22 Noyabr 2024

“Xarıbülbül” musiqi festivalı xoş günlərimizin müjdəsi oldu

Bu gün ömrümüzün Şuşa günüdür,

Bu gün can yerinə Şuşa deyirəm.

Rəşadətli  Ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edildi və Qarabağımız işğaldan azad olundu.  Bununla da doğma Qarabağımız, baş tacımız  olan Şuşa şəhəri illərin əsarətindən xilas edildi. Sevincdən ağlayan gözümüz aydın olsun!

Ali Baş Komandanımız İlham Əliyevin rəhbərlik etdiyi Müzəffər Ordumuzun DƏMİR YUMRUQ  gücü hesabına qazandığı  Şuşa Zəfəri tarixi Zəfər idi.
Şuşamızın azadlığından dərhal sonra, şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarixi və mədəniyyət abidələrinin bərpasına başlanılmış, quruculuq işlərinə böyük diqqət yetirilmişdir. Şuşa –  Azərbaycanımızın mədəniyyət mərkəzidir.

2021-ci il mayın 12-si və 13-də qədim Şuşa şəhərində   illər sonra yenidən  “Xarıbülbül” festivalı düzənləndi. Bu hələ başlanğıc idi. “Xarıbülbül” musiqi festivalı  xoş günlərimizin  müjdəsi oldu. Beləliklə, iyirmi doqquz  ildən sonra qədim mədəniyyət beşiyi olan Şuşa yenə öz övladlarını qarşıladı.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Şuşanın xalqımız üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq bu ilin yanvar ayının  5-də  2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzaladı. Bu sərəncam xalqımızın çox böyük sevincinə səbəb oldu. Beləliklə “Şuşa İli” – Azərbaycan xalqının sevinc və qürur ili oldu.  Dövlət başçımızın  bu qərarı tarixi və mənəvi baxımdan mühüm əhəmiyyətə malikdir. Bu il Şuşa şəhərinin Qarabağ xanı Pənahəli xan tərəfindən əsasının qoyulmasının 270 illik yubileyini təntənəli şəkildə qeyd edilir.

Bildiyimiz kimi, aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirildi. Müşavirədə möhtərəm Prezidentimiz çıxış edərək, qeyd etmişdir:

 “Gələn ay Şuşada “Xarıbülbül” festivalı yenidən keçiriləcək. Keçən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu festivalda Azərbaycanda yaşayan xalqlar öz istedadını nümayiş etdirmişlər. Bu gün isə eyni zamanda, biz dünyanın müxtəlif ölkələrindən folklor kollektivlərini dəvət etmişik. Artıq məndə ilkin məlumat var, vaxtından qabaq anons vermək istəmirəm, amma hesab edirəm ki, çox maraqlı festival olacaqdır.”

          Bu gün  Şuşamız azaddır. Müqəddəs, üçrəngli bayrağımız Qarabağımızda dalğalanır. İndi Azərbaycan gəncliyi olaraq qarşımızda duran ən vacib məsələ, quruculuq işlərində fəal iştirak etmək, dövlətimizə lazımı dəstək göstərməkdir. Qarabağlı  gözəl günlərimiz hələ qarşıdadır…  Eşq olsun Azərbaycanımıza! Qarabağ  Azərbaycandır!

Fidan Nəsirli-YAP Bərdə rayon təşkilatının təbliğat qrupunun üzvü,

 Bərdə rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi.