Mirzə Cəlilin Tbilisidəki ev-muzeyində kritik vəziyyət, bina daha da qəzalı vəziyyətə düşüb – VİDEOREPORTAJ
Tbilisidə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin ev-muzeyi, daha doğrusu, onun acınacaqlı vəziyyəti mətbuatımızda geniş işıqlandırılıb.
“Report”un Gürcüstan bürosu da bu mövzunu hər zaman diqqətdə saxlayıb və muzey haqqında “Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyi: bina uçub dağılır, eksponatlar yoxa çıxıb” başlıqlı son reportajı 2019-cu ilin aprel ayında oxuculara təqdim olunub.
Materialın dərcindən ötən üç il ərzində ev-muzeyin bərpası məsələsi ölü nöqtədən tərpənməyib. Bu illərdə məkan Azərbaycandan Gürcüstana səfər edən rəsmi şəxslər tərəfindən ziyarət olunub və muzeyin bərpası məsələsinin önəmindən söz açılıb. Hər belə ziyarətdən sonra bərpa prosesində hər hansı bir irəliləyişin olacağına böyük ümidlər yaransa da, iki otaqdan ibarət muzey bu günədək qəzalı və baxımsız halda qalıb.
1998-ci ildə Tbilisinin mərkəzi Mtatsminda rayonu, Besiki küçəsi, 24 ünvanında açılan Mirzə Cəlilin ev-muzeyi “Molla Nəsrəddin”in birinci və sonrakı 300-dən çox nömrəsinin nəşr olunduğu məkan olaraq Azərbaycan üçün böyük dəyərə və əhəmiyyətə malikdir. Muzeyin yerləşdiyi ikimərtəbəli binanın bütünlükdə Cəlil Məmmədquluzadəyə məxsus olması barədə məlumatlar da var. Aprelin 7-də məcmuənin ilk nömrəsinin muzeyin yerləşdiyi binanın zirzəmisində – “Qeyrət” mətbəəsində işıq üzü görməsindən 116 il ötüb.
“Report”un yerli bürosunun əməkdaşları bu günlərdə muzeyi ziyarət ediblər. Məlum olub ki, Mirzə Cəlil ocağı daha da acınacaqlı vəziyyətə düşüb.
Bu il fevralın 13-də Gürcüstanda baş verən və Tbilisidə də hiss olunan 6,2 bal gücündə zəlzələ muzeyin yerləşdiyi və yaşı 200-dən çox olan binanı daha da qəzalı hala salıb. Uzun illərdir əsaslı təmir aparılmayan qədim ev üçüncü dərəcəli qəzalı tikili kimi tanınıb. Bu, binanın deformasiyaya uğramış, uçuq-sökük fasadından da aydın görünür. Güclü zəlzələdən sonra bina daha da qəzalı vəziyyətə düşüb, tikili hər an uçmaq təhlükəsi ilə üz-üzədir.
2019-cu ildən muzeyə nəzarət edən Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov “Report”a müsahibəsində zəlzələdən sonra tikilidə vəziyyətin daha da ağırlaşdığını bildirib. Onun sözlərinə görə, divardakı çatlar daha da dərinləşib, daş parçaları qoparaq döşəməyə düşüb:
“Güclü zəlzələdən sonra vəziyyət daha da gərginləşib. Binada 9 ailə yaşayır. Sakinlər çox narahat və səksəkə içindədirlər ki, bina hər an uça bilər. İkinci mərtəbədə yerləşən mənzillər daha təhlükəli vəziyyətdədir. İlk növbədə, binanın divarları hərtərəfli bərkidilməli, daha sonra təmir işlərinə başlanılmalıdır”.https://www.youtube.com/embed/y9UEHP2M_d8
İ.Novruzov bildirib ki, Tbilisi meriyası binanın divarlarının möhkəmləndirilməsi üçün tələb olunan vəsaitin 97 faizini ödəməyə razılıq verib: “Yerdə qalan 3 faizini isə sakinlər ödəməlidirlər. Bu işlərə tələb olunan xərclər bir neçə il öncə hesablanıb. Lakin təkrar hesablanmaya ehtiyac yaranıb. Belə ki, pandemiya başlayandan proses dayandırılıb. Hazırda inşaat materiallarının qiymətləri dəyişərək artıb və yeni layihə hazırlanmalıdır”.
