22 Noyabr 2024

Tarixi abidələrimizi qorumaq bizim borcumuzdur

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür!

YUNESKO-nun Abidələrin Mühafizəsi Məsələləri üzrə Beynəlxalq Şurasının qərarı ilə 1982-ci ildən etibarən hər il aprelin 18-i dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur.

Tarix və mədəniyyət abidələrimiz xalqımızın minilliklər boyu bu torpaqlarda yaşadığını sübut edən, maddi və mənəvi həyatımızın, tariximizin daşlaşmış yadigarları və onların min illər, əsrlər boyu formalaşdığını, təşəkkül tapdığını təsdiq edən yeganə mənbələrdir. Nəsillər bir-birini əvəz etdiyində bu daş abidələr danışmağa, tarixi gələcəyə ötürməyə başlayır. Azərbaycan xalqının mədəni irsi kimi abidələr minilliklərin sənətkarlıq xüsusiyyətlərini, təfəkkür və düşüncə tərzini, dövrün mədəni mühitini bu günə daşıdığı üçün həm də bəşər mədəniyyətinin ayrılmaz bir hissəsi kimi beynəlxalq əhəmiyyət kəsb edir və mədəniyyət tariximizin öyrənilməsində mühüm mənbələrdən sayılır.

Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın tarixinin öyrənilməsi, tarixi-mədəni irsinin qorunub saxlanılması sahəsində mühüm işlər görülmüşdür. “Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir”, – deyən Ulu Öndərin rəhbərliyi ilə bu sahədə dövlət siyasətini həyata keçirmək üçün zəngin qanunvericilik bazası yaradılmışdır.

Məhz bu gün də tarixi abidələrimizin bərpası, qorunması, tədqiqi və təbliği sahəsində mühüm işlər həyata keçirilir. Son illər tarix və mədəniyyət abidələrimizin bərpasına diqqət və qayğı artırılmış, dünya əhəmiyyətli abidələrin bir neçəsi YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına salınmışdır. Ölkə Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunan “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nda tarixi abidələrin qorunması, bərpası, öyrənilməsi və təbliği üzrə konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Odlar yurdu Azərbaycanın, o cümlədən dünyanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan min illərin tarixini yaşadan qədim yaşayış yerləri baxımından səyyahları, alimləri, tədqiqatçıları özünə cəlb edən bir məkan kimi tanınmışdır. Burada mövcud olan mağaralar, qalalar, qədim yaşayış yerləri, qayaüstü rəsmlər, daş qoç heykəllər və türbələr bu torpaqda tarixin və mədəniyyətin qədimliyini göstərir. Gəmiqaya abidəsi Naxçıvanın ilkin yaşayış məskəni olmasını elmi və tarixi əsaslarla təsdiq etməklə xalqımızın ən qədim dövr incəsənətinin, mənəvi və maddi-mədəniyyət nümunələrini bu günə daşıyan əvəzsiz tarixi abidədir. Gəmiqaya daşları üzərində həkk olunmuş müxtəlif kompozisiyalı təsvirlər, həndəsi işarələr, piktoqrafik yazılar əcdadlarımızın dünyagörüşünün və təsəvvürlərinin, yaşam tərzinin tariximizin minilliklərin dərinliyindən bu günə çatdırılması baxımından dəyərli mənbələrdir. Naxçıvan ərazisində mövcud olan Qazma mağarası, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, Kilit mağarası, I və II Kültəpə, Xarabagilan, Quyulu dağ, Qarabağlar Türbə Kompleksi, Möminə xatın, Yusif Küseyiroğlu və Gülüstan türbələri, Əlincə qalası, Qızılburun, Qızqala, Ovçular təpəsi, Oğlanqala, Xələc, Naxçıvanqala, tarixi təbiət abidələrindən Haçadağ, Duzdağ, Batabat, Babək qalası, Dəvəboynu və yüzlərlə başqa abidələr keçmişimizi bu günə daşıyan tarixi yaddaşımızdır.

Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət abidələrinin qorunması, təbliği və tədqiqi istiqamətində başlanan ardıcıl tədbirlər öz bəhrəsini verməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il aprelin 26-da imzaladığı “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” Sərəncamından sonra Gəmiqaya rəsmləri elmi əsaslarla öyrənilmiş, bu mövzuda onlarla elmi məqalə və kitablar yazılmışdır. 2005-ci ildə Gəmiqaya abidəsinə beynəlxalq ekspedisiya təşkil edilmiş, Gəmiqaya ətrafındakı arxeoloji abidələrdə tədqiqatlar aparılaraq etnoqrafik, folklor və onomastik materiallar toplanmışdır. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamı isə muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin tədqiqində yeni mərhələnin başlanğıcını qoymuşdur. 2006-2016-cı illərdə muxtar respublikada 1200-dən çox abidə qeydə alınaraq pasportlaşdırılmışdır.

Abidələrə, xalqın, torpağın canlı yaddaşı sayılan tarixi-mədəni incilərə diqqət muxtar respublikamızda onların bərpası istiqamətində də həyata keçirilir. Son illər Möminə xatın türbəsi konservasiya edilmiş, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində yenidənqurma işləri aparılmış, Yusif Küseyiroğlu və Nuh türbələri, imamzadələr, muxtar respublika ərazisindəki buzxana abidələri, “Came” məscidi, Zaviyə mədrəsəsi, İsmayılxan hamamı, Xan Sarayı, Culfa rayonundakı Xanəgah Abidə Kompleksi, Ordubad rayonundakı Aza körpüsü, Qeysəriyyə, Naxçıvanqala və digər tarixi abidələr əsaslı bərpa olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı ildə “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü abidəsinin bərpa edilməsi haqqında”, 2010-cu ildə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması haqqında”, 2011-ci ildə “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin yaradılması haqqında”, 2013-cü ildə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında”, 2014-cü ildə “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında”, 2015-ci ildə “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında”, 2016-cı ildə “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” imzaladığı sərəncamlar tarixi-mədəni irsimizin öyrənilməsi, qorunması, tədqiqi və təbliği baxımından mühüm əhəmiyyətə malik olan dövlət sənədləridir. Ümumiyyətlə, son illərdə muxtar respublikada 60-dan çox tarix və mədəniyyət abidəsi əsaslı təmir və bərpa olunmuşdur. 2016-cı il bu sahədə xüsusilə əlamətdar olmuşdur. Azərbaycan xalqının əyilməzlik rəmzi olan Əlincəqalada, Azərbaycan memarlığının əvəzsiz nümunələrindən sayılan Gülüstan türbəsində, Şərur rayonunun Xanlıqlar kəndindəki Parçı imamzadəsində, XII-XIV əsrlərə aid Qarabağlar Türbə Kompleksində, Şərur rayonunun Yengicə kəndində XVIII-XIX əsrlərə aid hamamda bərpa işləri aparılmışdır.

Müasir dövrdə abidələr həm də turizm potensialının artmasına xidmət edir. Bu gün Naxçıvan tarixi abidələr və görməli yerlər üzrə səyahət turizminin ən ideal məkanlarından biridir. Naxçıvana səfər edən hər bir qonaq buradan xoş təəssüratlarla ayrılır. Onlar müasirlik və qədimliyin vəhdəti olan Naxçıvana yenidən qayıtmaq istəklərini dilə gətirirlər. Muxtar respublikada tarixi abidələrin tədqiqi və beynəlxalq miqyasda təbliği istiqamətində həyata keçirilən ardıcıl tədbirlər sayəsində Naxçıvan dünyada ilkin yaşayış məskənlərindən biri kimi qəbul edilir. 1996-cı ildə “Uluslararası qaynaqlarda Naxçıvan”, 2009-cu ildə “Nuh Peyğəmbər, Dünya tufanı və Naxçıvan”, 2011-ci ildə “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, 2012-ci ildə “Naxçıvan: ilkin şəhər və Duzdağ”, 2016-cı ildə “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzularında beynəlxalq simpoziumların və konfransların keçirilməsi bu mənada mühüm əhəmiyyətə malikdir. Atılan hər addım, görülən hər iş bizə miras olanları qorumaq yolunda böyük əhəmiyyət daşıyır. Bir sözlə, abidələr əzəmətli memarlıq zənginliyi ilə yanaşı, qədim tariximizin, möhtəşəm dövlətçilik ənənələrimizin, yüksək mədəniyyətimizin göstəricisidir. Onlara sahib çıxmaqsa bizim borcumuzdur.

Sevinc Səbzəliyeva, 
Naxçıvan Dövlət Xalça Muzeyinin baş elmi işçisi