Baş Komandanın Şuşadan mühüm çağırışları: “Heç olmasa ildə bir dəfə hər bir azərbaycanlı…”
Azərbaycanlılarının birliyinin təmin olunmasının ən böyük mənası elə dünya çapında məkrli düşmənə qarşı effektli, koordinasiyalı mübarizənin təşkili, zaman-zaman itirdiyimiz torpaqlarımıza qayıdışımıza nail olmaq idi. Sözsüz ki, böyük qələbənin aparıcı qüvvəsi Azərbaycan dövləti, şanlı ordumuz, qəhrəman əsgərimizdir, amma erməniçiliyə qarşı informasiya savaşında 60 milyona yaxın soydaşımızın olduqları məkanda imkanları çərçivəsində ortaya mövqe qoyması vacib məsələydi və artıq nəticə ortadadır.
Dünyanın 65 ölkəsindən 400-ə yaxın diaspor nümayəndəmizin Şuşada – Zəfər Qurultayında bir araya gəlməsi möhtəşəm hadisə olmaqla yanaşı, həm də soydaşlarımızın halal haqqı idi. Dövlətimiz Azərbaycan sevdalı insanların bir hissəsinə bu, tarixi fürsəti yaratdı, möhtəşəm hadisəyə şahidlik edən dostlar sevindi, bu qurultay düşmənə göz dağı oldu.
İndiyədək Bakıda keçirilən dörd qurultayda ən böyük arzu, istək dilə gətirilmişdi. 5-ci qurultay arzularımızın ünvanında reallaşdı! Bundan gözəl nə ola bilərdi? Heç nə!
İllər öncə Rusiyadakı Qarabağ tədbirləri çərçivəsində bir neçə soydaşımızın inamsızlığını müşahidə etmişdim, hətta bəziləri hakimiyyətin fəaliyyətinə tənqidi yanaşıb, torpaqlarımızın azadlığı üçün savaş qərarının verilməyəcəyini iddia etmişdilər. Onlara cavab olaraq demişdim ki, Azərbaycanın işğal altındakı ərazilərinin azad olunmasını Prezident bizim hamımızdan çox istəyir, bu hadisə baş verəcəksə, o halda adını Azərbaycanın şərəf tarixinə əbədi yazdıracaq! Öz torpağını azad etməyi hansı dövlət başçısı istəməzdi ki?..
Prezident İlham Əliyevin aprelin 22-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının 5-ci Qurultayındakı çıxışı onun zəfərimizi nə qədər çox istədiyini, bu hədəfə doğru nə qədər səy göstərdiyini növbəti dəfə göstərdi. Qürur və sevinc hissləri aydın sezilirdi bütün çıxışı boyunca. Yüksək səmimiyyət də öz yerində. Dünyanın 65 ölkəsindən təşrif buyurmuş 400-dək nümayəndənin qarşısındakı çıxışını yekunlaşdırarkən “Hamı bir yerdə: Qarabağ Azərbaycandır!” deməklə, əslində bütün dünya azərbaycanlılarına bir daha Qarabağın vazkeçilməzliyi mesajını vermiş oldu.
Dünya Azərbaycanlılarının IV Qurultayı 2016-cı ilin 3-4 iyun tarixlərində, Bakıda keçirilmişdi, Aprel döyüşlərindən iki ay sonra…O zaman 49 ölkədən gəlmiş qurultay iştirakçıları qarşısında çıxış edən dövlət başçısı “Aprel döyüşləri bir daha Azərbaycanın qüdrətini, Ordumuzun gücünü göstərdi. Xahiş edirəm ki, bütün dünya azərbaycanlıları adından bizim qəhrəman hərbçilərimizi salamlayaq. Eşq olsun, Azərbaycan Ordusuna! Yaşasın, Azərbaycan!”-deyərək, çıxışını yekunlaşdırmışdı. Onda hələ Qarabağ Azərbaycan deyildi. Bu günsə diaspor nümayəndələrimiz Şuşadan üzü aşağı, Xankəndi istiqamətinə baxır və çox tezliklə bayrağımızın Xanın kəndində dalğalanacağına əminliyini ifadə edirlər.
Ölkə başçısı qürurla, fəxarətlə “Azərbaycan Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçirir. Qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir”-söylədi, hər kəsi qürurlandırdı. 2003-cü ildə söz vermişdi: “Mən hər bir azərbaycanlının prezidenti olacağam”. Və 19 il sonra dünyanın 65 ölkəsində yaşayan azərbaycanlıların qarşısında, özü də azad Şuşada çıxış etdi.
