22 Noyabr 2024

Maliyyə Nazirliyi büdcə təşkilatlarına müraciət edib

“Mühasibat uçotu haqqında” qanuna əsasən, dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri, orta sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar mühasiblər olmalıdırlar.

Bu barədə Maliyyə Nazirliyinin büdcə təşkilatlarına müraciətində bildirilir.

Qurum bəyan edib ki, Nazirlər Kabinetinin 25 oktyabr 2018-ci il tarixli qərarına əsasən, mərkəzləşdirilmiş xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasibləri bu ilin sonuna qədər, yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasibləri isə gələn ilin sonuna qədər peşəkar mühasib sertifikatı əldə etməlidirlər. Nazirlər Kabinetinin 22 may 2019-cu il qərarına əsasən, sertifikatının verilməsi üçün imtahanları Dövlət İmtahan Mərkəzi keçirir.

İnzibati Xətalar Məcəlləsinə əsasən, peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə bu vəzifənin icrasının həvalə edilməsinə görə vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb ediləcək.