” kitabı əsasında hazırladığı eyniadlı tamaşaya baxdım. Tamamilə səmimi deyirəm, son zamanlar belə maraqlı, aktyor oyunu ilə zəngin və məzmunu ilə məni valeh edən səhnə əsərinə tamaşa etməmişdim. Tamaşa o qədər diqqətlə izlənilirdi ki, salondakıların yalnız sürəkli alqışları eşidilirdi. Hər şeydən əvvəl tamaşada böyük azərbaycanlı Heydər Əliyevin obrazı canlandırılırdı. Və Heydər Əliyev obrazını əvvəllər də yüksək sənətkarlıqla yaradan istedadlı aktyor, əməkdar mədəniyyət işçisi İftixar Piriyev tamaşaçıları bir daha heyrətə saldı. Bəli, biz səhnədə Heydər Əliyev şəxsiyyətini sanki canlı görürdük. Böyük rəhbərin, Ümummilli Liderin Azərbaycan dövləti, Azərbaycan xalqı üçün nələr etdiklərinin, ermənilərlə ölüm-dirim mübarizəsinin bir daha şahidi olduq. Səs də onunku idi, yeriş-duruş da, mübarizə əzmi, qalibiyyət, həmişə birinci olmaq, əzəmət də! Sözlər, jestlər hamısı yerli-yerində idi. Aktyor İftixar Piriyev (o, həm də teatrın direktorudur) doğrudan Heydər Əliyev obrazında nə qədər möhtəşəm görünür!.. Bu fikirlərimə inanmaq istəyirsinizsə, tamaşaya baxmağınız kifayətdir.

Yazının əvvəlində Hidayət müəllimlə tanışlığım və sonrakı əlaqələrim haqqında qeydlər etməyimin bir səbəbi də ondan ibarətdir ki, tamaşada Ədib obrazı məhz Hidayətin özüdür. 1968-ci ildə “Sovet Ermənistanı” qəzetində işləyəndə o, İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor vəzifəsinə təyin olunarkən (Ədib) Ermənistan KP MK ideologiya üzrə katibi ilə görüşür. Katiblə Ədibin arasında qısa söhbət olur. Katib Ədibdən erməni dilini bilib-bilmədiyini soruşur. Ədib “bir az bilirəm” cavabını verəndə Katib “yaxşı öyrənmək lazımdı, cavan oğlan. Siz erməni kollektivinə gedəcəksiniz. Erməni dilini bilmədən burada işləmək çətin olacaq. Bura Ermənistandır. Paytaxtdır. Yerəvandır” – deyir. Ədib isə “İrəvan…” – deyə xatırladır. Bu cavab Katibə toxunsa da özünü o yerə qoymur. Sonra Katib Ədibin şeir yazdığını da eşitdiyini deyir. Şeir barədə də qısa söhbət edirlər. Nəhayət, Xaçaturyan öz əlaltısı olan katibəsini Ədibə “sırımaq” istəyir. Əlbəttə, Ədib ona fikir vermir, katibəyə gözünün ucu ilə də baxmır. Ədib obrazını aktyor Natiq Həziyev, Katib obrazını isə əməkdar artist Sərvər Əliyev böyük məharətlə oynayırlar. Səhnədə az görünən katibə obrazını aktrisa Güney Əliyeva yüngül əxlaqlı erməni qızın düşük hərəkətlərini tamaşaçıya həyatda olduğu kimi göstərə bilir.

Katiblə görüşdən sonra Ədibi Mədəniyyət Nazirliyinə yola salarkən köməkçi Asmik soruşur ki, “o boyda teatrda necə işləyəcək görəsən?”. Katib deyir ki, “işləsin, baxarıq. Buynuzları çıxar, əzərik.”. Asmik “mən başa düşə bilmirəm, niyə biz bu türklərə belə üz veririk? Ümumiyyətlə, nəyə lazımdır, burda onların teatrı?”, – deyə donquldanır. Anton Koçinyan da nə cavab versə yaxşıdır: “Elə bilirsən bizim ürəyimiz gedir onlar üçün? Axı, biz də Azərbaycanda erməni teatrı açmaq istəyirik. Heydər Əliyevin gəlişi bu məsələni dayandırdı. O, məsələnin mahiyyətinə varmayınca heç nə etməyəcək. Bircə Bakıda o teatrı aça bilsəydik, ora erməni ideologiyasının mərkəzinə çevriləcək, Stepanakertdəki teatr kimi… Sən belə şeyləri bilməzsən, axçi”.

