Bahalaşma olmaması üçün…
Süni qiymət artımlarının qarşısı necə alınır?
Dünya əmtəə bazarlarında ərzaq məhsullarının kəskin bahalaşması əksər ölkələrdə inflyasiyanın sürətlənməsi ilə müşayiət olunmaqla yanaşı, makroiqtisadi sabitliyə mənfi təsiretmə risklərini də artırıb.
Ötən ilin ikinci yarısından qlobal inflyasiyanın xərc amillərinin aktivləşməsi, eləcə də Azərbaycanın əsas ticarət tərəfdaşları olan ölkələrdə qiymət artımı respublikamıza idxal olunan məhsulların bahalaşmasında öz əksini tapıb. Bu səbəbdən il ərzində inflyasiyanın artaraq hədəflənən səviyyəni üstələməsi onun iqtisadi fəallığa və əhalinin sosial rifahına mənfi təsirlərinin azaldılması istiqamətində tədbirlər görülməsini zəruri edib.
Belə bir şəraitdə ölkəmizdə makroiqtisadi sabitlik naminə dünya ərzaq qiymətlərinin daxili istehlak bazarına təsirləri azaldılmalı və əhalinin real gəlirləri və alıcılıq qabiliyyəti inflyasiya artımı şəraitində qorunmalıdır. Cari ilin birinci rübündən Azərbaycan hökumətinin qarşısındakı ən prioritet məsələlərdən biri də qiymət artımlarına qarşı mübarizə və antiinflyasiya tədbirlərinin gücləndirilməsidir. Bu hədəfə çatmaq üçün qiymətlərin yuxarı səviyyədə və qalıcı olmasının qarşısının alınması üçün qiymətartırıcı amillərin sabitləşdirilməsi, həmçinin zəruri gündəlik tələbat məhsulları üzrə daxili istehsalın təşviqi sahəsində mühüm işlər görülür.
Dünya və region bazarlarındakı qiymət artımları idxal inflyasiyasını aktivləşdirir. Dövlət Statistika Komitəsinin elan etdiyi rəqəmlərdə də inflyasiya səviyyəsinin birinci rüb üçün ikirəqəmli olması qeyd olunur. Xüsusən istehlak bazarında aparılan monitorinqlər göstərir ki, ölkəmizdə süni şəkildə qiymətlərin artırılması tendensiyası bu ilin birinci rübündə də özünü göstərib. Bu kontekstdən hökumət antiinflyasiya tədbirlərini daha da gücləndirib. Dövlət tərəfindən sahibkarlığın təşviqi ilə bağlı yeni mexanizmlər tətbiq edilməyə başlanılıb. Nazirlər Kabineti minimum istehlak səbətinə daxil olan istehsal və emalın güzəştli kreditlər vasitəsilə maliyyələşdirilməsi, eyni zamanda, həmin məhsulların emalı üçün subsidiyanın verilməsi ilə bağlı qərar qəbul edib. Bu da xərcin azaldılması baxımından vacibdir.
Ölkədə sahibkarlığa dövlət dəstəyi daha da artırılıb. Məqsəd istehlak bazarında stabilliyin qorunub saxlanılması, qlobal bazarda baş verən qiymət artımlarının təsirlərini minimumlaşdırmaqdan ibarətdir. Sahibkarlar tərəfindən də sosial korporativ məsuliyyətin nümayiş etdirilməsi və süni qiymət artımlarına gedilməməsi çox vacibdir.