Şuşanın yağıdan təmizlənməsi, əbədi sahibinə qaytarılması bir tarixi missiya idi heç şübhəsiz. Ali Baş Komandan bu missiyanı üzərinə götürən və şərəflə icra edən qəhrəman əsgərlərinə növbəti dəfə yüksək dəyər verdi. “Bu, tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər”, söylədi Baş Komandan. Amma bu da var ki, istənilən güclü ordunun zəfərini şərtləndirən əsas amil sərkərdənin məharətidir.
Əbəs yerə deyilməyib:
“Sərkərdə güclü olsa,
Getməz heç ordu bada…”
Möhtəşəm tarixi zəfəri qazanmış müzəffər ordunun Ali Baş Komandanının məmnunluğu hər sözündən bəlliydi: “Ulu Öndərin davamçıları V qurultayı Şuşada keçirir. Mədəniyyətimizin paytaxtı olan Şuşa öz doğmalarını günəşli hava ilə qarşılayır və bu onu göstərir ki, bu, bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir”.
Dövlət başçısı dünya boyunca yaşayan soydaşlarımızın vəhdətinin, birliyinin nə qədər önəmli olduğunu bir daha bəyan etdi. Sitat: “Dünya Azərbaycanlılarının həmrəyliyi Qələbə ilə yekunlaşdı. Həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Hər birimiz hər gün öz əməyimizlə, işimizlə, hərə öz yerində bu Qələbə gününü yaxınlaşdırdıq. Torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi”.
Bu yerdə kiçik bir xatırlatma edək: 4-cü Qurultayda dövlət başçısı diaspor təşkilatları qarşısındakı vəzifələrdən bəhs edərkən demişdi ki, diaspor təşkilatları yaşadıqları ölkələrdə internet saytları açmalıdırlar: “Biz bunu hələ ki, görmürük. O internet saytları yaşadıqları ölkələrin ictimaiyyəti üçün maraqlı olmalıdır, eyni zamanda, Azərbaycan həqiqətləri orada göstərilməlidir. Bu proses daim aparılmalıdır. Azərbaycan dilində və xarici dillərdə qəzetlər dərc edilməlidir ki, azərbaycanlılar, onların övladları oxusunlar, Ana dilini bilsinlər, həm də o ölkələrin ictimaiyyəti oxusun”.
İnformasiya müharibəsinin getdiyi bu dönəmdə dövlət başçımızın xaricdəki azərbaycanlılara internet mediası ilə bağlı xitabının nə qədər önəmli və zəruri olduğu bir daha öz təsdiqini tapır. Bu istiqamətdə nə qədər effektli addımlar atılıb, hələlik demək çətindir. Prezident bu mövzudakı hədəfləri yenidən xatırlatmaqla mövzunun əhəmiyyətinə bir daha diqqət cəlb elədi. Buyurun: “Hər birimiz – həm Azərbaycan hökuməti, həm səfirliklər, diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar. Xaricdə yaşayan azərbaycanlıların bu sahədə daha böyük imkanları var. Son illər ərzində bizim diaspor təşkilatlarımız çox fəallaşıb. Hətta erməni radikal qüvvələrinin fiziki hücumlarına baxmayaraq, – onlar yenə də say çoxluğundan istifadə edib bizim fəallara qarşı cinayət törətmişlər, – azərbaycanlılar öz sözünü demişdilər, bu gün də bunu etmək lazımdır”.
Olduqca vacib məqamlardır. Həm də o deməkdir ki, görülən işlərlə kifayətlənmək olmaz, əks halda beynəlxalq miqyasda “tibuna” və “yüksəkliklər”i əldən verə bilərik. Sayımız düşmənlə müqayisədə qat-qat artıqdır, xaricdəki 460-dan çox diaspor təşkilatımızın olması da faktdır, kiçik rəqəm deyil. Qarşımızda nə qədər məkrli, kinli, iblis qiyafəli düşmənin olduğunu qəti şəkildə unutmamalıyıq. Bu düşmənin murdarlığını azərbaycanlıların Şuşa Zirvəsinə verdiyi xəstə reaksiyalardan bir daha gördük: qədim şəhərimizə toplaşmağını da sinirə bilmir, həyasızcasına iddialar irəli sürürlər. Erməniçiliyin nə qədər sağalmaz mərəz olduğunu elə ötən gecə – 23 apredə – İrəvanda keçirilən aksiyalar sübut elədi. Təsəvvür edin, Türkiyə və Azərbaycan bir sərdən çoxdur hər cür şərəfsizlik, alçaqlıq edən, olmazın cinayətlərə yol verən ermənilərə xilas yolunu göstərir, əl uzadır, sərhədlərini açmaq, dalandan çıxartmaq istəyir, amma bunlar bir araya gəlib xilaskar ölkələrin bayraqlarına od vururlar. Biz ləyaqətlə mübarizə aparırıq, düşmənə döyüş meydanında od qoyuruq, bunlarsa şərəfsizlik yolunda irəliləməkdən usanmırlar. Bundan sonra da dəyişməyəcəklər. Odur ki, Azərbaycan Prezidentinin bütün dünya azərbaycanlılarına xitabı, çağırışı olduqca mühüm vəzifələri qarşıya qoyur. Bəli, Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında daim beynəlxalq ictimaiyyətiniməlumatlandırmalıyıq. XIX əsrdə, XX əsrin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, 1978-ci ildə ermənilərin Qarabağa 150 il əvvəl köçürülməsini sübut edən abidənin qoyulması, işğal dönəmində isə izin itirilməsi məqsədilə həmin abidənin elə ermənilər tərəfindən dağıdılması kimi faktları bütün dünyaya yaymaq lazımdır.
Həm də bundan sonra diaspor nümayəndələrimizin “bir ayağı” Qarabağda olmalıdır. Bu da önəmli bir vəzifədir ki, ölkə başçısı Şuşa tribunasından soydaşlara ünvanladı: “Xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olmalıdırlar. Heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, çox yaxşı olar – xüsusilə azad edilmiş torpaqlara getmək üçün. Azad edilmiş ərazilər on min kvadratkilometrdən çoxdur və indi marşrutlar da açılır, aeroportlar da tikilir. Ona görə gəliş-gediş çox rahat olacaq”.
İşğal dönəmində erməni diasporunun əsas tezisi “hər şey Qarabağ üçün” idi. Məkrli düşməndən bu mənada öyrənmək pis olmaz. Dünyanın ən ucqar nöqtəsində yaşayan azərbaycanlı da özünü Qarabağlı hesab etməlidir bundan sonra!
Dövlət başçısı diaspor nümayəndələrinə konkret “düsturlar” da təqdim etdi. Məsələn: “Tarixi amillər həmişə istənilən münaqişənin siyasi və digər yollarla həll edilməsi üçün çox vacibdir. XIX əsrdə imzalanmış müqavilələri beynəlxalq ictimaiyyətə çatdırmaq kifayətdir. Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələri. Orada erməni əhalisindən söhbət getmir. Kürəkçay müqaviləsini İbrahimxəlil xan Şuşalı və Qarabağlı, – titulu belə də gedib, – imzalayıb. XIX əsrin bu tarixi hadisələrindənsonra Qarabağa ermənilərin kütləvi köçü başlamışdır. Bu da heç kimə sirr deyil və artıq dünya ictimaiyyəti, ekspertlər bunu bilir”.
Bu kimi yol xəritələri dünya ölkələrində yaşayan soydaşlarımızın yaddaş kitabçasında, fəaliyyətində əksini tapacaqsa, inanın ki, hər yerdə tezliklə fəaliyyətimizin faydasını görəcəyik.
Dövlət başçısı Şuşa Zirvəsində bir daha xatırlatdı ki, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi, ondan iki il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı Ermənistana bağışlaması, bu da sənədlərlə təsdiq olunan faktdır. Daha sonra Azərbaycana qarşı edilən cinayətlər, pislikləri sadaladı dövlətimizin başçısı…
Bütün bunlar xalqımızın başına gətirilən dəhşətli müsibətlərdir və bu faktları hər yerdə erməniçiliyin gözünə soxmaq lazımdır. Bunu da yalnız dövlət, onun rəsmi qurumları, diplomatik korpusu etməməlidir, nəhəng diasporumuz öz “çiynini” bu yükün altına verməli, erməni lobbisinin və diasporunun saxta iddialarını “nöqtəli zərbələr”lə susdurmalıdır. Effektli mübarizə aparılavcaqsa, bu, həm də sərhədlərimizdəki əsgərimizin həyatının sığortalanması olacaq.