Baxın, müəllif ermənilərin iç üzünü belə açır…

Sonra Ermənistan KP MK-nın birinci katibi Anton Koçinyan köməkçisindən Heydər Əliyevin kimliyini soruşur. O da cavab verir ki, “təhlükəsizlik orqanında çalışıb. 46 yaşı var. Çekistdir. Əslən Ermənistanlıdır. Zəngəzurludur, Sisyandandır”.

Koçinyan “hm… Heyf… vəzifədən gedən birinci katib üzüyola adam idi, bizə qulaq asırdı. Heç vaxt torpaq iddiasına yox demədi. Bu necə olacaq, görəsən, ondan torpaq qoparmaq mümkün olacaqmı?”, – deyə düşüncələrə dalır.

Heydər Əliyevin hakimiyyətə gəlməsi münasibəti ilə Koçinyan zəng edərək onu təbrik edir. Heydər Əliyev də İrəvanda soyadaşlarımızın vəziyyəti ilə maraqlanır. Koçinyan “İşləyirlər, yaşayırlar, mehriban şəraitdə. Şikayətləri yoxdur, gözümüz daim üstlərindədir” – deyir. Heydər Əliyev “Bizim teatrın kollektivi necə, problemləri yoxdur ki”, – deyə soruşur. Koçinyan da riyakarcasına cavab verir ki, “Xeyr, yoldaş Əliyev! Onlara yaradılan şərait heç öz teatrlarımıza yaradılmayıb, təkcə bina məsələsi qalıb…” cavabını verir. Heydər Əliyev “yəni, o boyda İrəvanda bir bina tapılmadı ki, verilsin teatra? əgər imkanınız yoxdursa, biz gələk öz hesabımıza bir bina tikib verək onlara” -deyir.

Koçinyan Heydər Əliyevi İrəvana dəvət edir, Heydər Əliyev razılaşmır, “sərhəddə görüşərik” – deyir. Koçinyan “Mən sizi Dilicana dəvət edirəm, Heydər Əlirza oğlu, indi, bu yayın cırhacırında ən gözəl yer oradır” – fikrini irəli sürür. Heydər Əliyev: “Yenə səni gördüm Dilican dərəsi, yadıma çox qədim zamanlar gəlir… Səməd Vurğunun şeiridir. Mən də çox keçmişəm o yerlərdən… Ancaq əvvəlcə Qazaxda görüşərik, sonra Dilicana…” təklifini verir. Telefon danışığı bitir. Sonra Koçinyan əlavə edir ki, “çox zəhmli səsi var”.

Yeri gəlmişkən deyim ki, Koçinyanın köməkçisi rolunu teatrın aktyoru Samir Əliyev oynayır və hər ləhcədə, bütün hərəkətlərində erməni xislətini göstərə bilir.

Ermənistan Mədəniyyət Nazirliyində keçirilən kollegiya səhnəsi də maraqlıdır. Nazir xanım teatrların rəhbərlərini bir-bir qaldırıb danlayır ki, nə iş görmüsünüz? Amma İrəvan Dövlət Azərbaycan Dram Teatrının fəaliyyətini tərifləyir. “Arşın mal alan” tamaşasını və başqa səhnə əsərlərini müvəffəqiyyətlə nümayiş etdiklərini nəzərə çatdırır. Ədib həmin kollegiyada teatrın maddi bazasının zəif olduğunu, hələ də teatra bina ayrılmadığını nazirin diqqətinə çatdırır. Nazir isə susur. Ermənistan mədəniyyət naziri rolunda Əməkdar artist Xatirə Süleymanova kobud, özündən razı erməni nazirin obrazını müəvəffəqiyyətlə oynayır. Yeri gəlmişkən, erməni teatrının direktoru rolunda aktyor Anar Buludov bacarıqsız teatr rəhbəri olduğunu bütün jestrləri ilə büruzə verir. Doğrusu, erməni də olsa, adamın ona yazığı gəlir. Çünki Azərbaycan teatrının direktorunun gördüyü işləri nazir gözgörəsi tərifləyir. Kollegiyadan sonra erməni teatrının direktoru Ədibə yaxınlaşıb “Nazirin teatrınıza bina vermək vədi boş söhbətdir. Sizə heç vaxt bina vrməyəcəklər” sözləri də tamaşaçıları ermənilərin bizə münasibətini anlamağa vadar edir. Erməni teatrının direktoru fikrini sübut etmək üçün Azərbaycan teatrının direktoruna hərtəfəli inkişaf etdiklərini söyləyərək deyir: “Binasız da sizin teatr İrəvanın ən qüdrətli teatrına çevrilə bilər. Bunu isə nə erməni naziri, nə də sənin dostun mən erməninin gözü götürməz. Ona görə də bina məsələsi üçün özünü yorma” deyəndə Ədib dillənir: “Erməni ki, erməni!”.

Tamaşada İrəvan Şəhər Partiya Komitəsinin katibi Stepanyanın (aktyor Oqtay Mehdiyev) Təlimatçının (aktyor Rövşən Cəfərov) dialoqu da maraqla baxılır. Stepanyan Ədibin Babək haqqında yazdığı şeiri oxuyur, sonra Təlimatçıya deyir: “Sən bunda cəsarətə bax! Oturasan Yerəvanın göbəyində, ermənilərin düşməni olan Babəkdən şeir yazasan, sonra da onu nəşr etdirəsən! Bu necə olur, hə?” Təlimatçı da izah edir: “Bizim nəşriyyatda bu kitabın nəşrinə mane olmaq istədilər, amma təəssüf ki, mümkün olmadı. Burada Azərbaycan ziyalılarının mövqeyi hələ ki, güclüdür. Xüsusən Heydər Əliyev hakimiyyətə gələndə sonra onlar daha da gücləniblər”.

Sonra Stepanyanla Ədib arasında söhbət olur. Ədib bildirir ki, teatrda işləyənlərin mənzili yoxdur. Stepanyan isə “lazım gəlsə teatrı bağlayarıq…” deyir. Əsəbilik yaranır, Ədib kabineti tərk edib gedərkən, Təlimatçı onun arxasınca qaçıb bildirir ki, Stepanyan Babək şeirinə görə qəzəblənib… “Axı, deyirlər Babək əlli min erməni qırıb…”. Ədib gülərək “sizin hesablamalara görə dünyada nə qədər erməni olub ki, min illərdir qırılır, amma nədənsə qırılıb qurtarmır. Bu nə cəfəngiyyatdır” – deyir.

Ermənistan KP MK-nın birinci katibi Koçinyanın Dilicanda Heydər Əliyevlə görüşü zamanı söhbətləri çox ibrətamizdir. Koçinyan Heydər Əliyevə bildirir: “Hər iki respublikanın MK büroları, Ali Sovetlərin Rəyasət Heyətləri Azərbaycandan bəzi ərazilərin Ermənistana verilməsi barədə qərar qəbul ediblər. Sizdən xahişim budur ki, bu qərarların icrasını sürətləndirəsiniz”. Heydər Əliyev qəti surətdə etiraz edir və deyir: “O qərarların nə hüquqi əsası var, nə də məntiqi”. Koçinyan “axı, tarixilik var” – deyir. Heydər Əliyev ona belə cavab verir: “Əsl tarixilik odur ki, indi biz olduğumuz yer – Dilican qədim Azərbaycan torpağıdır. Qırx ildir ki, toponimləri dəyişirlər, yenə başa çatmır. Mən telefonda sizə Səməd Vurğunun şeirini dedim: “Yenə səni gördüm, Dilican dərəsi, yadıma çox qədim zamanlar gəlir…” Şair elə-belə deməyib ki, “yadıma çox qədim zanalar gəlir…” Anton, Anton, doğurdanmı sən bilmirsən bugünkü Ermənistan əsasən Azərbaycan torpaqlarının hesabına yaranıb? … Azərbaycan heç kimə öz torpaqlarından bir qarış da verməyəcək”.