Şura sədri Azərbaycanın Gürcüstandakı səfirliyinin muzeyin vəziyyəti ilə bağlı məsələni diqqətdə saxladığını qeyd edib. O bu yaxınlarda səfir Faiq Quliyevlə görüşdə muzeyin son vəziyyəti barədə məlumatlar təqdim etdiyini deyib. Səfirlik binada möhkəmləndirmə işlərinin sürətləndirilməsi üçün Gürcüstanın aidiyyəti dövlət qurumları ilə təmasları fəal şəkildə davam etdirir.
İ.Novruzovun sözlərinə görə, ev-muzey Gürcüstanda Azərbaycan mədəniyyətinin bir hissəsidir: “Təəssüflər olsun ki, bu məkan nə mədəniyyətimiz, nə də muzey adına layiqdir. Binanın fasadında Cəlil Məmmədquluzadənin barelyefini görüb muzeylə tanış olmaq istəyən turistlərə tez-tez rast gəlinir. Amma qapı bağlıdır, muzey bərbad vəziyyətdədir, heç bir dəyərli eksponat da qalmayıb. Mədəniyyət evimiz təmir-bərpa edilməli, yaşadılmalı və tanıdılmalıdır. Lakin bu işdə hələ bir addım irəli atılmayıb ”.
Qeyd olunan barelyefin də yenilənməyə ehtiyacı var. Bərpa ilə yanaşı lövhədəki səhv də düzəldilməlidir. Belə ki, C.Məmmədquluzadənin vəfat tarixi 1932-ci il əvəzinə 1931-ci il göstərilib.
Müsahibimizlə söhbət zamanı məlum olur ki, fəaliyyət göstərdiyi ilk illərdə muzeydən bir sıra dəyərli eksponatlar, həmçinin “Qeyrət” mətbəəsinin çap avandanlıqları, məişət əşyaları oğurlanıb. Hazırda mətbəənin vaxtilə yerləşdiyi zirzəmidə bir neçə məişət əşyası qalıb. Oğurluqda muzeydə mühafizəçi kimi çalışan şəxs şübhəli bilinsə də, sübutlar aşkarlanmayıb. Həmin eksponatların metal qırıntılarının qəbulu məntəqəsinə satıldığı bildirilir.
Hazırda muzeyin otaqları, vitrinləri və eksponatları baxımsızlıqdan qalın toz qatı və hörümçək torları ilə örtülüb. Zəlzələdən sonra otaqlarda təmizlik işləri aparmaq belə təhlükəlidir. Ekspozisiya əsasən “Molla Nəsrəddin” jurnalının nüsxələri, müxtəlif fotoşəkillərin surətləri, Cəlil Məmmədquluzadə, Abdulla Şaiq və Nizami Gəncəvinin portretləri, köhnəlmiş tar və kamançadan, məişət əşyalarından ibarətdir.
Sonda bir məqamı mütləq qeyd etmək lazımdır. Besiki küçəsində yerləşən binaların əksəriyyəti istismar müddətlərini çoxdan başa vurub, demək olar, yaşayış üçün təhlükəsiz deyil. Küçənin Cəlil Məmmədquluzadənin ev-muzeyinin yerləşdiyi hissəsində son illərdə bir neçə bədbəxt hadisə yaşanıb. 2020-ci ilin noyabr ayında yaxınlıqdakı köhnə yaşayış evlərinin birində qaz sızmasından güclü partlayış, 2021-ci ilin martında isə başqa bir evdə yanğın baş verib. Üçüncü hadisə – güclü zəlzələ isə bu ilin fevralında olub. Növbəti bədbəxt və ya təbiət hadisəsinə qədər muzeyin bərpası istiqamətində sözdə deyil, əməldə addım atılmalıdır. Əks halda, bina Mirzə Cəlil ocağı ilə birgə bərpa gününə qədər ömrünü başa vuraraq tarixə qovuşa bilər. Gələn il muzeyin fəaliyyətə başlamasından 25 il ötəcək. Mədəniyyət ocağına bu əlamətdar tarixə qədər yeni həyatın bəxş ediləcəyi ümidi ilə…