22 Noyabr 2024

“Xudafərin” və “Qız Qalası” Hidroqovşaqlarının və SES-lərin tikintisi davam etdiriləcək

İranla Azərbaycan arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və istismarı üzrə razılıq əldə olunub.

Bununla əlaqədar İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətində Qız Qalası bəndində Azərbaycan və İranın Birgə Texniki Komissiyası üzvlərinin iştirakı ilə 2-ci iclas keçirilib. “İki sahil” xəbər verir ki, bu barədə İranın Şərqi Azərbaycan vilayəti Regional Su Şirkətinin informasiya portalında məlumat verilib.

İclasda Xudafərin və Qız Qalası elektrik stansiyaları ilə bağlı öncədən razılaşdırılmış sənədlərin icrası, hidroqovşaq və elektrik stansiyalarında işlərin davam etdirilməsi, investisiya və podratçıların müəyyənləşməsi haqqında razılıq əldə olunub.

İşlərin tamamlanması üçün 22 milyon dollardan artıq vəsaitin xərclənməsi və elektrik stansiyalarına dair müqavilənin DB qaydası ilə müəyyənləşməsi haqqında razılıq əldə olunub.

Proqnoz olunur ki, gələn 4 ay ərzində podratçılar müəyyənləşəcək və işlərin icrasına başlanacaq.