Tamaşada azərbaycanlı polis işçisi Lətif Nəsirovun (aktyor Bəhruz Hikmətoğlu) kəmərini açıb rəisi döyməsi də tamaşaçıların ürəyindən tikan çıxarır. Aktyor Niyaməddin Səfərəliyev erməni rəis Saxmazasyan rolunda olduqca hiyləgər və qorxaqdır.

Tamaşada Koçinyanın Suslovla görüşü də maraqla izlənir. Koçinyan Kremldə Suslovla görüşündə ermənilərin Qarabağda pis həyat sürdüklərindən bəhs edir, yenə torpaq iddiası qaldırır. Suslov isə onun cavabını yaxşı verir: “Məgər Qarabağ Azərbaycan torpağı deyil?” Sonra da Suslovun Heydər Əliyevlə görüşü canlandırılır. Suslov Heydər Əliyevi və Azərbaycanı müdafiə edir, Heydər Əliyevə olan böyük hörmətini bildirir. Aktyor Nazir Rüstəmov Suslovun Heydər Əliyevə və Azərbaycan xalqına həssas münasibətini böyük ustalıqla canlandırır.

Pyesdə Emənistan Ali Sovetinin sədri Harutunyanın məmurlarla söhbətləri də tamaşaçını düşündürür. Harutunyan (aktyor Oqtay Mehdiyev) Heydər Əliyevin Siyasi Büroya üzv seçilməsini “ağır xəbər” adlandırır və deyir ki, “Ermənistan üçün faciəli xəbərdir”. Məmurlardan biri də dillənir ki, “bundan sonra Kremlə yolumuz çətinləşəcək. Dənizdən – dənizə böyük Ermənistan ideyası məhv olub getdi”. Və Harutunyan başda olmaqla Heydər Əliyevi necə ləkələmək, necə aradan götürmək haqqında planlar qururlar: “O, aradan götürülməsə, Qarabağ bizə vətən yox, məhbəs olacaq!”

Tamaşada Yeqor Liqaçovla Heydər Əliyevin üz-üzə dialoqları da təsirləndiricidir. Liqaçov Heydər Əliyevə istefa verməyi təklif edir. “Heydər Əliyeviç… Siz xəstəlikdən təzəcə qalxmısınız, Heydər Əliyeviç, ona görə mübahisə etmək istəmirəm. Məsləhət görərdim ki, öz səhhətinizin qayğısına qalasınız. Mən sizin yerinizdə olsaydım, istefa verib, rahat ömür yaşayardım…” Heydər Əliyev əsəbi şəkildə Liqaçova Qarabağın tarixi haqqında bir kitab verərək deyir ki, “məsləhət görərdim bu kitabı oxuyasınız” və kabineti tərk edir. Liqaçov rolunda Xalq artisti Məzahir Süleymanov möhtəşəmdir. Liqaçovun ermənilərin dostu olmamasını bütün səhnə hərəkətləri ilə nümayiş etdirir.

Tamaşada Azərbaycan KP MK-nın birinci katibi olmuş Kamran Bağırovun da obrazı canlandırılır. Aktyor Əmrulla Nurullayev birinci katibin səhvləri, Qarabağda iştişaşların başlanması, başımıza gələn bəlaların səbəbkarlarından biri olmasını tamaşaçılara çatdıra bilir. Qarbağda insanlar ayağa qalxanda bir yaşlı ananın dilindən səslənən “hardasan, ay Heydər Əliyev, hardasan?!” ah-naləsi tamaşaçıları çox təsirləndirir.

Tamaşanın finalında Azərbaycan Prezidenti İlham Əliyevin nidaları eşidilir: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Gözün aydın olsun, Azərbaycan! Əziz Şuşa, sən azadsan! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Xeyrəddin QOCA