Zəfər Qurultayı yekunlaşdı. Azərbaycan tarixinə növbəti İLK yazıldı. Amma zəfər, qələbə dolu törənlərimiz davam edəcək. “Şuşa ili”ndə Pənahəli xanın yurdunun 270 illiyini təntələni şəkildə qeyd edəcəyik. Digər önəmli tədbirlərimiz də var. Bu tədbirlər Mədəniyyətimizin paytaxtı olan Şuşada əbədi yaşayacağımızı, bu haqqı bir daha bizdən beç bir gücün ala bilməyəcəyini təsdiqləyir. Şuşasızlığın nə qədər dəhşətli həyat olduğunu hamılıqla dərk etdik işğal dönəmində. Şuşanın nə qədər önəmli ünvan olduğunu düşmən də yaxşı bilir. Elə bu günlərdə Nikol Paşinyan ondan müharibəni ilk günlərdə niyə dayandırmadın, soruşanlara cavab olaraq “Şuşasız Qarabağda müharibəni dayandırmaq və ya qarşısını almaq mümkün olmazdı. “Bizə deyirlər ki, Şuşanı verdiniz. Müharibə elə məhz Şuşaya görə gedirdi”, demişdi. Ermənistan da bilir ki, Şuşa kimdədirsə, Qarabağ da ondadır!
Azərbaycan Prezidenti 2020-ci ilin oktyabrının ilk günlərində əbəs yerə demirdi: “Şuşasız işimiz yarımçıq qalar”. Şuşa fəth olundu, işlərimiz bütövləşdi, savaş dayandı.
Şuşa Zirvəsində dövlət başçısı Qarabağda qazanılan ədalətli qələbəmizdən bəhs edəkdən bir daha xatırlatdı ki, Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi. Amma onu da qeyd etdi ki, ötən illərdə beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətini pərdələmək və Azərbaycanı bu acı vəziyyətlə barışdırmaq məqsədi güdürdü. Prezidentin dedikləri nə qədər çətin bir mərhələləri adladığımızın sübutdur. Sitat: “Azərbaycan təkcə Ermənistanla müharibəni aparmayıb. Azərbaycan yalnız dünya erməniliyi ilə müharibə aparmayıb, eyni zamanda Ermənistanın himayədarları ilə də müharibəni aparıb və bu müharibədə Qələbə qazanıb. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür. Sübut etmişik ki, ölümə getməyə hazırıq”.
Və nəhayət: “Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq. Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Xalq öz torpaqlarındadır. Bu torpaqda möhkəm dayanıb və heç kim heç vaxt bu torpaqlardan xalqımızı tərpədə bilməz!”
Yəni soydaşlarımız, həmvətənlərimiz əmin-arxayın olsunlar, Qarabağ əbədi Azərbaycandır! Amma eyni zamanda kimsə arxayınlaşmasın: düşmən məkrlidir! Növbəti qurultayımızın Xankəndi və ya Xocalıda keçirilməsini hamılıqla istəyiriksə, onda yola və fəaliyyət davam! Şuşa bizimçün müqəddəs ünvandır, qəlbimizin Kərbəlası, Məkkəsi, Mədinəsidir! Şuşada deyilən söz, kəsilən kəlmə də müqəddəsdir. Şuşadakı Zəfər Qurultayında bütün dünya azərbaycanlılarına ünvanlanan çağırışlar, ismarıclar da həmçinin. Şuşada bir əhd-peyman kəsildi: Azərbaycan dövləti ilə Azərbaycan diasporu arasında: milli maraqlar naminə dayanmadan çalışacağımız, dövlətimizin mənafeyini hər şeydən uca tutacağımızla bağlı. Düzdür, bu dəfə rəsmi sənəd imzalanmadı. Amma dünyanın dörd bir yanından Şuşaya təşrif buyuran azərbaycanlıların və Şuşanın dağıdılmış mədəni irsi qarşısında qurulmuş tribunadan qürurlu, sevgi və sayğı ilə nitq söyləyən, sonda da “Hamı bir yerdə: Qarabağ Azərbaycandır” deyərək, yumruğunu düşmənin başına düyünləyən ali rəhbərin səmimiyyəti de-fakto bu müqavilənin imzalanması demək idi. 15 iyun 2021-ci ildə eyni məkanda qardaş Türkiyəmizlə imzalanmış Müttəfiqlik haqqında Şuşa Bəyannaməsindən sonra daha bir möhtəşəm hadisənin də qürurunu yaşadıq!
Ali Baş Komandanın diaspora nümayəndələrimizə, 60 milyonluq soydaşlarımıza müraciət-çağırışı hərbi çağırış qədər önəm kəsb edir. Hər kəs “post”unda üzərinə düşən vəzifəni icra etməlidir, Vətən, Millət, Dövlət, Qarabağ, Zəngəzur naminə!
Kim üzərinə düşənləri icra etməyəcəksə, o halda hərbi çağırışdan yayınansayağı davranacaq. Odur ki, Vətən, Dövlət, Qarabağ, Zəngəzur amanatı! Allah dövlətimizi və millətimizi qorusun!